Ekspert: Elektromobil istifadə edənlərin sayı artacaq
Yazarlar
24 Oktyabr 2024 12:34
Oxunub 270
Azərbaycanda elektrikli mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, hazırda ölkə üzrə quraşdırılmış elektrikdoldurma məntəqələrinin sayı 184 ədəd təşkil edir: "Yaxın zamanlarda daha çox məntəqə istifadəyə veriləcək. Bu infrastrukturun genişləndirilməsi ekologi cəhətdən nəqliyyat vasitələrini stimullaşdıracaq".
Qeyd edək ki, elektrikli mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün Azərbaycanda elektrikli avtomobillər üçün enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti uzadılıb. Bu, Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.
Məlumat üçün bildirək ki, ekologiyaya ən çox yanacaqla işləyən avtomobillər zərər vurur. Elektromobillər isə ekologiyanın dostu hesab olunur. Bu maşınların iş mexanizmi elə qurulub ki, 60 km-ə qədər yanacaqdan istifadə etmədən elektrik enerjisi ilə çalışa bilir. Eyni zamanda çalışdığı müddət ərzində enerji depolayır. 60 km-dən yuxarı sürət həddi ilə hərəkət edən zaman isə alternativ yanacaq vasitələrindən istifadə edir. Onsuz da böyük şəhərlərdə nəqliyyat sıxlığı olduğundan, 60 km sürət həddini aşmaq olmur. Bu sistem həm də sürücülərin sürət həddinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə şərait yaradır.
Bu baxımdan əksər ölkələr yanacaqla işləyən avtomobillərdən istifadəni azaltmağı planlaşdırır. Məsələn, Belçikada hökumətin qəbul etdiyi qərara əsasən, yanacaqla işləyən avtomobilini satışa çıxaran hər bir vətəndaşa dövlət müəyyən məbləğ ödəyir. Hökumət bu yolla avtomobillərin istifadəsini məhdudlaşdırmaq istəyir.
Mövzu ilə bağlı danışan ekspertlər də ölkəmizdə elektrik mühərrikli avtomobillərə marağın artmasını təqdirəlayiq hal kimi dəyərləndirir.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da bizimlə söhbətində əvvəlki illərlə müqayisədə ölkəmizdə elektromobil istifadəçilərinin sayının kifayət qədər artdığını təsdiqləyib. Onun sözlərinə görə, bu artımı stimullaşdıran əsas amillərdən biri də ölkəmizə idxal olunan yeni elektrik mühərrikli avtomobillərin həm gömrük, həm də vergi rüsumlarından azad edilməsidir.
Elektromobillərin sayının elektrikdoldurma məntəqələrinin sayı ilə mütənasib olduğunu vurğulayan ekpert deyib ki, məntəqələrin sayı artdıqca, ölkədə elektromobil istifadə edənlərin də sayı artacaq:
“Dövlətlə yanaşı özəl qurumlar da şəxsi təşəbbüsləri ilə şəhərin müxtəlif istiqamətlərində elektrikdoldurma məntəqələri quraşdırıblar. Hətta bəzi yerlərdə elektrikdoldurma məntəqələrindən istifadənin pulsuz olması xüsusi bir üstünlük və sevindirici haldır. Vətəndaşlara tövsiyə edirəm ki, elektrik mühərrikli avtomobil alarkən daha çox Avropa standartlı avtomobillərə üstünlük versinlər”.
(sherg.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR