Dəniz suyu evlərə neçəyə gələcək? – TARİFLƏRLƏ BAĞLI AÇIQLAMA

Dəniz suyunun duzsuzlaşdırılması layihəsinin əhaliyə təsir edib-etməyəcəyi dövlətin subsidiya siyasətindən və uzunmüddətli müqavilə şərtlərinin şəffaflığından asılıdır.
Avtosfer.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Ajans.az-a açıqlamasında duzsuzlaşdırma üsulunun iqtisadi cəhətdən sərfəli olub-olmamasını qiymətləndirərkən alternativ su mənbələrinin mövcudluğu da əsas götürülməli olduğu barədə danışıb.
İqtisadçının sözlərinə görə, əgər suyu çaylardan, su anbarlarından və yeraltı mənbələrdən daha aşağı xərclə əldə etmək mümkündürsə, həmin mənbələr iqtisadi baxımdan üstün ola bilər: "Ancaq bu mənbələr əhalinin və iqtisadiyyatın tələbatını ödəmirsə, yaxud iqlim dəyişiklikləri səbəbindən onların etibarlılığı azalırsa, dəniz suyunun duzsuzlaşdırılması strateji əhəmiyyət qazanır. Dünya Bankının materiallarında da göstərilir ki, müasir tərs osmos texnologiyası ilə duzsuzlaşdırmanın xərcləri azalıb və bəzi şəraitlərdə ənənəvi su mənbələrinin emalı ilə rəqabət apara bilir".
A.Nəsirlinin sözlərinə görə, suyun maya dəyəri baxımından isə duzsuzlaşdırma, bir qayda olaraq, adi şirin suyun təmizlənməsindən daha bahalıdır: "Çünki dəniz suyundakı duzları ayırmaq üçün yüksək təzyiqli nasoslar, xüsusi membranlar və böyük həcmdə elektrik enerjisi tələb olunur. Bundan əlavə, membranların vaxtaşırı dəyişdirilməsi, avadanlıqların saxlanması, duzlu qalıqların idarə olunması və istehsal edilən suyun paylayıcı şəbəkəyə çatdırılması da xərc yaradır. Müasir dəniz suyu duzsuzlaşdırma zavodlarında istehsal xərcləri şəraitdən asılı olaraq bir kubmetr üçün təxminən 0,5 dollar və ya daha yüksək səviyyədə ola bilər. Lakin bu göstəricini Sumqayıtda tikilməsi nəzərdə tutulan zavodun gələcək maya dəyəri kimi qəbul etmək olmaz. Bunun üçün konkret layihənin enerji tarifi, investisiya xərcləri, istismar şərtləri və suyun nəqli xərcləri məlum olmalıdır".
Layihənin əhali üçün su tariflərinə təsirinə gəlincə, ekspertin fikrincə, burada dövlət-özəl tərəfdaşlığı modelinin şərtləri xüsusi əhəmiyyət daşıyır. Rəsmi məlumata görə, layihənin ümumi investisiya dəyəri 418 milyon dollar təşkil edir. Asiya İnfrastruktur və İnvestisiya Bankının təsdiqlədiyi 45 milyon dollar isə layihənin bütün maliyyələşdirmə məbləği deyil, onun bir hissəsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi istehsal edilən suyun alıcısı olacaq və tərəflər arasında 25 illik müqavilə imzalanıb. Maliyyə Nazirliyi də istismar dövründə Agentliyin ödəniş öhdəlikləri üçün təminat mexanizmi təqdim edir.
"Bu modeldə əsas məsələ dövlətin istehsalçı şirkətdən suyu hansı qiymətə alacağı və həmin qiymətin əhaliyə tətbiq edilən tariflərlə necə əlaqələndiriləcəyidir. Əgər dövlətin suyu alması üçün ödəyəcəyi məbləğ mövcud mənbələrdən alınan suyun maya dəyərindən yüksək olarsa, fərqin hansı hissəsinin dövlət büdcəsi hesabına qarşılanacağı, hansı hissəsinin isə tariflərə təsir edəcəyi aydınlaşdırılmalıdır. Dövlət bu fərqi subsidiya ilə kompensasiya edə bilər. Əks halda, uzunmüddətli müqavilə üzrə ödəniş öhdəlikləri büdcəyə əlavə yük yarada bilər", -deyə sədr vurğulayıb.
A,Nəsirli bildirib ki, layihə su qıtlığının iqtisadiyyata vurduğu zərəri azalda, əhalinin və müəssisələrin su təchizatında fasilələrin qarşısını almağa kömək edə bilər: "Su çatışmazlığı kənd təsərrüfatına, sənayeyə və xidmət sektoruna zərər vurursa, daha etibarlı su mənbəyinin yaradılması əlavə xərcə baxmayaraq iqtisadi baxımdan faydalı ola bilər. Buna görə də layihəni yalnız bir kubmetr suyun maya dəyəri ilə deyil, təminatın etibarlılığı və su çatışmazlığının qarşısının alınması nəticəsində əldə edilən iqtisadi fayda ilə birlikdə qiymətləndirmək lazımdır. Mənim fikrimcə, bu layihənin əhali üçün tarifləri mütləq artıracağını və ya azaldacağını indidən söyləmək mümkün deyil. Tariflərə təsir suyun alqı-satqı müqaviləsinin şərtlərindən, zavodun faktiki maya dəyərindən, enerji xərclərindən və dövlətin subsidiya siyasətindən asılı olacaq. Əgər layihə yüksək maya dəyəri ilə işləsə və bu xərc büdcədən kompensasiya edilməsə, tariflərin artırılması üçün təzyiq yarana bilər. Əksinə, dövlət maliyyə yükünü öz üzərinə götürərsə və layihə su təchizatının ümumi səmərəliliyini artırarsa, əhali üçün tariflərin dəyişməməsi də mümkündür".
"Ən vacib məqam layihənin maliyyə şərtlərinin, bir kubmetr suyun gözlənilən satış qiymətinin və dövlətin üzərinə götürdüyü uzunmüddətli öhdəliklərin şəffaf olmasıdır. Bu məlumatlar açıqlanmadan layihənin əhali və dövlət büdcəsi üçün yekun iqtisadi nəticəsini dəqiq qiymətləndirmək çətindir",- deyə ekspert sonda əlavə edib.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












