İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ

Dünyaca məşhur sahibkar və texnologiya mütəxəssisi İlon Mask Ümumdünya İqtisadi Forumunda bildirib ki, ilin sonuna və ya gələn il hər bir insandan daha ağıllı süni intellekt əldə edəcəyik, sonra isə beş il ərzində o bütün bəşəriyyətdən daha ağıllı olacaq. Bu proqnoz cəmiyyətdə geniş narahatlıq doğurub və süni intellektin təkcə texnoloji deyil, həm də hüquqi və psixoloji aspektlərinin müzakirəsinə səbəb olub.

Məsələ ilə bağlı İnformasiya Təhlükəsizliyi mütəxəssisi Elvin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, proqnozun reallığı elmi dairələrdə bu həm mümkün bir gələcək, həm də ciddi bir texnoloji şişirtmə kimi qiymətləndirilir:
"İnsandan ağıllı süni intellekt dedikdə, yalnız məlumatları sürətlə emal edən deyil, həm də insanın sahib olduğu abstrakt düşünmə, yaradıcılıq, emosional zəka və mürəkkəb problemləri heç bir öncədən hazırlıq olmadan həll etmə bacarığına malik bir sistem nəzərdə tutulur. Hazırkı süni intellekt modelləri dar süni intellektdir. Yəni onlar yalnız öyrədildikləri sahələrdə güclüdürlər. Maskın bəhs etdiyi səviyyə isə sistemin hər hansı bir intellektual tapşırığı insan səviyyəsində və ya ondan daha üstün icra edə bilməsidir. Bu nöqtədən sonra super intellekt mərhələsi başlayır ki, burada sistem bəşəriyyətin kollektiv zəkasını geridə qoyaraq öz-özünü təkmilləşdirməyə başlayır. Hesablama gücünün eksponental artımı və proqram təminatındakı sıçrayışlar Maskın təxminini dəstəkləyir. Digər tərəfdən isə, bir çox alimlər iddia edirlər ki, süni intellekt hələ də şüur və məntiqi mühakimədən məhrumdur və sadəcə ehtimallar üzərindən işləyən statistik bir maşındır. İlon Maskın bu cür iddialı tarixlər verməsi çox vaxt həm investisiya cəlb etmək, həm də bu sahədəki tənzimləmələrin sürətləndirilməsi üçün diqqət çəkmək məqsədi daşıyır. Yəni, texniki tərəqqi danılmazdır, lakin 1-5 il kimi qısa müddətdə tam insan zəkasını əvəz edəcək bir sistemin yaranması elmi baxımdan hələ də mübahisəlidir".

Psixoloq Aygül Məlikovanın fikrincə, ən önəmli məsələ insan psixikasının özündən daha ağıllı bir varlıqla yaşamağa hələ tam hazır olmamasıdır:
"İnsan uzun əsrlərdir özünü ən ağıllı varlıq kimi qəbul edib. Bu inam yalnız rasional üstünlük deyil, həm də kimlik dayağıdır. İnsan öz dəyərini düşünə bilmək, qərar vermək və nəzarətdə olmaq üzərindən qurub. Özündən daha ağıllı bir varlığın mövcudluğu isə bu dayaqları sarsıda bilər. İnsan üçün təhlükənin ən böyüyü fiziki deyil, idarəni itirmək hissidir. Daha ağıllı bir varlıq qərarları bizdən daha doğru verərsə, insan özünü artıq lazım olmayan hiss edə bilər. "Əgər o məndən ağıllıdırsa, mənim yerim nədir?" sualı depressiv və ekzistensial boşluq yarada bilər. İnsan beyninin təməl mexanizmi təhlükəni öncədən sezməkdir. Tam anlamadığımız və bizdən üstün bir zəkaya güvənmək psixoloji olaraq çətindir. Amma insan çox adaptivdir. Tarix boyu hər böyük dəyişiklik əvvəl qorxu, sonra isə uyğunlaşma yaradıb. Süni intellektlə də belə olacaq. İlk mərhələdə təşviş, müqavimət, idealizasiya və demonizasiya olacaq, sonra isə münasibət formalaşacaq".

Hüquqşünas Kamandar Hüseynov isə insandan ağıllı sistemin insan hüquqları üçün təhlükəsi məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, süni intellektin tətbiqi insan hüquqlarına birbaşa təsir göstərə biləcək:
"Ümumilikdə, süni intellektin inkişafının insan hüquqlarına təsir dairəsi artıq neçə ildir ki, beynəlxalq ictimaiyyətin maraq dairəsindədir və daha çox rəqəmsal hüquqlar adı altında şərh olunur. Süni intellekt texnologiyaları fərdi məlumatların məxfiliyi, alqoritmik qərəzlilik, ayrı-seçkilik və insan ləyaqəti kimi əsas hüquqlara ciddi təsir göstərir. Süni intellekt sahəsində insan hüquqlarının qorunması, çətinliklərin aradan qaldırılması və hüquqi tənzimləmə Hüquq və İnsan Haqları İnstitutu kimi qurumların da diqqət mərkəzindədir. Bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyası hazırlanaraq təsdiq olunmuşdur. Həmin Avropa standartlarına bütün üzv dövlətlərin riayət etməsi zəruridir, habelə Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsi vacibdir".
Nurcan Babək
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR











