Əfv siyahısında Rəşad Dağlı iddiası – “Onun adı yoxdur, ola da bilməz!"

Yazarlar 1 Avqust 2026 13:30
Əfv siyahısında Rəşad Dağlı iddiası – “Onun adı yoxdur, ola da bilməz!"
WhatsApp kanalımıza abunə olun

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə əfv məsələsi ilə bağlı Prezidentə müraciət edilməsi və həmin siyahıda meyxanaçı Rəşad Dağlının adının yer alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Avtosfer.az-ın məlumatına görə, Musavat.com-a danışan Çingiz Qənizadə qeyd edib:

"Novella Cəfəroğlu başda olmaqla Səidə Qocamanlı, Səadət Bənənyarlı və mən birlikdə hüquq müdafiə təşkilatlarının monitorinq qrupunu yaratmışıq və uzun illərdir ki, biz dördlükdə müəyyən məsələlərə birgə münasibət bildiririk. Son günlər Novella xanımın adından gedən açıqlamada guya bizim Prezident Aparatına göndərdiyimiz siyahıda və yaxud da ki, əfv fərmanının verilməsi ilə bağlı təşəbbüsümüzdə müəyyən adamların adları var, o cümlədən meyxanaçı və hazırda həbsdə olan Rəşad Dağlının adı siyahıda var. Bununla bağlı son günlər Novella xanıma qarşı sosial şəbəkə üzərindən müəyyən, lazımsız ifadələrlə Novella xanıma qarşı münasibətlər bildirilir ki, o niyə bu siyahıya salınıb. Və təbii ki, bizə də müraciətlər olunur ki, belə bir siyahı varmı və əfvin verilməsi ilə bağlı Prezidentə müraciət olunubmu və s. Mən buna, bu məsələlərə qısaca aydınlıq gətirmək istəyirəm. Əvvəla qeyd eləyim ki, əfv məsələləri və əfvin verilməsi Azərbaycan Respublikası Prezidentinin müstəsna hüququdur və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi ilə bu hüquq yalnız Prezidentə verilib. Və Prezident əfv verə bilər. Və əfvin verilməsi üçün təkliflər yox, müəyyən müraciətlər ola bilər. Yəni biz cənab Prezidentə təklif verə bilmərik ki, siz əfv fərmanı imzalayın. Sadəcə biz məktub göndərə bilərik ki, növbəti əfv sərəncamı olacaqsa, bu adamların da siyahıya salınması məsələsinin müzakirə edilməsinə şərait yaradılsın və yaxud da baxılsın və s".

Çingiz Qənizadə qeyd edib ki, bu cür müraciətlərdə heç vaxt siyahıda olan adamların adları ictimaiyyətə açıqlanmır:

"Çünki dərhal müzakirələr başlayır: “Niyə filankəs verilmədi?”, “Niyə filankəsin adı orada olmadı?”. Və onu da qeyd edim ki, bizim müraciətlərimizə həmişə cənab Prezident tərəfindən böyük hörmət və ehtiramla yanaşılıb — həm Komissiya üzvləri tərəfindən, həm cənab Prezident tərəfindən.
Və elə məhz bu münasibətimizin, yəni əməkdaşlığımızın nəticəsidir ki, uzun illər bizim siyahılar əfv məsələləri müzakirə olunarkən o müzakirə predmetinə çevrilir. Bu o demək deyil ki, bizim məktubda yazdığımız insanların hamısı əfv olunur. Yəni oradan 5 nəfər, 10 nəfər, bəzən 30 nəfər o siyahıya salınırsa (əfv siyahısına), bu bizim artıq fəaliyyətimizdir".

Novella Cəfəroğlunun son açıqlamasına da toxunan hüquq müdafiəçisi yayılan informasiyanın yanlış təqdim edildiyini deyib:

"Novella xanım əvvəla “məktub göndərmişik” deyib, “əfv fərmanının verilməsi ilə bağlı müraciət etmişik” ifadəsini işlətməyib, çünki Novella xanım çox yaxşı bilir ki, biz əfvin verilməsi ilə bağlı müraciət eləyə bilmərik, biz sadəcə məktub göndərə bilərik.
Və ikincisi də ki, bizim hazırladığımız və göndərdiyimiz siyahıda Rəşad Dağlının adı yoxdur".

Çingiz Qənizadə Rəşad Dağlının konkret cinayət əməlinə görə məhkum olunduğunu bildirib. O, hüquq müdafiəçilərinin siyahı hazırlayarkən şəxslərin ölkədə ictimai-siyasi fəaliyyətini, səhhətini, ailə vəziyyətini və digər halları nəzərə aldığını qeyd edib:

"Rəşad Dağlı konkret cinayət əməlinə görə məhkum olunub. Adam öldürmə maddəsi ilə ittiham olunaraq məhkəmə onun barəsində qərar qəbul edib və hazırda cəzasını çəkir. Allah onun da qapısını açsın, amma biz siyahılarımızı tərtib eləyərkən həmin şəxslərin ölkədə ictimai-siyasi fəaliyyətini, ondan sonra səhhətini, ondan sonra ailə vəziyyətini və s. kimi halları nəzərə alırıq.
Və o baxımdan da qeyd eləyirəm ki, yəni biz siyahıları tərtib eləyərkən bunlara daha çox üstünlük verdiyimiz halda, Rəşad Dağlının — hazırda sağlam bir şəxsin, cəza çəkən bir şəxsin bizim siyahımızda olması qeyri-mümkündür.

Üstəlik, bizim siyahımızda qəsdən adam öldürən şəxslər heç vaxt olmayıb və ola da bilməz. Söhbət Rəşad Dağlıdan getmir, istər kim olursa olsun, yəni qəsdən adam öldürən şəxslər bizim siyahımızda heç vaxt olmayıb, ola da bilməz".

Hüquq müdafiəçisi bir daha vurğulayıb ki, Novella Cəfəroğlunun fikirləri müəyyən qədər təhrif olunub, kontekstdən çıxarılıb:

"Novella xanım təcrübəli hüquq müdafiəçisidir, həyatının böyük bir hissəsini insanların hüquq və azadlıqlarının qorunmasına xidmət eləyib. Biz ondan çox şeyləri öyrənirik. Amma müsahibəsində ola bilsin ki, hansısa bir fikri jurnalist kontekstdən çıxardıb və yaxud da ki, o hansısa bir formada fikir ifadə etməyib, amma onu başqa cür təqdim ediblər. Belə hallar olan şeydir və Novella xanım həmişə obyektiv və ədalətli hüquq müdafiəçisi olub".

Xatırladaq ki, 2023-cü ildə meyxanaçı Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxunub : 296
ŞƏRH YAZ
Ad

E-mail

Şərh