Süni intellektlə düzəldilən şəkillər orijinaldan necə fərqlənir? – İT mütəxəssis AÇIQLADI

Texnologiya 31 Mart 2026 13:41
Süni intellektlə düzəldilən şəkillər orijinaldan necə fərqlənir? – İT mütəxəssis AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Süni intellekt texnologiyaları son illərdə sürətlə inkişaf edərək həyatımızın bir çox sahəsinə daxil olub. Bu texnologiyalar artıq təkcə məlumatların emalı və analizində deyil, həm də vizual məzmunun yaradılmasında geniş istifadə olunur.
Süni intellektin sürətlə inkişafı nəticəsində artıq çox real görünən şəkillər yaratmaq mümkün olub. Bu isə insanların bu cür şəkilləri həqiqi fotolardan ayırmasını çətinləşdirir.

Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşlar bir neçə məqama diqqət yetirərək süni intellektlə hazırlanan şəkilləri reallarından ayırd edə bilərlər:

“Artıq elə səviyyəyə gəlib ki, bəzən ilk baxışda fərqi hətta mütəxəssis belə dərhal görə bilmir. Amma diqqət etsək, bəzi ipuclarından seçim edə bilərik. Birinci diqqət ediləcək hissə süni intellekt şəkillərdə ən çox xırda şeylərdə səhv edə bilir. Məsələn, barmaq sayı və ya forması qeyri-təbii ola bilər, qulaqlar və dişlər qəribə görünə bilər, eynək və ya aksesuarlar simmetrik olmaya bilər. Bəzən fondakı yazılar oxunmaz və ya mənasız ola bilir. İkinci məqam işıq və kölgəyə diqqət etmək olar. Süni intellektlə düzələn şəkillərdə isə bəzən işıq bir neçə istiqamətdən gəlirmiş kimi görünür və kölgələr uyğunsuz olur. Bu, diqqətlə baxanda hiss olunur. Üçüncü məsələ həddindən artıq ideal görüntüdür. Bu şəkillər çox vaxt həddindən artıq təmiz, qüsursuz və reallıqdan bir az artıq gözəl görünür. Fon çox ideal, hər şey sanki filtrdən keçmiş kimi olur. Bu da şübhə yaradan siqnaldır. Dördüncü vacib məqam mənbədir. Şəkil haradan gəlib? Rəsmi xəbər saytı, tanınmış media, yoxsa sadəcə sosial şəbəkədə anonim paylaşım? Əgər şəkil yalnız bir mənbədədirsə və başqa etibarlı platformalarda yoxdur, bu artıq sual doğurmalıdır. Texniki olaraq isə bu gün süni intellektlə hazırlanmış şəkilləri analiz edən alətlər də var. Amma onlar da 100% dəqiqliklə nəticə vermir. Çünki süni intellekt texnologiyası sürətlə inkişaf edir və hər yeni versiya daha real nəticə yaradır”.
Nurcan Babək

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh