Avtomobili yuma metodunuz onun qiymətinə necə təsir edir? - ARAŞDIRMA
Yeni avtomobil qiymətlərinin həm qlobal miqyasda, həm də Azərbaycanda rekord səviyyəyə çatması avtomobil sahiblərini nəqliyyat vasitələrinin qorunmasına daha həssas yanaşmağa vadar edir.
Avtosfer.az xəbər verir ki, mütəmadi təmizləmə avtomobilin həm estetik görünüşünü, həm də bazar dəyərini qorumağın əsas şərtlərindən biri sayılsa da mütəxəssislər yanlış yuma üsullarının boya örtüyünə ciddi və bəzən geri dönməz zərər vurduğunu bildirirlər.
Azərbaycanda, xüsusilə yanacaqdoldurma məntəqələrinin ərazisində fəaliyyət göstərən avtomatlaşdırılmış yuma məntəqələri praktikliyi və sürəti ilə sürücülər üçün cəlbedici görünür. Lakin ekspertlərin fikrincə, bu rahatlıq bəzən avtomobilin xarici səthində mikro cızıqlar və aşınma ilə nəticələnir.
Mütəxəssislər bildirirlər ki, avtomatik yuma sistemləri əsasən iki növə bölünür: fırça tipli və təmassız (sprey) tipli. Fırlanan fırçalarla işləyən sistemlər boya örtüyü üçün daha riskli hesab olunur. Problem birbaşa fırçanın özündə deyil, ondan əvvəl yuyulan yüzlərlə avtomobildən qalan qum və sərt çirk hissəciklərinin fırça tükləri arasında toplanmasındadır. Nəticədə, avtomobil təmizlənərkən həmin hissəciklər boya səthinə sürtülür və “burulma naxışları” kimi tanınan dairəvi mikro cızıqlar əmələ gəlir. Bu cızıqlar xüsusilə günəş işığında aydın görünür, zamanla boyanın solğunlaşmasına və avtomobilin təkrar satış dəyərinin azalmasına səbəb olur.
Fırçasız və ya təmassız yuma sistemləri fiziki təmas olmadığı üçün daha təhlükəsiz hesab edilsə də burada da müəyyən risklər mövcuddur. Təkcə su püskürtməsi ilə bütün çirkləri aradan qaldırmaq çətin olduğundan bəzi məntəqələrdə daha sərt kimyəvi tərkibli şampunlardan istifadə edilir. Mütəxəssislər qeyd edirlər ki, bu cür kimyəvi maddələrin tez-tez tətbiqi boyanın qoruyucu qatına zərər verə və parıltını azalda bilər.
Azərbaycanda fəaliyyət göstərən “detailing” mütəxəssislər də aşağı keyfiyyətli köpüklərin və həddindən artıq yüksək təzyiqli suyun xüsusilə plastik və həssas detallarda deformasiyaya səbəb ola biləcəyini bildirirlər. Hətta bəzi müasir elektrik avtomobillərində düzgün aparılmayan yuma prosesindən sonra texniki nasazlıqların yarandığı halların qeydə alındığı vurğulanır.
Ekspertlərin yekdil qənaətinə görə, avtomobilin zavod vəziyyətinə yaxın formada saxlanılması üçün ən təhlükəsiz üsul əl ilə yuma hesab olunur. Lakin bu proses də düzgün texnika ilə həyata keçirilməlidir. Peşəkarlar “iki vedrə üsulu”nu tövsiyə edirlər: bir vedrə sabunlu su üçün, digər vedrə isə hər dəfə yuma əlcəyini çirkdən təmizləmək üçün nəzərdə tutulur.
Bundan əlavə, mikrofiber yuma əlcəyi ilə səthin dairəvi deyil, düz xətlərlə silinməsi məsləhət görülür. Azərbaycanın iqlim şəraiti və bəzi ərazilərdə yüksək toz səviyyəsi nəzərə alınaraq, yuma prosesinə başlamazdan əvvəl avtomobilin səthindəki iri çirk və qum hissəciklərinin bol su ilə əvvəlcədən yuyulması vacib sayılır.
Vaxt və əlavə zəhmət tələb etsə də mütəxəssislər bildirirlər ki, düzgün aparılan əl yuması avtomobilin boya örtüyünün ömrünü uzadır və nəqliyyat vasitəsinin bazar dəyərinin qorunmasında ən etibarlı üsul hesab olunur.
Eltac Zülfüqaroğlu
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ
Mbappe ilk dəfə sükan arxasında - FOTO
Şirkət sahibi işçilərinə 26 milyon dollar payladı: "Apara biləcəyiniz qədər götürün" - VİDEO
Elektrikomobillərin batareya dözümlülüyü yoxlanan 8 min testin nəticələri AÇIQLANDI - FOTO
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO










