Bakıda ictimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik pulsuz keçid gəlir

"Azərbaycanda ictimai nəqliyyatda gündəlik, aylıq və illik paketlərin tətbiqi, həmçinin 90 dəqiqəlik pulsuz transfer sisteminin yaradılması əslində uzun illərdir gözlənilən və dünyanın bir çox inkişaf etmiş şəhərlərində uğurla işləyən modeldir. Bu sistem düzgün qurularsa, həm sərnişinlərin cibinə ciddi qənaət edəcək, həm də şəxsi avtomobildən istifadənin azalmasına səbəb olacaq". Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev səsləndirdi.
Onun sözlərinə görə, xüsusilə Bakı kimi sıxlıq problemi yaşayan şəhərdə bu addım nəqliyyat sistemində real dönüş nöqtəsinə çevrilə bilər:
"Hazırda sərnişinlərin ən böyük problemlərindən biri bir marşrutdan digərinə keçərkən hər dəfə ayrıca ödəniş etməsidir. Məsələn bir nəfər evdən çıxıb metroya, daha sonra avtobusa minirsə, hər keçid üçün ayrıca ödəniş edir. Yeni sistemdə isə 90 dəqiqə ərzində ikinci və ya üçüncü nəqliyyata əlavə ödənişsiz keçid imkanı insanların həm vaxtına, həm də büdcəsinə böyük rahatlıq gətirəcək. Bu xüsusilə tələbələr, gündəlik işə gedib-gələnlər və aşağı gəlirli ailələr üçün çox ciddi üstünlükdür. Digər vacib məqam gündəlik, aylıq və illik paketlərin düzgün qiymətləndirilməsidir. Əgər qiymətlər sərnişin üçün sərfəli olmazsa, insanlar yenə əvvəlki sistemə üstünlük verəcək".
Müsahibimiz qeyd etdi ki, paketlərin əsas məqsədi insanları ictimai nəqliyyatdan daha çox istifadə etməyə təşviq etmək olmalıdır:
"Məsələn gündəlik limitsiz paket elə qiymətdə olmalıdır ki, gün ərzində 3-4 dəfə nəqliyyatdan istifadə edən şəxs üçün sərf etsin. Aylıq paket isə xüsusilə hər gün işə və ya universitetə gedən insanlar üçün ayrıca üstünlük yaratmalıdır. Dünyanın bir çox ölkəsində aylıq paketlər elə hesablanır ki, sərnişin təxminən 15-20 günlük gedişhaqqı ödəyib bütün ay istifadə edə bilir. Bu yanaşma həm insanları ictimai nəqliyyata yönəldir, həm də sistemə stabil gəlir qazandırır. İllik paketlər isə ən böyük endirimi təqdim etməlidir. Çünki illik ödəniş edən sərnişin artıq sistemin daimi istifadəçisinə çevrilir. Məsələn, illik paket aylıq ödənişlərdən daha sərfəli hesablanarsa, insanlar əvvəlcədən ödəniş edib uzun müddətli istifadəni seçəcək. Bu da dövlət və daşıyıcı qurumlar üçün gəlirlərin daha planlı idarə olunmasına kömək edəcək. Bu sistemin digər böyük üstünlüyü isə tıxacların azalmasına təsir edə bilməsidir".
.jpg)
Onun sözlərinə görə, insanlar görsə ki, ictimai nəqliyyat həm rahatdır, həm də büdcəyə uyğundur, şəxsi avtomobildən istifadə müəyyən qədər azalacaq:
"Bu isə şəhərdə həm sıxlığı, həm parklanma problemini, həm də havanın çirklənməsini azaltmağa kömək edə bilər. Amma burada ən vacib məsələ təkcə bilet sistemi deyil. Əgər avtobus gecikir, metro həddindən artıq sıx olur və marşrut əlaqələri zəif qalırsa, insanlar ucuz paket olsa belə yenə narazı olacaq. Yəni tarif yeniliyi ilə paralel olaraq avtobus sayı, interval, xüsusi avtobus zolaqları və ümumi xidmət keyfiyyəti də inkişaf etdirilməlidir. Ümumilikdə bu addım düzgün tətbiq olunarsa, Azərbaycan ictimai nəqliyyat sistemində son illərin ən böyük və ən faydalı islahatlarından birinə çevrilə bilər. Xüsusilə 90 dəqiqəlik pulsuz transfer sistemi və sərfəli paket modeli həm vətəndaş rahatlığı, həm şəhər mobilliyi, həm də iqtisadi baxımdan çox müsbət nəticələr verə bilər".
Sürücüləri bezdirən çuxurlar - 12 ildir unudulan yol - VİDEO
Bu tarixdə Bakıya intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək
Gənclərdə qəfil ürək dayanmasının səbəbi nədir? - ARAŞDIRMA
Gənclər tıxaclara qalib gəlirlər - Bakıda nəqliyyat inqilabı - FOTO
Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 2300 AZN-dək
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Daha bir ölkəyə quru yolla gedə biləcəyik: ucuz qiymətə! – Əhaliyə MÜJDƏ
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
Sığortada sürpriz dəyişiklik: Sürücüləri nələr gözləyir?








