Bakı metrosuna müasir qatarlar gətirilib
“Bakı Metropoliteni” QSC ilə “Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC arasında müqavilə imzalanıb. Avtosfer.az-ın verdiyi xəbərə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında qeyd olunur. Məlumata görə, hər biri 5 vaqondan ibarət qatar müasir texnologiyaların ən son nailiyyətlərinə söykənir: “İstismar müddəti 31 il olan “81-765/766” modelli qatarlar iki baş və üç aralıq vaqondan ibarətdir və texniki innovasiyalar baxımından bu qatarlar 4-cü nəslə mənsubdur. Müqavilənin icrası 2018-ci il ərzində nəzərdə tutulub”.
Qeyd edək ki, “Moskva” adı verilmiş bu hərəkət tərkiblərinin istehsalına 2017-ci ildən başlanılıb və həmin qatarlar Moskva metropoliteni xətlərində hərəkət edir. Yeni vaqonların əsas üstünlüklərindən biri, qapıların əvvəlki modellərə nəzərən daha geniş olmasıdır. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm-dir. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Bu mənada, qapıların açılıb-bağlanarkən yeni tipli işıqsiqnallı xəbərdarlıq sistemi ilə təchiz olunmasını da qeyd etmək lazımdır.
Ümumən, yeni vaqonlar bir çox innovativ üstünlükləri ilə də seçilir. Vaqon konstruksiyasında müasir asinxron dartı ötürücüsündən istifadə olunub, bu da qatarın əvvəlki nəsil analoqları ilə müqayisədə, daha etibarlı, ekoloji cəhətdən daha təmiz olmasını, daha keyfiyyətli səs və istilik izolyasiyasını təmin edir, istismar xərclərinin azalmasına səbəb olur. Bu mənada, məhz bu qatar üçün səsboğucu konstruksiyalı yeni alçaq gərginlikli təkər cütlərinin hazırlanmasını da qeyd etmək lazımdır. Bu da hərəkət edən qatarın səsinin kifayət qədər azalmasına təsir edir.
Onu da əlavə edək ki, yeni texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət edilməsi də mümkün olacaq. Yeni qatarların sərnişin salonlarında kondisionerləşdirmə, havalandırma və mikroiqlim nəzarəti sistemi var. Bu xüsusda, daha etibarlı və uzunömürlü diodlu işıqlanma sistemi salonun mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Döşəməsi yeni kompozit materiallardan hazırlanıb, bu da vaqonun çəkisinin azaldılmasına kömək edir.
Baş vaqonlarda arabalar, hətta velosipedlər üçün yer də ayrılıb. Bundan başqa, sərnişin salonu daha da təkmilləşdirilib və əvvəlki modellə müqayisədə, 15 faiz genişləndirilib, oturacaqları və tutacaqları sərnişinlər üçün daha münasib edilib və artırılıb. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri də yeniliklərlə zənginləşdirilib. 2015-ci ildə Bakı metropoliteninə gətirilmiş yeni tipli qatarlar kimi, bu hərəkət tərkiblərində də vaqonlar arasında keçid var.
1967-ci ildən “Metrovaqonmaş” ASC Bakı metropoliteninin vaqon təchizatında əsas tərəfdaşıdır. Bakı metropoliteninə 2015-ci ildə gətirilmiş “81-760.B/761.B/763.B” modelli vaqonlar da “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi olan Fransanın “Alstom” şirkətilə əməkdaşlıq şəraitində bu müəssisədə istehsal olunmuşdu.