Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?

Türkiyə Orta Dəhlizin inkişafı istiqamətində dəmir yolu infrastrukturunun genişləndirilməsinə yönəlmiş növbəti irimiqyaslı layihəni həyata keçirməyə hazırlaşır. Layihə çərçivəsində ölkənin şərq istiqamətindən qəbul edə biləcəyi illik yükdaşıma qabiliyyətinin 20 milyon tona çatdırılması nəzərdə tutulur. Bu isə region ölkələrinin, xüsusilə Azərbaycanın tranzit imkanlarını və mövcud infrastrukturun hazırlığını yenidən gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə paylaşımında məlumat verib.

Ekspertin sözlərinə görə, Şərqi Türkiyə Orta Dəhlizi Dəmir Yolunun İnkişafı Layihəsi (ETMIC) çərçivəsində beynəlxalq tenderin keçirilməsi planlaşdırılır. Ümumi uzunluğu 667 kilometr olan layihənin 587 kilometrlik hissəsi tenderə daxil edilib. Marşrut Divriği–Ərzincan–Ərzurum–Qars istiqamətini əhatə edir.
Layihə çərçivəsində Ərzurum–Gürcüstan sərhədi istiqamətində 288 kilometrlik dəmir yolu xəttinin elektrikləşdirilməsi, infrastrukturun və yolun üst quruluşunun yenilənməsi, eləcə də siqnalizasiya və telekommunikasiya sistemlərinin qurulması nəzərdə tutulur. Təxminən 1,615 milyard dollar dəyərində qiymətləndirilən işlərin 4 il ərzində başa çatdırılması planlaşdırılır.
Layihənin əsas məqsədlərindən biri Gürcüstan sərhədi–Divriği istiqamətində yük qatarlarının hərəkət müddətini 55 saatdan 22 saata endirmək, illik yükdaşıma qabiliyyətini isə 750 min tondan 20 milyon tona yüksəltməkdir.
Rauf Ağamirzəyev qeyd edib ki, Türkiyənin bu addımı Azərbaycanın tranzit imkanları baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, ölkənin qərb istiqamətində iki mühüm dəmir yolu bağlantısı üzrə nəzərdə tutulan potensial Bakı–Tbilisi–Qars dəmir yolu xətti üçün 5 milyon ton, Zəngəzur dəhlizi üçün isə 15 milyon ton təşkil edir. Beləliklə, bu iki istiqamət üzrə ümumi potensialın 20 milyon tona çatacağı gözlənilir.
Bununla belə, ekspertin fikrincə, Azərbaycan və Gürcüstanın ümumi nəqliyyat-logistika imkanları yaxın perspektivdə daha böyük həcmli yüklərin daşınmasına şərait yarada bilər. Bunun üçün mövcud infrastrukturun inkişaf etdirilməsi və ayrı-ayrı nəqliyyat qovşaqlarının ötürücülük qabiliyyətinin artırılması vacibdir.
Bu istiqamətdə Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələr dayanır. Bakı–Böyük Kəsik dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı–Tbilisi–Qars xəttinin imkanlarının genişləndirilməsi, Zəngəzur dəhlizinin tamamlanması, eləcə də Ələt limanı və logistika terminallarının yükötürmə qabiliyyətinin artırılması əsas prioritetlərdəndir.
Nəticə etibarilə, Türkiyənin 20 milyon tonluq yükdaşıma hədəfi Orta Dəhlizdə rəqabət və əməkdaşlıq imkanlarını daha da aktuallaşdırır. Çünki bu marşrutun səmərəliliyi yalnız bir ölkənin infrastrukturu ilə deyil, bütün iştirakçı dövlətlərin dəmir yolu, liman və logistika sistemlərinin uzlaşdırılmış fəaliyyəti ilə müəyyən olunacaq.
Eltac Zülfüqaroğlu
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib












