Qurban bayramının mahiyyəti; Türk dünyasında qurban ənənələri necə yaranıb? - AÇIQLAMA

Qurban bayramı türk dünyasında həm dini, həm də mədəni baxımdan xüsusi əhəmiyyət daşıyan bayramlardan biridir. Bu bayram təkcə ibadət forması kimi deyil, eyni zamanda paylaşma, yardımlaşma və sosial həmrəyliyin gücləndiyi bir ənənə kimi əsrlərdir yaşadılır. Türk xalqları arasında Qurban bayramı ailə və qohumluq əlaqələrinin möhkəmləndiyi, ehtiyac sahiblərinə yardımın artırıldığı və cəmiyyət daxilində birlik ruhunun gücləndiyi gün kimi qəbul olunur.
Tarixi baxımdan İslamın qəbulundan əvvəl də türk toplumlarında qurban və mərasim mədəniyyəti mövcud olub. Qədim türklərin Göy Tanrı inancı çərçivəsində həyata keçirdiyi bəzi ayinlərdə heyvan qurbanı vermək, təbiət qüvvələrinə və ilahi gücə yönəlmiş rituallar yer alırdı. Bu mərasimlər əsasən bolluq, bərəkət və dövlətin rifahı üçün edilirdi.
İslamın qəbulundan sonra isə bu qədim ənənələr yeni dini məna ilə birləşərək Qurban bayramının formalaşmasında öz yerini tapdı. Beləliklə, bayram həm dini ibadət, həm də türk xalqlarının minilliklərdən gələn mədəni yaddaşının davamı kimi yaşamağa davam edir.
Qurban bayramın türk dünyasında yeri nədir? İslamın nüfuz etdiyi ənənələr daha əvvələr də türklərdə olubmu?
Mövzu ilə bağlı türkoloq Faiq Ələkbərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Qurban bayramı Türk dünyasında çox anlamlı şəkildə qeyd edilir:

“Hər halda Türk xalqlarının dünya görüşündə insanlara yardım etmək, istər yoxsul olanlara, ac olanlara, yəni çarəsiz olan insanlarla yardımlaşmaq bizim törəmizdə vardır. Bu baxımdan, yəni İbrahim peyğəmbərdən gələn bu adət-ənənə Türk xalqlarında da həmişə qeyd edilmişdir.
Ümumiyyətlə, İbrahim peyğəmbərin özünün də əslində Türk xalqları ilə iç-içə yaşaması məsələsi də vardır. Bəzən İbrahim peyğəmbərin Həniflik dininin əslində bu və ya digər şəkildə Türklərlə üst-üstə düşən məqamları çoxdur. Bu baxımdan bəzən belə bir fikir var ki, İbrahim peyğəmbər də bu və ya digər anlamda Türk xalqları ilə bağlı olan bir, deyək ki, peyğəmbərdir.
Hər halda Qurban bayramının bu anlamda fəlsəfəsi bizim üçün yəni doğmadır. Belə götürdükdə, yardımlaşmaq, insanlara yardım etmək, insanlara, məzlumların yanında dayanmaq, onlara kömək olmaq, yəni Türkün fəlsəfəsində bu var. Zatən Türk xalqlarının dünya görüşündə insanların varına-dövlətinə görə qiymətləndirmək deyil, əslində nəzakətinə görə qiymətləndirmə daha çox təşkil edir”.
Türkoloq əlavələ olaraq qeyd edib ki, bu baxımdan Qurban bayramının mahiyyəti və fəlsəfəsi Türk törəsinin əxlaqından bir çox cəhətlərə görə də üst-üstə düşür:
“Burada insanların yardımlaşması, insanlara kömək, yəni hətta biz bilirik ki, Türk xalqlarında Türk bəyləri, Türk xanları öz evlərinin, eşiklərini müəyyən mənada digər insanlara açıq qoymaq olar, istədikləri, məsəl üçün bəyin, xanın evindən apara bilərmişlər, yəni insanlar bir-birinə qarşılıqlı yardım şəkildə bu məsələlər öz əksini tapsın. Şübhəsiz ki, Qurban bayramının bu fəlsəfəsi Türk törəsindən, yəni İslamın adət-ənənələrinin bir çox tərəfləri üst-üstə düşdüyünə görə bir-birini tamamlayır."
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın fikrincə isə, bayramda qurbanların kəsilməsi yaxınlaşmaq mənasındadır:

“Bu fiziki məna deyil, mənəvi mənada yaxınlaşmaq, yəni Allaha yaxınlaşmaq. Bütün halınla, hərəkətinlə, kəsdiyin qurbanla, düşüncələrinlə hamısı Allaha yaxınlaşmaqdır.
Yəni Quranda da, Əl-Həcc surəsinin 37-ci ayəsində Allah-təala belə buyurur ki, onların nə qanı, nə əti Allaha çatmaz. Allaha çatacaq yalnız sizin Allah yolunda səmimi qəlbdən kəsdiyiniz qurban və etdiyiniz ibadətlərdir.
Qurbanlıq el gözünə olmamalıdır, insanların gözünə olmamalıdır ki, hə, filankəs üç-beş qoyun kəsdi, heyvan kəsdi, yox, bu anlamda deyil.
Hər hansı insan əgər heyvan kəsirsə, birinci Allahın razılığını düşünməlidir, başqa şüuraltı məqamlar budur, Allahın razılığını düşünməlidir və mərhəmətli olmalıdır. O kəsdiyi qurbanları ehtiyacı olan insanlara verməlidir. Çünki bayram o zaman bayram olur ki, sevindiyimiz zaman bayramdır. Geyindiyimiz zaman deyil, geyindirdiyimiz zaman, yediyimiz zaman deyil, yedirdiyimiz zaman bayram bayram olur. Bu baxımdan, qurbanlığın əsas fəlsəfəsi insanın daxilindəki olan niyyətdən asılıdır, əməllər niyyətə bağlıdır”.
Axund son olaraq bildirib ki, qurbanlıq mərhəmətdir, qurbanlıq barışdır, qurbanlıq sevgidir, qurbanlıq kimsənin halına yanmaqdır, dərdinə yanmaqdır, biganə qalmaq deyil, həmrəy olmaqdır, həm fikir olmaqdır:
“Ona görə qurbanlıq bizdən eyni zamanda Allahın razılığını ilk öncə istəyir. Və təbii ki, hər kəs bunu bilir ki, qurbanlığın da payı üç hissədən ibarət olmalıdır. Bir hissə, bir pay qurban kəsənin özünə aiddir, ikinci ehtiyacı olan insanlara paylanılmalıdır, üçüncü də bacı-qardaşa”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu
Bakıda işıqfor işləməyən küçədə yol hərəkətini tənzimləyən vətəndaş - VİDEO
Böyük Kəsik stansiyası yenidən sərnişinləri qarşılamağa başladı - VİDEO
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
Milli Məclis mühüm qərarlar qəbul edib
Bu gündən Azərbaycanda 5 günlük tətil başladı
Azərbaycanda Qurban bayramı qeyd edilir
Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi
Bu qurumlarda Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq
Qanunsuz şarj xətti böyük cərimə ilə nəticələndi; 39 min manat...
Bakı–Tbilisi qatarının Tbilisiyə ilk səfəri uğurla tamamlandı - FOTO
Paytaxtın 21 küçəsində sıxlıq var - SİYAHI










