Plastik qablardan istifadə niyə təhlükəlidir? - Mütəxəssis AÇIQLADI

Sosial 10 Aprel 2026 12:11
Plastik qablardan istifadə niyə təhlükəlidir? - Mütəxəssis AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Plastik qablar müasir həyatda qida saxlanması və daşınması üçün ən geniş istifadə olunan vasitələrdən biridir. Onların yüngül, ucuz və praktik olması gündəlik istifadədə üstünlük qazandırsa da, sağlamlıq baxımından müəyyən müzakirələr və narahatlıqlar da mövcuddur. Xüsusilə uzunmüddətli istifadə, yüksək temperaturla təmas və keyfiyyətsiz material seçimi bu qabların təhlükəsizliyi ilə bağlı suallar yaradır. İnsanlar çox vaxt rahatlığa üstünlük verərək plastik qabların tərkibi, istifadəsi və saxlanma şəraiti kimi vacib məqamları nəzərə almır. Bu isə həm qidanın keyfiyyətinə, həm də insan sağlamlığına potensial təsirlər baxımından diqqət tələb edən bir mövzuya çevrilir.

Məsələ ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a açıqlamasında bildirib ki, əslində plastik qablardan istifadə tam olaraq təhlükəli sayılmır. Amma bu qablar qida üçün nəzərdə tutulubsa, müəyyən risklər mövcuddur:

“Plastik qablardan mütəmadi istifadə zamanı qidanın tərkibində müxtəlif kimyəvi maddələrin yaranmasına şərait yarana bilər. Digər bir məsələ isə ondan ibarətdir ki, plastik qablardan istifadə olunsa belə, həmin qablarda mikrodalğalı və ya yüksək temperatur verən sobalardan istifadə qəti qadağandır. Bu cür istifadə qidanın keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Həmçinin, əgər plastik qablar cızılmış, zədələnmiş və ya deşilmişdirsə, bu zaman həmin qabdan qidaya müxtəlif maddələrin keçməsi mümkündür. Bu təsir həm fiziki, həm də kimyəvi formada özünü göstərə bilər. Bundan əlavə, qida ilə təmasda olan digər plastik vasitələr, məsələn, kəsici lövhələr də düzgün istifadə olunmalıdır. Ət, balıq və toyuq məhsullarının bu cür səthlərdə kəsilməsi zamanı gigiyenik qaydalara əməl olunmazsa, bu da insan sağlamlığı üçün risk yarada bilər. Plastik qabların təyinatına uyğun istifadəsi də mühüm əhəmiyyət daşıyır. Məsələn, su və ya digər mayelər üçün nəzərdə tutulmuş plastik qablar üzərində göstərilən temperatur və saxlanma şərtlərinə uyğun istifadə edilməlidir. Bu qablar günəş şüası altında və ya uyğun olmayan şəraitdə saxlanıldıqda tərkibindəki kimyəvi maddələrin qidaya keçməsi ehtimalı artır. Eyni zamanda plastik qabların üzərində olan xüsusi işarələr və rəqəmlər onların istifadə təyinatını göstərir. Bu göstəricilər nəzərə alınmadan istifadə edildikdə qidanın saxlanması zamanı problemlər yarana bilər. Xüsusilə ət, balıq və toyuq kimi məhsulların plastik qablarda saxlanması zamanı düzgün temperatur rejiminə əməl olunmalıdır. Bu məhsullar dondurucuda müəyyən müddət saxlanıla bilər, lakin onları dəfələrlə dondurub-əridərək yenidən dondurmaq qida təhlükəsizliyinə ciddi zərər verə bilər. Bu isə nəticə etibarilə insan sağlamlığı üçün risk yaradır”.
Nurcan Babək

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh