Bina sakinlərinin bitməyən dərdləri - Həyət evində bunlar yoxdur

Şəhərdə mənzil qiymətlərinin artması və yeni tikili binaların sayının çoxalması ilə çoxmərtəbəli binalarda yaşayanların sayı da artır. Lakin rahatlıq və komfort vəd edən bu yaşayış forması bir çox hallarda qonşu problemləri, səs-küy, ümumi istifadə sahələri və digər məişət narahatlıqları ilə müşayiət olunur. Yeni tikili binaların sakinlərinin yaratdığı "WhatsApp" qruplarında hər gün müxtəlif şikayətlərin paylaşılması artıq adi hala çevrilib. Kimisi gecə saatlarında aparılan təmir işlərindən, kimisi uşaqların səsindən, kimisi isə sanitar şaxtalar vasitəsilə mənzillərə yayılan qoxulardan narazılıq edir.
Bəs həyət evində yaşamağın üstünlükləri nələrdir?
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, daşınmaz əmlak mütəxəssislərinin fikrincə, fərdi yaşayış evləri sakinlərə daha sərbəst və rahat həyat tərzi təqdim edir.
Ən böyük üstünlüklərdən biri səs-küy probleminin minimum səviyyədə olmasıdır. Mənzildə yaşayanlar tez-tez yuxarı mərtəbədən gələn ayaq səsləri, gecə mebel sürüklənməsi, yüksək səslə musiqi və ya təmir işləri ilə üzləşirlər. Həyət evində isə bu cür problemlər demək olar ki, yaşanmır.
Digər mühüm üstünlük məxfiliyin qorunmasıdır. Mənzil sakinləri hər gün lift, blok və giriş qapısı kimi ümumi sahələrdən istifadə etdikləri üçün qonşularla daha sıx təmasda olurlar. Fərdi evdə isə insan öz şəxsi məkanına daha rahat sahib olur.
Mütəxəssislər bildirirlər ki, həyət evi yaşayanlara əlavə istifadə imkanları da yaradır. Həyətdə avtomobili rahat saxlamaq, uşaqlar üçün oyun sahəsi yaratmaq, meyvə ağacları və ya tərəvəz yetişdirmək, ailəvi istirahət guşəsi qurmaq mümkündür. Mənzildə yaşayanlar isə bu imkanlardan məhrum qalırlar.
Fərdi evlərin üstünlüklərindən biri də ümumi kommunal qaydalardan asılılığın olmamasıdır. Çoxmərtəbəli binalarda liftin xarab olması, blokun təmiz saxlanılmaması, park yeri üstündə mübahisələr, zibilin vaxtında daşınmaması kimi problemlər tez-tez müzakirə olunur. Həyət evində isə bu məsələlərin əksəriyyətinə ev sahibi özü nəzarət edir.
Binalarda sakinlərin ən çox narazı qaldığı məsələlərdən biri də ventilyasiya və sanitar şaxtaları ilə bağlıdır. Bəzi hallarda hamam və tualetdə çəkilən siqaretin qoxusu və ya yemək iyi eyni şaxta vasitəsilə digər mənzillərə yayılır. Bu da qonşular arasında narazılıqlara səbəb olur.
Bundan başqa, mənzillərdə yuxarı mərtəbədən su sızması, kanalizasiya xətlərində nasazlıq, ümumi borularda qəza kimi problemlər də digər sakinlərə təsir edə bilir. Həyət evlərində isə kommunikasiya xətləri əsasən bir evə xidmət etdiyi üçün risk daha məhdud olur.
Psixoloqlar da hesab edirlər ki, şəxsi həyətdə daha çox vaxt keçirmək, açıq havada istirahət etmək və ya bağçılıqla məşğul olmaq insanların stres səviyyəsinin azalmasına müsbət təsir göstərir. Xüsusilə uşaqlı ailələr üçün həyətin olması onların daha təhlükəsiz və sərbəst oyun oynamasına şərait yaradır.
Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, həyət evinin də müəyyən çətinlikləri var. Həyətin təmizliyi, yaşıllığa qulluq, dam və hasarın təmiri, təhlükəsizlik məsələləri tam şəkildə ev sahibinin məsuliyyətində olur. Buna baxmayaraq, daha sakit mühit, şəxsi məkan və sərbəst yaşayış imkanları səbəbindən son illərdə fərdi yaşayış evlərinə marağın artdığı bildirilir.
Son illər qardaş ölkə Türkiyədə baş verən zəlzələlərdən sonra çoxmərtəbəli binalarda yaşayanların narahatlığı da artıb. Mütəxəssislər qeyd edirlər ki, tikinti normalarına uyğun inşa edilmiş binalar zəlzələyə davamlı hesab olunsa da, psixoloji baxımdan bir çox insan fərdi yaşayış evində özünü daha təhlükəsiz hiss edir. Bu səbəbdən zəlzələ qorxusu da son illərdə həyət evlərinə marağı artıran amillərdən biri kimi göstərilir.
Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Tıxacların uzunluğu rekord həddə çatdı - Fransada yandırıcı istilər
Bakıda kuryerlərin əsas problemi; sifariş çatdırmalıdırlar, lakin… - VİDEO
Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Ekspert açıqladı - VİDEO
Xaricdə işləyən azərbaycanlıların pensiyası BELƏ HESABLANACAQ - VİDEO
İstidən ən çox bu şəxslər ölür - ÜST-dən həyəcan təbili
Bakıda itkin düşən bacı-qardaş tapıldı - Valideyni işgəncə verirmiş
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Hava proqnozu dəyişib
Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər
Günün qəhrəmanlarının - FOTOLARI
Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır










