Avtomobillərə verilən etibarnamələr ləğv olunur? - EKSPERT DANIŞDI
Məlumdur ki, avtomobil idarə etmək üçün verilən etibarnamələrin ləğv olunması müzakirə edilir. Bəs, bu halda ailə fərdlərinə etibarnamə verməyə ehtiyac qalmayacaq?Mövzu ilə bağlı nəqliyyat ekspertlərinin fikirlərini öyrənib.
Nəqliyyat eksperti Elməddin Muradlı: "Etibarnamə ilə bağlı hələlik hər hansı bir yenilik gözlənilmir. Amma biz də arzulayırıq ki, bu etibarnamə mövzusu artıq qapansın. Niyə? Çünki bununla bağlı çox ciddi narahatlıq və narazılıq var. Artıq Daxili İşlər Nazirliyi "e-polis" xidmətini istifadəyə verib. Kim hansı avtomobili idarə edirsə orada qeydiyyatdan keçə bilir, seçim edə bilir və polis də həmin vaxt başa düşür ki, bu maşın hansı saatda kimdə olub. Yəni bu cür vasitələrdən istifadə edilirsə, demək ki onların aşkara çıxarılması da tam olaraq mümkündür. Yəni avtomobili kim sürüb, cərimə kimə getməlidir, bunlar aydınlaşdırıla bilər. O ayrı məsələdir ki, etibarnamə bir biznes məsələsidir, notariusların qazanc yeridir, gəlir mənbəyidir. Amma insanlar bundan əziyyət çəkirlər. Etibarnamə artıq etibarsız bir sənəd olub. İnsanlar da bundan ruhlanırlar, geniş istifadə edirlər və sonra onların əziyyəti yerdə qalır. O baxımdan mənim fikrimcə etibarnamə məsələsi tam olaraq aradan qalxmalıdır.
O ki qaldı ailə üzvləri arasında necə ola bilər? Ümumiyyətlə, ailə üzvlərinin də, digərlərinin də heç bir etibarnamə istifadə etmədən nəqliyyatı vasitələrini idarə etmək imkanı yaradılmalıdır. Dediyim kim, artıq elektron imkanlar genişdir və bir dəqiqə içində insanlar bəyan edə bilir ki, hal-hazırda mən filan maşını idarə edirəm. Yəni, bunu etməsi qarşı tərəfin istəyi ilə olacaq. Təbii ki avtomobil kimin adınadırsa onun istəyilə olmalıdır. O şəxs tələb edir ki, sən qeydiyyatdan keç və o müddət ərzində törətdiyin xətalarla bağlı cərimələr sənə gəlsin. Yəni mənim üçün bir başağrısı olmasın. O da qeydiyyatdan keçir, hər iki tərəf bunu elektron qaydada təsdiqləyir və artıq avtomobili idarə etmək imkanı yaranır. Bu anlamda mənim fikrimcə bu məsələ öz həllini tapmalıdır, yaranan belə problemlərin fonunda hətta düşünürəm ki, gecikmişik".
(sia.az)