Banner

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür

Yazarlar 12 Dekabr 2024 00:01 Oxunub 584
12 dekabr  - Ümummilli lider Heydər Əliyevin anım günüdür
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2003-cü ilin yaz ayları idi. Mən onda hələ məktəbin 1-ci sinfində oxuyurdum. Məhəllə yoldaşlarımla oynayıb evə gəldim. Babamın yanına oturanda gördüm ki, çox diqqətlə hansısa konsertə baxır. Soruşanda dedi ki, “konsert deyil, "Naxçıvanski" akademiyasının ad günüdür”. O vaxt babamın dediyi “akademiya”nın nə işə yaradığından belə xəbərsiz idim. Babamla birlikdə o ad günü tədbirinə baxırdıq. Həmin vaxt ölkənin Prezidenti Heydər Əliyev səhnəyə çıxdı, “akademiya”nın tarixi, fəaliyyəti, onunla bağlı xatirələri barədə danışdı. Uzun nitqinin arxasında səsindəki yaşlanmanın əlamətlərini mən də hiss eləmişdim. Onun ölkə başçısı kimi fəaliyyətini o vaxtlar başa düşmürdüm. Çünki 1-ci sinifdə oxuyan uşaq üçün həmin yaş dövründə ölkəsinin prezidentinin nə ilə məşğul olması, ölkə üçün nələr etməsi yox, dostları ilə hansı oyunlar oynaması daha maraqlıdır. 1980-1990-cı illərdə dünyaya gələnlər üçün Heydər Əliyev ölkə başçısı yox “Heydər baba” idi. Çünki biz onun yalnız qocaldığı günləri görə bilmişdik.

Çıxışı zamanı kameralar bəzən zaldakı kursantları, digər qonaqları göstərirdi. Hamı diqqətlə onun danışdıqlarını dinləyirdi, çünki Azərbaycan dilində o qədər səlis danışırdı ki, zaldakılar istər-istəməz hər sözü, cümlələri ifadə edərkən verdiyi nəfəsi belə dinləmək istəyirdi sanki.

Qəfil Heydər baba əlini ürəyinin üstünə qoyub dayanır. Hansısa sancı onu narahat edirdi. Mən yenə nə baş verdiyini anlamadığım üçün gözümü televizora zilləmişdim. Həmin an kameralar zala istiqamətlənir. Bütün zal ayağa qalxır, hər kəs ona kömək etmək üçün can atırdı. Heydər babanın ayağı büdrəyir, lakin o, ayaq üstdə qalmağı bacarır və nitqini başa vurur.

O dövr çox detallı yadıma düşməsə də, babamın Heydər baba haqqında dediklərini yaxşı xatırlayıram. O deyirdi ki, Heydər Əliyev bu ölkənin ərazisində yeni dünyaya uyğun, qanunlara malik dövlət yaradan şəxsdir:

“Bəziləri onun Azərbaycan üçün etdiklərini başa düşmür. Bəzi adamlar isə ümumiyyətlə onun Azərbaycanın hansı tarixi mərhələsində dövlətin rəhbərlik məsuliyyətini üzərinə götürdüyünü başa düşmək istəmir. Mən indi danışıram, sən də yəqin ki, indi məni başa düşmürsən. Amma zamanla anlayacaqsan ki, o boyda təzyiqin altından dövlətini çıxarmaq üçün atılan addımlar 10-20-100 il sonra öz bəhrəsini necə verəcək. Çünki həmin illəri sən yaşayacaqsan. Bir gün mən də, Heydər baba da bu dünyadan köçəcək. Amma sən və başqa uşaqlar bu ölkənin müstəqilliyinin nələr bahasına əldə edildiyini, necə qorunub saxlanıldığını görəcəksiz. Bir şeyi də yaddan çıxarma. Gedənin arxasınca həmişə danışan olur. Hər dövlətin başçısının arxasından həmişə danışanlar olacaq. Dünənə qədər Atatürkə ateist deyirdilər, sonra ortaya çıxdı ki, adam Türkiyədə nə qədər məscid açıb, İslam dininin ölkədəki düzgün inkişafı üçün nə qədər addımlar atıb. Bir sözlə, nağıl danışanlar olub, olacaq da. Onlara inanma, özün oxu, axtar, tap, məlumat sahibi ol, sonra qərar ver”.

Babamın dedikləri böyüdükcə mənim təkcə dahi şəxsiyyətlər yox, sadə vətəndaşlar, ətrafımdakılar barədə də eyni düşüncədə olmağıma gətirib çıxardı. İnsanlar haqqında danışılanlar əsasında qərar verməkdənsə, özlərini tanıdıqdan sonra barələrində hansı düşüncədə olmağım barədə qərarlar verdim.

Heydər Əliyevin tribunada ürəyinin sancdığı tədbir 2003-cü ilin 19 aprel tarixində Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illik yubileyinə həsr olunan mərasim idi. O zaman ölkə başçısının 80 yaşının tamamlanmasına 21 gün qalmışdı. Yaş öz sözünü deməyə çalışsa da Heydər Əliyevin məğrur duruşu qarşısında o belə aciz idi. Tədbirin həmin an çəkilən kadrları hələ də sosial platformalarda qalmaqdadır. Videodan da aydın görünür ki, ölkə başçısının ürəyindəki ciddi problem ona danışmağa icazə vermir. Qəfil ürəyini tutsa da, ayağı büdrəsə də o yıxılmır. Nitqini başa vurur.

Bir çox gənc onu üzbəüz görməsə də, sosial platformalarda yayılan, Nazirlər Kabinetinin iclaslarında hansısa naziri, qurum rəhbərini danlayarkən gördüyü videolarla tanıyıb, siyasətinin hansı yöndə olduğunu bilib.

Bu gün – 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad edir, üzərinə düşən tarixi missiyaları hər zaman uğurla yerinə yetirmiş bu unikal şəxsiyyətin ruhuna dualar oxuyur.

2003-cü ilin 12 dekabrında ABŞ-ın Klivlend klinikasından gələn acı xəbər Azərbaycan xalqı üçün sarsıdıcı oldu. Ümummilli lider Heydər Əliyevin vəfatı onun doğmaları, yaxınları ilə bərabər çox sevdiyi xalqını da dərin bir  kədərə boğdu. Xalq müstəqil Azərbaycanın qurucusunu, ölkəni fəlakətlərdən, xaoslardan qurtaran güclü liderini, dünyaşöhrətli, xarici ölkə başçılarının da hörmət etdiyi bir siyasətçini itirmişdi.

O, böyük şəxsiyyət idi. Siyasi karyerası erkən başlayan, gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan ulu öndər Heydər Əliyev topladığı zəngin təcrübə ilə mükəmməl bir idarəçi kimi yetişmişdi. Yüksək pozitiv keyfiyyətləri sayəsində daha mötəbər mövqelərə yüksəlmiş, Azərbaycana rəhbərlikdən sonra böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşdu.

Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə - 1969-cu il və ondan sonrakı illərdə Heydər Əliyev qurucu lider kimi tanınmağa başladı. Ölkədə sənayenin, kənd təsərrüfatının inkişafı üçün nəhəng işlərə imza atdı. Ədəbiyyat, sənət, mədəniyyət və təhsil sahələri onun rəhbərliyi altında inkişaf etdi. 

Sovet İttifaqında mühüm vəzifə postuna qalxarkən Azərbaycanın fəxri, qüruru oldu. Ona görə ki, bir azərbaycanlının nəhəng dövlətdə mühüm vəzifə sahibinə çevrilməsi elə-belə məsələ deyildi. Heydər Əliyev bu etimadı özünün yüksək bacarığı, mükəmməl bioqrafiyası ilə qazanmışdı. Üstəlik, bizim üçün qürurlu idi ona görə ki, Heydər Əliyev burada ölkəsinin mənafeyini hər zaman qorudu. Qarabağ münaqişəsinin Kremlin siyasi mətbəxində hazırlanması prosesinin qarşısının alınmasında o, cəsarəti ilə, vətənpərvərliyi ilə özünü Azərbaycan üçün sipər etdi. Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə doğma xalqının ürəyində özünə əbədi taxt qurdu.

Ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycan müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda, onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıtdı. Ölkəni parçalamaq istəyən xarici qüvvələrə yerini göstərdi. Azərbaycanı dəhşətli faciələrdən qorudu və adını tarixin səhifələrinə xilaskar, əsl lider kimi yazdırdı. İnam və etimad onu Azərbaycanın rəhbəri kürsüsünə yenidən qaldırdı. 1993-cü ildə  böyük səs çoxluğu ilə Prezident seçildi.  Heydər Əliyev ölkədə ilk növbədə ictimai-siyasi sabitliyi bərpa etdi, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi. Separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla 1994-cü ildə atəşkəs elan olundu. Sırada Azərbaycanın sosial-iqtisadi inkişafı üçün vacib işlər gəlirdi və bu yöndə də təxirəsalınmadan addımlar  atıldı.

Heydər Əliyev təkcə daxili siyasətin mahir bilicisi deyildi, Azərbaycanın xarici siyasətinin problemlərini həll etməyi, bu siyasəti balanslaşdırmağı da bacarırdı. Ona görə də beynəlxalq təşkilatlar, xarici dövlətlər onun rəhbərliyi dövründə Azərbaycanla daha sıx əməkdaşlıqlara başladılar. 

Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar öndə dayanmaqla Qərbə inteqrasiya yolu tutuldu. “Əsrin müqaviləsi” bu yolda atılan ən böyük addım oldu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış bu müqavilə sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adı ilə düşdü. Azərbaycan milli gəlirini artırmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Neft amili Azərbaycanın həm də  milli təhlükəsizlik faktoruna çevrildi.

Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli quruldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Sözsüz ki, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafı mütləq şərt idi və bu proses sürətlə start götürdü.

Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri həmişə məftun edirdi. Nitqi dərin və konkret idi, müzakirə olunan məsələni milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Xalqın iradəsini əks etdirən siyasi kursdan kənara çıxmırdı.

Demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı olan Heydər Əliyev kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Qanunlar Avropa standartlarına uyğunlaşdırıldı. Çoxpartiyalı sistem yarandı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.  Bunlar Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin sübutları idi.

Beləliklə, Heydər Əliyevin rəhbərliyik etdiyi Azərbaycan regionun güclü dövlətinə çevrildi.  Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Qarabağ münaqişəsinin  beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsini xarici siyasətimizin əsas prioritetinə çevirdi; bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin, bəyanatların qəbuluna nail oldu.

O, Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaradarkən, bunu həm də  Qarabağın azadlığı üçün edirdi. Çünki güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi. Heydər Əliyev imza atdığı nəhəng iqtisadi layihələrdə məhz bu hədəf üçün - Qarabağın işğaldan qurtarılması üçün  çalışdı. Həmin iqtisadi layihələr ölkəyə güclü pul gətirdi. Güclü pul güclü Azərbaycan ordusu yaratdı.  Ona görə də bu gün xüsusi vurğulanır ki, Qarabağın azadlığının ən böyük memarı Heydər Əliyevdir. Onun oğlu Prezident İlham Əliyev bu gün də Heydər Əliyevin siyasəti xəttinin davamı kimi, ordu quruculuğunu hər il olduğu kimi ön plana çəkir, hər il təsdiqlənən növbəti ilin büdcəsində orduya, ölkənin sosial rifahına digər sahələrdən daha çox maliyyə cəlb edilməsi ilə bağlı tapşırıqlarını verir.

Babamın mənə uşaqkən verdiyi tövsiyyələr 2020-ci ildə Qarabağ və Şərqi Zəngəzura aid şəhər və rayonların azadlığı bərpa edilərkən öz təsdiqini bir daha tapdı. Heydər Əliyevin cızdığı yol Azərbaycana uzun illər sonra zəfər sevinci yaşatdı. Məhz buna görə də Heydər Əliyev adı və bu xalq, bu dövlət üçün xidmətləri hafizələrdən heç zaman silinməyəcək dahi şəxsiyyətdir!

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh