Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI

Azərbaycanda son illər insanların gündəlik həyatında ən çox müzakirə olunan məsələlərdən biri işləmələrinə baxmayaraq, maddi vəziyyətlərini yaxşılaşdıra bilməmələridir. Bir çox vətəndaş gün ərzində saatlarla çalışır, lakin ayın sonuna doğru qazancının böyük hissəsini ərzağa, kirayə haqqına, kommunal xidmətlərə, nəqliyyata və digər zəruri ehtiyaclara sərf edir.
Xüsusilə gəlirləri məhdud olan ailələr üçün qiymət artımları fonunda dolanışığı təmin etmək, övladların təhsil və sağlamlıq xərclərini qarşılamaq, gələcək üçün pul yığmaq getdikcə daha ciddi problemə çevrilir. Belə bir şəraitdə insanları düşündürən əsas sual budur: Azərbaycanda insanlar niyə işlədikcə maddi baxımdan irəli getmək əvəzinə, bəzən daha çox iqtisadi çətinliklərlə üzləşirlər? Əməkhaqlarının alıcılıq qabiliyyəti, gəlir və xərclər arasındakı fərq, mənzil bazarındakı vəziyyət, məşğulluğun keyfiyyəti və sosial təminat imkanları bu sualın cavabında hansı rol oynayır?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda əməkhaqlarının artımı ilə yaşayış xərclərinin yüksəlməsi arasında birbaşa və avtomatik əlaqə yoxdur. Əməkhaqları əsasən əmək bazarında tələb və təklif, iş yerlərinin sayı və mütəxəssislərə olan ehtiyac əsasında formalaşır. Yaşayış xərclərinə isə istehsal və daşınma xərcləri, eləcə də digər iqtisadi amillər təsir göstərir.
“Əməkhaqları əmək bazarında formalaşır. Yaranan iş yerlərinin sayı, həmin iş yerləri üzrə mütəxəssislərə olan tələbat və onların tələbləri əməkhaqqının müəyyənləşməsinə təsir edir. Yaşayış xərcləri isə istehsal qiymətlərindən, daşınma xərclərindən və digər amillərdən asılıdır. Yəni belə bir əlaqə yoxdur ki, yaşayış xərcləri artanda işəgötürən də işçinin əməkhaqqını artırmalıdır. Minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı hökumət yaşayış xərclərini nəzərə alır. Lakin minimum əməkhaqqı ilə real yaşayış xərcləri arasında daimi və tam uyğunluq yoxdur. Bəzi hallarda qiymətlər daha sürətlə arta, əməkhaqqı isə dəyişməz qala bilər. Bu isə insanların alıcılıq qabiliyyətinin azalmasına və maddi vəziyyətlərinin pisləşməsinə səbəb olur”.
Xalid Kərimli nominal əməkhaqqının artımı ilə real gəlirin artımının fərqli anlayışlar olduğunu vurğulayıb. Onun sözlərinə görə, inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyəti zəifləyir. Əgər əməkhaqqı inflyasiya səviyyəsində artmırsa, işçinin real gəliri azalır:

“İnflyasiya təxminən 5,7 faizdirsə və sizin əməkhaqqınız həmin səviyyədə artmayıbsa, deməli, alıcılıq qabiliyyətiniz orta hesabla 5,7 faiz aşağı düşüb. Başqa sözlə, nominal maaşınız dəyişməsə belə, əvvəlki məbləğlə daha az məhsul və xidmət ala bilirsiniz. İnflyasiyanın bütün əhali qruplarına təsiri eyni deyil. Orta inflyasiya göstəricisi ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə qiymət dəyişikliklərini ümumiləşdirsə də, hər bir insanın gündəlik xərcləri fərqli olduğundan onun üzləşdiyi real bahalaşma da dəyişə bilər.
Məsələn, müəyyən ərzaq məhsulunun qiyməti 30 faiz artarsa və həmin məhsul ailənin büdcəsində böyük yer tutarsa, bu bahalaşma həmin ailənin maddi vəziyyətinə daha ciddi təsir göstərə bilər. Beləliklə, orta inflyasiya göstəricisi 5,7 faiz olsa da, ayrı-ayrı məhsulların qiymətindəki artım bəzi vətəndaşların xərclərini daha çox yüksəldə bilər. İnflyasiya hamı üçün eyni qiymət göstəricisi ilə hesablanır, amma onun təsiri fərqlidir. Məsələn, bir milyon manat qazanan şəxsin yeməyə çəkdiyi xərc 10 min manatdan 10 min 500 manata yüksələrsə, əlavə 500 manat onun ümumi gəlirində çox kiçik pay təşkil edir. Amma 500 manat gəliri olan insanın xərcləri 5 manat artarsa, bu, gəlirinin 1 faizi deməkdir. Aşağı gəlirli insanlar üçün qiymət artımları daha ciddi təsir göstərir”.
Politoloq Ülviyyə Zülfüqarlının fikrincə, insanların daha çox işləməsinə baxmayaraq, bəzən maddi rifahlarının gözlənilən səviyyədə yüksəlməməsi müasir dünyanın üzləşdiyi mürəkkəb sosial-iqtisadi çağırışlardan biridir.

“Bu məsələyə yalnız əməkhaqqı və qiymət artımı kontekstində yanaşmaq doğru olmazdı. Qlobal iqtisadi proseslər, geosiyasi qarşıdurmalar, beynəlxalq ticarət əlaqələrində yaranan qeyri-müəyyənliklər və enerji bazarlarındakı dəyişikliklər ayrı-ayrı ölkələrin daxili iqtisadi mühitinə də təsir göstərir.
Xüsusilə son illərdə dünyada baş verən böhranlar göstərir ki, hətta iqtisadi potensialı yüksək olan dövlətlər də xarici amillərin yaratdığı təzyiqlərdən tam sığortalana bilmirlər. Qlobal inflyasiya və xidmətlərin dəyərindəki dəyişikliklər cəmiyyətin müxtəlif təbəqələrinə təsir edir. Bu baxımdan insanların real gəlirlərinin qorunması artıq təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və sosial təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.
Məsələnin digər mühüm tərəfi dövlətlərin iqtisadi inkişafla sosial tarazlıq arasında balans yaratmaq üçün həyata keçirdiyi tədbirlərdir. Müasir dövlətlər bir tərəfdən iqtisadi fəallığı və investisiya mühitini qorumağa, digər tərəfdən isə sosial müdafiə mexanizmlərini təkmilləşdirməyə çalışırlar.
Təbii ki, qlobal iqtisadi proseslərin təsirini qısa müddətdə tam aradan qaldırmaq həmişə mümkün olmur. Həyata keçirilən tədbirlərin nəticələrinin cəmiyyətin gündəlik həyatında hiss edilməsi də müəyyən zaman tələb edə bilər. Burada mühüm olan sosial siyasətin uzunmüddətli iqtisadi dayanıqlılıqla uzlaşdırılmasıdır. Çünki cəmiyyətlərin güclü olması, məşğulluğun qorunması və insanların gələcəyə iqtisadi inamının möhkəmlənməsi yalnız sosial rifah deyil, bütövlükdə ictimai-siyasi sabitlik baxımından da mühüm əhəmiyyət daşıyır”.
Türkan Ülvi
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?












