Banner

“Manatlıq taksi”lərin və köhnə maşınların utilizasiya prosesinin əlaqəsi varmı?

Avtoxəbər 19 Dekabr 2022 10:58 Oxunub 1758
“Manatlıq taksi”lərin və köhnə maşınların utilizasiya prosesinin əlaqəsi varmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son həftələrdə “manatlıq taksi”dən istifadə məsələsi demək olar hər gün müzakirə edilir. Bir qayda olaraq bu məsələyə ekspertlər münasibət bildirir və ortaya kifayət qədər maraqlı təkliflər çıxır. Mən isə məsələyə ekspert deyil, gündəlik istifadəçi kimi münasibət bildirməyə çalışacam. 

Yaşadığım Lökbatan qəsəbəsi şəhərə gəlmək üçün kifayət qədər yaxşı mövqedədir. Şəxsi avtomobili olanlar üçün yol uzağı 20 dəqiqə çəkir, səhər saatlarında tıxac az hallarda olur. Bu öz yerində, bəs ictimai nəqliyyata məhkum olanlar necə?

Mənim yaşadığım Lökbatan qəsəbəsi Təzə Evlər məhəlləsindən metronun Elmlər Akademiyası stansiyasına 206 saylı marşrut işləyir. Əgər mən bu marşrutla işə gedib-gəlsəm cəmi 80 qəpik xərcləyəcəm. Bu da əla, amma...
Gəl ki, bu marşrutdan istifadə edərək işə gedərsəm mənə avtobus gözləməklə birgə təxminən 2 saat lazımdır. Eyni vəziyyət axşam da təkrarlanır. Həm də daha pis formada. Yəni, sadə riyazi hesablama ilə deyə bilərəm ki, ictimai nəqliyyyatdan istifadə edərsəm sutkanın azı 4 saatını yolda keçirməliyəm. Bu qədər vaxta Yevlax şəhərinə asanlıqla getmək olar. 
Problemin çıxış yolu hələ ki, manatlıq və ya yolüstü taksilərdir. Bunlardan istifadə isə mənə gündəlik avtobusla birgə 3 manata başa gəlir. 

Mənim vəziyyətimdə olanlar N qədərdir. Orta statistik azərbaycanlı rəhbərləri işçinin gün ərzində nə qədər faydalı iş görməsi deyil, türniketə kartı neçənci dəqiqədə vurması maraqlandırır. Buna görə də insanlar iş yerlərini itirməmək, sonda maaşını bütöv şəkildə ala bilmək üçün hər ay manatlıq və ya yolötən taksilərə kifayət qədər pul xərcləyirlər. 

Nə qədər qəribə gəlsə də, bu amil ölkəmizdə avtomobil bazarında çox da xoş olmayan canlanmaya səbəb olur. Hər gün ictimai nəqliyyatda iztirab yaşayan, və ya manatlıq taksidən istifadə edənlərin ilk fikri hər vasitə ilə avtomobil almaq olur. Buna görə də taqətdən düşmüş avtomobillər utilizasiyaya deyil, təkrar bazara qayıdır. 7 min manat və daha aşağı qiymətə olan avtomobillərin vəziyyıətinin necə olduğunu bilmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Belə ucuz avtomobil alanlar gündəlik istismar xərcini çıxarmaq üçün işə gedərkən yolüstü sərnişin daşımaqla da məşğul olurlar. Son nəticədə yollarda intensivlik artır, hərəkət çətinləşir, ekologiya bərbad vəziyyətə gəlir. 
Bəs çıxış yolu varmı? Bir yəhudi məsəlində deildiyi kimi, hər bir problemdən bir ağıllı və bir neçə səfeh çıxış yolu var. Bu çıxış yolu da ictimai nəqliyyatın yaxşılaşdırımasıdır. Bunu qeyri-mümkün hesab edənlərə isə dünya təcrübəsinə nəzər salmağı tövsiyə edərdim.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh