Psixoloqların seans qiymətləri niyə yüksəkdir? - Ekspertlər AÇIQLADI

Psixoloji xidmətlər son illərdə cəmiyyətdə daha çox diqqət çəkən və ehtiyac duyulan sahələrdən birinə çevrilib. İnsanlar stress, narahatlıq, münasibət problemləri və digər psixoloji çətinliklər yaşadıqları üçün psixoloqlara müraciət edənlərin sayı artır. Buna görə də psixoloq seanslarının təşkili, keyfiyyəti və qiyməti tez-tez müzakirə olunur.
Bu gün demək olar ki, istənilən qiymətə psixoloq tapmaq mümkündür. Bəzi mütəxəssislərin seans qiymətləri münasib və daha əlçatan olduğu halda, digərlərinin xidmət haqqı xeyli yüksək olur. Hətta elə psixoloqlar var ki, onların bir seans üçün tələb etdiyi məbləğ 300, 400, 500 AZN və ya daha çox ola bilər. Bu da cəmiyyətdə psixoloji xidmətlərin qiymətləri ilə bağlı maraq və müzakirələrin yaranmasına səbəb olur. Bu səbəbdən psixoloji xidmətlərin inkişafı, keyfiyyəti və insanlar üçün əlçatan olması cəmiyyət üçün vacib məsələlərdən biri hesab olunur.
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumilikdə hesabladıqda, psixoloqun bir seansdan qazandığı məbləğin təxminən üçd-biri onun özünə çatır:

“Psixoloqlar əsasən özəl klinikalarda və ya özəl psixoloji mərkəzlərdə çalışırlar. Özəl psixoloji mərkəzlərdə qiymətlər müəyyən edilərkən çox vaxt qazanc 50/50 prinsipi ilə bölünür. Bəzi klinikalarda isə fərqli şərtlər olur. Məsələn, klinika yalnız otaq üçün icarə tələb edir və deyir ki, gəlirin 70 faizi psixoloqa, 30 faizi isə klinikaya qalmalıdır. Bundan əlavə, psixoloq həmin 30 faizdən ayrıca vergi də ödəməli olur. Azərbaycan reallığında psixoloqa müraciət edən insanlar bəzən bir dəfə ödəniş etdikdən sonra 24 saat ərzində də yenidən əlaqə saxlayırlar. Bu hallarda fərdi xüsusiyyətlər və empatiya çox böyük rol oynayır. Xüsusilə kognitiv-davranış terapiyası ilə işləyən psixoloqlar müxtəlif riskli vəziyyətlərlə də üzləşə bilirlər. Bəzən gecə saatlarında belə müraciətlər olur. Hətta elə hallar yaşanıb ki, gecə saat üçdə bir pasiyentin ailə üzvləri zəng edib təcili kömək istəyiblər və bildiriblər ki, onu sakitləşdirə bilmirlər. Bu kimi hallar psixoloji xidmətlərin məsuliyyətini və çətinliyini göstərir. Ona görə də xidmətlərin qiyməti bəzən bu amillərə görə dəyişə bilir. Sadə konsultasiya bir qiymətə ola bilər, lakin daha mürəkkəb prosedurlara keçildikdə qiymət də fərqli olur. Məsələn, psixodiaqnostika və ya psixoanaliz zamanı mütəxəssis insanı dərindən analiz etməli olur. Bu proses qısa müddətdə baş vermir. Ən azı bir neçə görüşdən sonra insanın psixoloji vəziyyəti haqqında daha dolğun nəticə əldə etmək mümkün olur. Bu baxımdan qiymətlərin dəyişməsi müəyyən qədər ola bilir. Bununla yanaşı, hər psixoloqun empatiya qurmaq bacarığı və pasiyentlə işləmə üsulu da fərqli olur”.
Sosioloq Naib Niftəliyev isə deyib ki, psixoloqların əməyinin dəyəri heç də aşağı deyil, amma bunun xidmət qarşılığının şişirdilmiş qiymət olması doğru hesab edilmir:

“Təbii ki, psixologiyada bahalı xidmətlər müəyyən mərhələlərdə effektiv ola bilər. Amma reklam nəticəsində öz qiymətini qaldıran, belə desək, süni şəkildə 1 saatlıq seansı yüksək məbləğə qədər yüksəldən psixoloqlar da var. Düşünürəm ki, bu məsələlər həm hüquqi, həm maddi, həm də siyasi-sosioloji baxımdan ciddi şəkildə araşdırılmalıdır. Yəni bəzi xidmətlər çərçivəsində müəyyən məbləğlər tələb etmək olar. Məsələn, əgər 500 manatlıq xidmət göstərilirsə və onun vergisi də ödənilirsə, bu zaman onun real xidmət olub-olmaması da araşdırılmalıdır. Əks halda, bu xidmətin adı sadəcə soyğunçuluq kimi qiymətləndirilə bilər. Elə xidmətlər də var ki, onları bəzən təmənnasız şəkildə həyata keçirmək mümkündür. Bir seansın qiymətinin yüksək məbləğdə olması, məsələn 300-500 AZN isə kifayət qədər şişirdilmiş və böyük bir məbləğdir. Belə qiymət bəzən insanı problemdən xilas etmək əvəzinə daha çox stresə sala bilər. Ola bilər ki, bəzi insanların maddi imkanı var və onlar bu qədər yüksək xidmət haqqını ödəyə bilirlər. Amma insanların böyük əksəriyyətinin büdcəsində belə bir imkan yoxdur. İstənilən halda, gəlir qazanmaq normaldır və insan öz əməyini yüksək dəyərləndirməlidir”.
Nurcan Babək
Azərbaycanda bu şəxslərin maaşı artırılır
Neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ - 215 dollara ...
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - AÇIQLAMA - VİDEO
Otuz mindən çox insanın əziyyət çəkdiyi yol - Müraciətə baxan yoxdur - VİDEO
Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir
Televizordan 20 dəfə çox enerji sərf edir - Bu iki cihaz sayğacı "uçurdur"
Rayonlarda pensiyalar bu tarixdə veriləcək
Qlobal ərzaq qiymətlərində yeni artım siqnalı
"Kart sisteminə tam keçid olmadan nəqliyyatda güzəşt tətbiq etmək çətindir” - Ekspert
Dövlət agentliyi işə qəbul müsabiqəsi elan etdi; bu şəxslər müraciət edə bilər
Rəsmi qurumlar ipoteka ilə bağlı birgə məlumat yaydı










