Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək - Təhsildə yenilik

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bu şəxslərə arayış Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) üzərindən elektron sənəd formasında təqdim ediləcək.
Təhsilin yarımçıq qalmasına səbəb olan hallar arasında təhsilini könüllü dayandırma, dərs məşğələlərində iştirak etməmək, yekun attestasiyada və ya qiymətləndirmədə iştirak etməmək, tələb olunan kreditləri toplamamaq, qeyri-müvəffəq nəticə göstərmək, eləcə də təhsil müəssisəsindən xaric olunma kimi hallar yer alır. Arayışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə edilə biləcək. EHİS üzərindən təqdim olunan məlumatlar rəsmi sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malik olacaq. Görəsən, elektron arayışlar hansı problemləri həll edəcək?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a bildirib ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, təhsilini yarımçıq saxlayan şəxslər qəbul və təhsil məlumatlarını artıq elektron qaydada əldə edə bilmək imkanı qazanacaq: “Təhsilini müxtəlif səbəblərdən dayandıran vətəndaşlarımız olur. Bəziləri illik təhsil haqqını ödəyə bilmədiklərinə, bəziləri isə qəbul olduqdan sonra müntəzəm şəkildə dərslərdə iştirak edə bilmədiklərinə görə, yəni davamiyyət problemi yarandığı üçün təhsilini dayandırır. Digər hallarda isə akademik göstəricilər olduqca aşağı olur, kifayət qədər kəsirləri yaranır ki, bu da onların növbəti kurslarda təhsillərini davam etdirməsinə mane olur. Bu səbəbdən həmin şəxslərin təhsili müəyyən bir müddətə akademik borclanma və ya zəif göstəricilər səbəbilə dayandırılır ki, sonradan yenidən bərpa edə bilsinlər. Belə hallarda isə onlar hansı ildə və hansı universitetə qəbul olunduqlarını araşdırmaq üçün uzun müddət vaxt itirirdilər. Lakin hazırda Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təhsili yarımçıq qalan şəxslər üçün yeni imkan yaradılıb ki, onlar bu məlumatları elektron qaydada əldə edə bilsinlər”.
Ekspert deyib ki, bu qərar təhsilini bərpa etmək istəyən şəxslər üçün əlçatanlığı təmin edən və prosesi xeyli asanlaşdıran mühüm bir addımdır: “Nazirlər Kabinetinin 7 yanvar 2026-cı il tarixli qərarında buna rəsmi icazə verilib. Bu icazəyə əsasən, bundan sonra təhsilini yarımçıq saxlamış vətəndaşlarımız qəbul olduqları il, oxuduqları universitet və digər zəruri sənədləri toplamaq üçün uzun müddət vaxt itirməyəcəklər. Elektron arayış əldə etməklə bu proses daha çevik və operativ şəkildə həyata keçiriləcək, bərpa prosesi isə xeyli sürətlənəcək. Elektron qaydada arayışın verilməsi məhz bu kimi problemlərin aradan qaldırılmasına xidmət edir. Elektron arayışların rəsmi sənəd kimi tanınmasına gəldikdə isə tələbə bərpa üçün müraciət etdikdə və məlumatlar müvafiq elektron sistemə daxil edildikdə, şəxs haqqında bütün məlumatlar avtomatik şəkildə sistemdə əks olunacaq. Buraya onun hansı ildə qəbul olması, hansı universitetdə təhsil alması, neçə dəfə kəsirinin olması, hansı fənlərdən akademik borcu yarandığı və ümumiyyətlə, təhsilin hansı səbəbdən yarımçıq qalması ilə bağlı bütün məlumatlar daxil olacaq. Bu məlumatların elektron bazada mövcud olması universitetlərə də imkan verəcək ki, bərpa ilə bağlı müraciət edən şəxslər haqqında informasiyanı dərhal müvafiq platforma üzərindən rahat şəkildə əldə etsinlər. Arayışın verilmə qaydası da Nazirlər Kabinetinin müvafiq qərarında ətraflı şəkildə öz əksini tapıb. Burada təhsilalma forması və digər bütün detallar aydın şəkildə göstərilib”.
Nurcan Babək
"Nə işə, nə də evə vaxtında çatırıq, çox çətin vəziyyətdəyik" - Xırdalanda nəqliyyat xaosu - VİDEO
Kiminsə evinə gizli kamera quraşdırmaq məsuliyyət yaradır – HÜQUQŞÜNAS
Metroda qiymətlər dəyişəcək? - AÇIQLAMA
Qara Qarayev prospektində həll olunmayan yol problemi - ŞİKAYƏT - FOTO - VİDEO
“... Sosial vəziyyət getdikcə daha da ağırlaşacaq” - DEPUTATDAN ÇAĞIRIŞ
Günün günorta çağı küçə işıqları yanır – GÖRƏSƏN İSRAFIN SƏBƏBİ NƏDİR? - FOTO
Əhaliyə taksilərlə bağlı pis xəbər – Bu, quraşdırılmayacaq
Azərbaycanda “kənd toyuğu” görünüşü verilən toyuqlar satılır – MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ
Milli cizgi filmləri uşaqlar üçün niyə önəmlidir? - Psixoloqdan AÇIQLAMA
Azərbaycan xalqı yeni ilə necə girdi: nələr qazanıldı, nələr itirildi? – EKSPERT RƏYİ
Qəzetlər də bahalaşdı











