Əhali üçün mühüm proqnoz verildi – Pensiyalara da təsir edə bilər

Dünyada doğum səviyyəsinin sürətlə azalması bəşəriyyətin gələcəyi ilə bağlı yeni suallar yaradıb. İqtisadçıların hesablamalarına görə, 2026-cı il dünya üzrə doğumların əhalinin sadə təkrar istehsalı üçün tələb olunan həddən aşağı düşdüyü ilk il ola bilər. BMT dünya əhalisinin hələ 2080-ci illərə qədər artacağını proqnozlaşdırsa da, yeni araşdırma əhalinin pik həddinə daha tez çata biləcəyini göstərir. Bu tendensiya davam edərsə, əmək bazarı, pensiya sistemi və iqtisadi artımla yanaşı, ailə modeli də ciddi dəyişikliklərlə üzləşə bilər.
Əhalinin qocalması və gələcəkdə azalması Azərbaycan kimi ölkələrə necə təsir göstərə bilər? Doğum səviyyəsini artırmaq üçün dövlət hansı addımları atmalıdır?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, dünya əhalisinin artım templərinə nəzər saldıqda, bu göstəricilərin azaldığı aydın görünür:
“Ümumi statistik rəqəmlərdə yüksəliş olsa da, artım dinamikası zəifləyir. Hətta 2050-ci illə bağlı proqnozlar da kifayət qədər bədbindir. Ümumdünya Əhali Fondu və BMT-nin bu sahədə ixtisaslaşmış digər qurumlarının hesabatlarında dünya üzrə əhali artımının kəskin şəkildə azalacağı bildirilir. Azərbaycanla bağlı da bu istiqamətdə həyəcan təbilinin çalındığını görürük. 2050-ci ilə qədər ölkədə təbii artım templərinin kəskin şəkildə azalacağı, hətta növbəti bir neçə onillik ərzində bu göstəricinin dəyişməz qalacağı ilə bağlı proqnozlar var. Bu isə doğum səviyyəsinin azalmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir”.
Deputat bildirib ki, təbii artım templərinin zəifləməsi və əhalinin təkrar istehsalının aşağı düşməsi ciddi problemlərə yol açacaq:
“Bu, əmək bazarı, pensiya təminatı, sosial müavinətlər və digər sahələrdə mənfi təsirini göstərə bilər. Nəticədə dövlətin sosial siyasətinin həyata keçirilməsində də müəyyən çətinliklərin yaranma ehtimalı var. Məsələn, bu gün Avropa ölkələrində əhalinin qocalması sürətlə gedir və bu səbəbdən “qocalan Avropa” ifadəsi geniş istifadə olunur. Bununla yanaşı, sürətlə inkişaf edən Afrika və Asiya ölkələrində doğum templəri kifayət qədər yüksəkdir. Bu, dünya miqyasında müəyyən balans yaratsa da, ümumi statistik göstəricilərdə əhali artımının azalması tendensiyası davam edir. Ayrı-ayrı ölkələrə, xüsusilə Çin, Hindistan və digər dövlətlərə nəzər saldıqda isə demoqrafik vəziyyətin onların xeyrinə dəyişəcəyini də proqnozlaşdırmaq mümkündür”.
A.Allahverənov qeyd edib ki, Azərbaycan üçün əsas məsələ doğum səviyyəsinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlıdır:
“Beynəlxalq təcrübə göstərir ki, bunun üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Buraya sosial təminatın gücləndirilməsi, iqtisadi mexanizmlərin işə salınması, yaşayış şəraitinin yaxşılaşdırılması və çoxuşaqlı ailələrin dəstəklənməsi kimi tədbirlər daxildir. Eyni zamanda, ailə modelində də ciddi transformasiyalar müşahidə olunur. Əvvəllər ənənəvi olaraq 3-5 uşaqlı ailələr daha çox olduğu halda, bu gün əsasən bir, maksimum iki uşaqla kifayətlənirlər. Bu dəyişiklik yalnız iqtisadi amillərlə bağlı deyil. Mental davranış, dəyərlər sisteminin transformasiyası, həyat tərzinin dəyişməsi, təhsil və digər xərclərin artması da ailələrin uşaq sahibi olmaqla bağlı qərarlarına təsir göstərir. Dünyada qiymət artımının və yaşayış xərclərinin yüksəlməsinin də bu prosesə təsirini nəzərə almaq lazımdır.
Hesab edirəm ki, bu məsələ kompleks şəkildə tədqiq olunmalı və dərindən araşdırılmalıdır. Konkret olaraq burada bir yol xəritəsi hazırlanmalıdır. Hazırda dövlət səviyyəsində insan kapitalı ilə bağlı müxtəlif proqramlar həyata keçirilir və ciddi hədəflər müəyyənləşdirilir. Lakin demoqrafik vəziyyət də milli məsələ kimi daha uzunmüddətli hədəfləri əhatə edən ayrıca bir mexanizmin yaradılmasını zəruri edir. Məsələ dərindən araşdırıldıqda və əsas amillər müəyyənləşdirildikdə, doğum səviyyəsinə mane olan amillərin aradan qaldırılması, prosesə müsbət təsir edən amillərin isə gücləndirilməsi üçün konkret mexanizmlər yaratmaq mümkün olacaq”.
Qeyd edək ki, iqtisadçıların fikrincə, əhalinin təkrar istehsalının aşağı düşməsi gələcəkdə pensiya sisteminə də ciddi təsir göstərə bilər. Belə ki, əmək qabiliyyətli insanların sayının azalması sosial sığorta ödənişlərinin həcmini azalda, yaşlı əhalinin payının artması isə pensiya xərclərini yüksəldə bilər. Nəticədə pensiya sisteminin maliyyə dayanıqlığının qorunması daha böyük çağırışa çevrilə bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












