Səs-küy, tüstü, kabab iyi - Sakinləri bezdirən kimlərdir?

“Şadlıq evi adi ictimai obyekt deyil. Burada yüksək səsli musiqi, bas tezlikləri, insan sıxlığı və gecə saatlarında kütləvi səs-küy var. Əgər belə bir obyekt yaşayış binasının yaxınlığında yerləşirsə və akustik izolyasiyası yoxdursa, bu artıq həmin ərazilərdə yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında inşaat eksperti Muxtar Ərturan bildirib.
Onun sözlərinə görə, bir çox obyektdə səs izolyasiyasına formal yanaşılır:
“Sadəcə divarı qalınlaşdırmaqla məsələ həll olunmur. Səs həm də qapı, pəncərə, tavan, döşəmə və ventilyasiya kanallarından yayılır. Xüsusilə bas səslər vibrasiya kimi ətrafa ötürülür. Şadlıq sarayları layihələndirilərkən yalnız zalın bəzəyi yox, onun ətraf mühitə təsiri də hesablanmalıdır. Səs izolyasiyası “şikayət olanda baxarıq” prinsipi ilə həll edilə bilməz. Bu, şəhərsalma və ictimai rahatlıq problemidir. Yaşayış binalarına yaxın fəaliyyət göstərən şadlıq evlərində akustik layihə və real səs ölçümü məcburi olmalıdır”.
Ekspert vurğulayıb ki, kağız üzərində “izolyasiya var” demək kifayət deyil. M.Ərturan deyib ki, səs ölçülməli və normanı aşırsa, obyekt ya texniki cəhətdən yenidən qurulmalı, ya da fəaliyyətinə məhdudiyyət qoyulmalıdır:
“Daimi səs-küy insanın yuxusuna, psixologiyasına, qocalara və uşaqlara birbaşa mənfi təsir göstərir. Bunu “toy səsidir, keçər” deyib üstündən keçmək olmaz. Şadlıq evlərində adi divar və pəncərə həlli yaramır; burada mineral yun, vibrasiya ayırıcıları, akustik qapılar və ikiqat gips-karton kimi çoxqatlı sistemlər birgə işləməlidir”.

Ekspertin fikrincə, şadlıq evinin səsi mənzillərə çatırsa, deməli, layihə səhv qurulub və ya istismar qaydaları pozulur:
“Sahibkarlıq vacibdir, amma bu, sakinlərin rahatlığı və sağlamlığı hesabına aparılmamalıdır. İnsan öz evində gecə saatlarında səs terroru yaşamamalıdır. Əks halda, bu, həm memarlıq qüsuru, həm də ciddi ictimai məsuliyyətsizlikdir”.
Hüquqşunas Ramil Süleymanovun sözlərinə görə, obyektlərdə maksimal izolyasiya şəraiti təmin edilməlidir. Yaşayış binalarının kafe, restoran və şadlıq evləri ilə yaxınlığı vətəndaşlar arasında haqlı narazılıq yaradır və onların istirahət hüququnun pozulmasına səbəb olur:
“Sözsüz ki, iaşə obyektlərinin yaratdığı tüstü, antisanitar vəziyyət və səs kirliliyi vətəndaşları narahat etməməlidir. Bunun üçün həmin obyektlərdə maksimal izolyasiya şəraiti təmin edilməlidir”.
O bildirib ki, vətəndaşlar bu problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ərazi idarələrinə yazılı (məktubla) və ya elektron qaydada müraciət edə bilərlər:
“Xüsusi cihazlarla aparılan ani yoxlama zamanı səs ucalığının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş normadan artıq olduğu aşkar edilərsə, həmin iaşə obyektini işlədən fiziki, vəzifəli və ya hüquqi şəxs barəsində protokol tərtib olunur və müvafiq qərar qəbul edilir. Eyni zamanda, atmosferə buraxılan və insan sağlamlığına zərər vuran tüstünün miqdarı da xüsusi aparatlarla ölçülür, qayda pozuntusu aşkarlandıqda protokol tərtib edilərək intizam tənbehi tədbirləri görülür”.
R.Süleymanov qeyd edib ki, əgər vətəndaşların şikayətlərinə dövlət qurumları tərəfindən baxılmazsa, sakinlər həmin qurumların hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət etmək hüququna malikdirlər.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












