Azərbaycanın nəqliyyat xəritəsində yeni mərhələ: Alternativ marşrutlar artır

Azərbaycanın regional nəqliyyat layihələri üzrə həyata keçirdiyi işlər fonunda alternativ marşrutlar arasında rəqabət də getdikcə artır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev regional nəqliyyat dəhlizləri ilə bağlı paylaşımında Azərbaycanın son illərdə həyata keçirdiyi layihələrə və yaranan alternativ marşrutlara diqqət çəkib.

Ekspert bildirib ki, II Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycan regional nəqliyyat xəritəsində ardıcıl addımlar atmağa başlayıb. Zəngəzur dəhlizi layihəsi çərçivəsində Horadiz–Ağbənd dəmir yolunun bərpası ilə başlayan proses sonrakı illərdə digər istiqamətlər üzrə də genişlənib.
2024-cü ildən Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb və layihənin 60 kilometrlik birinci mərhələsinin 2027-ci ildə tamamlanması planlaşdırılır. Eyni zamanda Osmanlı–Horadiz istiqamətində dəmir yolu infrastrukturunun yenilənməsi həyata keçirilir.
Rauf Ağamirzəyev qeyd edib ki, 2025-ci ildə Ordubad–Salamməlik–Ermənistan sərhədi dəmir yolu və Türkiyə ərazisində Qars–İğdır–Aralık–Dilucu dəmir yolu layihələrinə start verilib. Bu il Naxçıvandakı dəmir yolu infrastrukturunun əsaslı təmirinə başlanılıb. Ermənistan ərazisində isə TRIPP layihəsi üzrə ilkin mühəndis-axtarış işləri aparılır.
Ekspert Azərbaycanın İran üzərindən Araz dəhlizi çərçivəsində Kəlalə–Ağbənd avtomobil yolu körpüsünü istifadəyə verməsini də regional nəqliyyat bağlantılarının şaxələndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.
Proses artıq yalnız Azərbaycan və Türkiyənin layihələri ilə məhdudlaşmır. Onun sözlərinə görə, İranda Mərənd–Çeşmə-Soraya–Aralık dəmir yolu layihəsi ilə bağlı son dövrlərdə məlumatların yayılması regional marşrutlar arasında rəqabət məsələsini də gündəmə gətirir.
İranın Ermənistandakı səfiri Xəlil Şirğolaminin sentyabrın 17-də səsləndirdiyi fikirlərin də bu baxımdan diqqətçəkən olduğunu bildirib. Səfir “Sülh kəsişməsi”nin həm Qərb–Şərq, həm də Şimal–Cənub hərəkətini əhatə etməli olduğunu deyib. Həmçinin Azərbaycanla Naxçıvan arasında əlaqənin yaradılması ilə yanaşı, Ermənistan və İran arasında Naxçıvan üzərindən dəmir yolu bağlantısının mümkünlüyünün təmin edilməli olduğunu bildirib. Şirğolami Yerasx–Culfa bağlantısının Ermənistanı Fars körfəzi ilə Qara dənizi birləşdirən tranzit qovşağına çevirə biləcəyini qeyd edib.
Rauf Ağamirzəyev vurğulayıb ki, İran üçün məsələ yalnız Azərbaycan–Naxçıvan bağlantısından ibarət deyil. Naxçıvan üzərindən keçən marşrut həm Fars körfəzi–İran–Naxçıvan–Ermənistan–Qara dəniz istiqamətində, həm də Van gölünü yan keçməklə Türkiyəyə çıxış baxımından alternativ bağlantı yarada bilər.
Naxçıvanın bu marşrutlarda rolu yeni məsələ deyil. İrəvan–Uluxanlı–Noraşen–Culfa–Təbriz dəmir yolu xəttinin ötən əsrin əvvəllərindən mövcud olması bölgənin tarixi dəmir yolu şəbəkəsindəki əhəmiyyətini göstərir.
Onun sözlərinə görə, bu baxımdan Türkiyə ərazisində Qars–İğdır–Aralık–Dilucu, Azərbaycan tərəfində isə Ordubad–Salamməlik–sərhəd istiqamətində həyata keçirilən layihələr yalnız Zəngəzur dəhlizinin yaradılması kimi qiymətləndirilməməlidir. Bu layihələr Naxçıvan üzərindən keçən tarixi marşrutun yenidən regional tranzit sisteminə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.
Mərənd–Çeşmə-Soraya–Aralık xətti də sadəcə yeni İran–Türkiyə dəmir yolu kimi deyil, Naxçıvan üzərindən formalaşan marşrutla potensial rəqabət aparan alternativ bağlantı kimi nəzərdən keçirilməlidir.
“Burada əsas məsələ artıq “kim hansı yolu tikir?” deyil. Əsas məsələ eyni yük bazarı uğrunda yaranan alternativ marşrutların hansı məsafə, vaxt, tarif, tutum və sərhəd keçidi üstünlüklərinə malik olacağıdır. Dəhlizlər üzrə rəqabət məhz bundan sonra daha da kəskinləşəcək”, – deyə ekspert vurğulayıb.
Eltac Zülfüqaroğlu
Köhnə avtomobillərdə “E” işarəsi nə üçün istifadə olunurdu? – ARAŞDIRMA
Bakıda neçə kilometr velosiped zolağı olmalıdır? – ARAŞDIRMA
Batareyanı dəyişmədən ömrünü uzatmaq mümkün olacaq? – YENİ ÜSUL
Bu şəhərdə sərnişinlərin yarısı gediş haqqını ödəmir
Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi - VİDEO
Ekspres avtobusların gündəlik sərnişin sayı AÇIQLANDI
Zaqatalanın bu qəsəbəsində ayı peyda olub - VİDEO
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - VİDEO
35 yaşlı qadın sərnişin avtobusuna "ərə getdi" - Bu ölkədə - FOTO
Almaniyada pivə 5 dəfə bahalaşıb
Yeni pişik növü tapıldı – 100 İLDƏ İLK - FOTO












