Banner

Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO

Avtoxəbər 20 Noyabr 2026 17:09
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
WhatsApp kanalımıza abunə olun

Milli Məclisdə müzakirələr zamanı elektromobillərin ölkəyə gətirilməsinə görə vergi güzəştinin bərpa edilməsi təklif olunub. Deputat Fazil Mustafa bildirib ki, dünyanın əksər ölkələrində elektrikli maşınların alınmasını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir.

Onun fikrincə, bu ildən tətbiq olunan vergi ölkəyə gətirilən elektrikli avtomobillərin qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Deputat deyib ki, hazırda qiymətlər artıq yüksəlməkdədir: "Bu da ölkəyə daxil olan elektriklə çalışan avtomobillərin sayını da azaldacaq. Yenə də biz dizel və benzinlə işləyən avtomobillərin çoxluğunu müşahidə edəcəyik".

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələrinə güzəştlərin tətbiq olunduğu dövrdə bu avtomobillərə maraq artmışdı:

Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - Foto

"Həmin dövrdə istər elektrikli, istərsə də hibrid avtomobillərin satışında artım müşahidə edildi. Təbii ki, bu prosesdə infrastruktur məsələləri də gündəmə gəldi.

Əgər biz 2035-ci ilədək daxiliyanma mühərrikli avtomobilləri mərhələli şəkildə avtoparkdan çıxarmağı, 2060-cı ilədək isə minik avtomobilləri parkını tamamilə elektrikləşdirməyi hədəfləyiriksə, elektromobillərə indidən müəyyən güzəştlərin tətbiqi qaçılmazdır. İnsanları bu tip avtomobillərdən istifadəyə təşviq etmək üçün belə addımların atılması vacibdir. Eyni zamanda, ekoloji təmiz nəqliyyat vasitələri üçün mövcud infrastruktur genişləndirilməli və gücləndirilməlidir".

Onun sözlərinə görə, əgər elektrikli avtomobilləri heç bir güzəşt tətbiq etmədən cəmiyyətə təqdim ediriksə, paralelində isə elektromobillərdən ibarət avtopark formalaşdırmaq istəyiriksə, bu məqsədə çatmaq mümkün olmayacaq:

"Avtoparkımızı daha müasir, sağlam və ekoloji cəhətdən təmiz avtomobillərlə təmin etmək istəyiriksə, güzəştlərin tətbiqi zəruridir.

Lakin güzəştlər tətbiq olunarkən sui-istifadə hallarının qarşısının alınmasına da diqqət yetirilməlidir. Belə ki, əvvəlki güzəştlər dövründə paralel idxal vasitəsilə Çinin daxili bazarı üçün nəzərdə tutulan avtomobillərin ölkəyə gətirildiyini və bəzi işbazlar tərəfindən alıcıların aldadılması hallarının baş verdiyini müşahidə etdik.

Yəni güzəştlər tətbiq olunacaqsa, bu proses kompleks şəkildə həyata keçirilməlidir".

 

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh