Vətəndaşlar ailə problemlərinin həllində niyə ikinci, üçüncü şəxsə üz tuturlar? – Ekspert RƏYİ

Sosial 19 Fevral 2026 18:00
Vətəndaşlar ailə problemlərinin həllində niyə ikinci, üçüncü şəxsə üz tuturlar? – Ekspert RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər bir ailədə çətinliklər və problemlər zaman-zaman ortaya çıxır. Ailə daxili mübahisələr, anlaşılmazlıqlar və gündəlik çətinliklər normaldır amma bu problemlərin necə həll olunması və kiminlə bölüşülməsi ailə münasibətlərinin sağlam qalmasında böyük rol oynayır. Müasir cəmiyyətdə insanlar ailə problemlərini paylaşmaq üçün fərqli yollar seçirlər. Bəziləri yaxın dost və ya qohumlarla, bəziləri isə mütəxəssislərlə məsləhətləşir. Doğru insanla bölüşmək problemlərin həllinə kömək edə bilər, amma yanlış şəxslərlə paylaşmaq ailə münasibətlərinə mənfi təsir göstərə bilər.

Psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, ailədə yaranan problemlərə ikinci, üçüncü şəxslərin qarışmasına göz yummaq yaxşı nəticələr vermir:

“Apardığım psixoloji araşdırmalara və müraciət edən insanlara görə bunu əminliklə deyə bilərəm ki, dostdan, tanışdan və ailə daxilində olan problemlərin müzakirəyə çevrilməsi gələcək mübahisələrin başlanğıcı deməkdir. Çünki bu, gələcəkdə mübahisələrə səbəb olacaq. Ailə daxilindəki problemlərini nə qədər özündə saxlayırsan, onu bir başa idarə etmiş olursan. O zaman isə həmin sirrin əsiri olursan ki, artıq ailədəki problemlərini dostdan, tanışdan, qohumdan bölüşürsən. Təbii ki, hazırda peşəkar psixoloqlar da var. Söhbət peşəkər psixoloqdan gedir ki, ailələrin davamlı və daha möhkəm olmasına zəmin yarada bilsin. Əks halda, qohumlarla bölüşdüyün sirrin əsiri olaraq o sözün arxasınca daim, bir ömür boyu stress, təşviş və təlaş içində yaşaya bilərsən. Ona görə də, çox yaxşı olardı ki, insanlar əvvəlcə öz problemlərini bir neçə gün rahat şəkildə düşünsünlər. Qeyri-müəyyənliyə düşdükləri zaman isə peşəkara müraciət edib problemlərini həll etsinlər. Çünki qohumlar, dostlar və qonşular arasında paylaşılan sirrlərin və problemlərin fəsadlarını artıq görürük ki, bu da ailədə boşanmaya qədər gətirib çıxara biləcək nəticələrə səbəb ola bilər”.

Sosioloq Naib Niftəliyev isə deyib ki, problemin həlli üçün ailə məsələlərinin müzakirəsi vacibdir:
“Müasir cəmiyyətdə insanlar ailə problemlərini geniş müzakirə edir və bunun üçün mütəxəssislərə müraciət edirlər. Bu, həm müsbət, həm mənfi tərəflərə malikdir. İnsanlar fikirləşirlər ki, problemlərini müzakirə etdikcə daha çox həll etmək imkanı qazanır. Amma çox vaxt müzakirələrin yersiz və həddən artıq olması problemləri dərinləşdirir və ailə böhranını yaxınlaşdıran səbəblərdən biri kimi çıxış edir. Risklər bəllidir. Ənənələrə münasibətdə çox şey dəyişməyib, amma dəyişən odur ki, sosial şəbəkələr vasitəsilə ailəyə aid olanı gizlətmək deyil, paylaşmaq meyli artıb. İnsanlar sirr olan məsələləri artıq ailədə də qorumaq əvəzinə paylaşmağa meyllidirlər. Sirr olmayan, bağlıq olmayan, qapalı olmayan mühitdə ailə münasibətləri zəifləyir, kənar müdaxilə imkanları artır və ailə üzvləri zəif tərəfə çevrilir. Bu baxımdan ailə dəyərlərini qoruyub saxlamaq, onları möhkəmləndirmək, problemləri etik normalar çərçivəsində həll etmək əsas hədəf olmalıdır. Hər bir ailədə çətinlik, problem və ya müəyyən ortaq məhrəm anılar var ki, onlar paylaşılmamalıdır. Ailə dəyərləri, münasibətlər və daxili normalar bir qədər qapalı qalarsa daha yaxşıdır”.
Nurcan Babək

Oxunub 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh