Banner

Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA

Maraqlı 26 Oktyabr 2026 12:00
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Avropa İttifaqı ölkələrində şəhər nəqliyyatının səmərəliliyinin qiymətləndirilməsində yanaşma dəyişir. Əvvəllər nəqliyyat sisteminin uğuru əsasən çəkilən yolların, dəmir yolu xətlərinin, avtobusların sayı və daşınan sərnişinlərin həcmi ilə ölçülürdüsə, indi insanların ictimai nəqliyyatdan nə dərəcədə rahat, təhlükəsiz və əlçatan şəkildə istifadə edə bilməsi ön plana çıxır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Avropada şəhər mobilliyinin qiymətləndirilməsi prinsiplərindən danışarkən bu yanaşmanın mahiyyətinə diqqət çəkib.

Ekspertin sözlərinə görə, şəhərlərdə yolların genişləndirilməsi, yeni nəqliyyat vasitələrinin alınması və infrastrukturun artırılması hərəkətin mütləq şəkildə daha rahat olacağı anlamına gəlmir. Buna görə də nəqliyyat siyasətində əsas diqqət təkcə infrastrukturun inkişafına deyil, insanların gündəlik səfərlərini necə həyata keçirməsinə yönəlir.

Bu yanaşma 1990–2000-ci illərdən etibarən Avropanın dayanıqlı şəhər mobilliyi siyasətində daha geniş yer tutmağa başlayıb. Sonradan Dayanıqlı Şəhər Mobilliyi Planları (SUMP) konsepsiyasında da əksini tapan bu prinsip şəhərlərin nəqliyyat layihələrini yalnız yeni yolların və ya marşrutların yaradılması əsasında deyil, sakinlərin mobillik ehtiyacları və əldə olunacaq nəticələr üzərindən planlaşdırmasını nəzərdə tutur

Rauf Ağamirzəyevin diqqət çəkdiyi əsas məqamlardan biri də nəqliyyat sisteminin qiymətləndirilməsində ölçülə bilən göstəricilərin əhəmiyyətidir. Bu göstəricilərə ictimai nəqliyyata çıxış imkanları, səfərlərin müxtəlif nəqliyyat növləri arasında bölgüsü, yol hərəkəti təhlükəsizliyi, tıxacların səviyyəsi, istixana qazı emissiyaları, havanın çirklənməsi və səs-küy daxildir.

Ekspertin yanaşmasına əsasən, ictimai nəqliyyatın keyfiyyətini qiymətləndirərkən bir neçə mühüm suala cavab tapılmalıdır. Əhalinin hansı hissəsi dayanacaqlara rahat çata bilir, səfərlər nə qədər vaxt aparır, nəqliyyatın hərəkəti nə dərəcədə müntəzəm və etibarlıdır, həmçinin azhərəkətli şəxslər bu xidmətlərdən müstəqil istifadə edə bilirlərmi?

Bununla yanaşı, gediş haqqının müxtəlif gəlir səviyyəsinə malik insanlar üçün əlçatan olması, avtobus, tramvay və trolleybusların piyada və velosiped infrastrukturu ilə inteqrasiyası da şəhər mobilliyinin vacib meyarları sırasındadır.

Beləliklə, müasir yanaşmada əsas məsələ şəhərin neçə avtobusa və ya neçə kilometr yol infrastrukturuna malik olması deyil. Əsas məqsəd insanların mənzil başına daha az vaxt sərf etməsi, təhlükəsiz hərəkət etməsi, ictimai nəqliyyatdan rahat istifadə etməsi və şəxsi avtomobildən asılılığın azalmasıdır.

Bu baxımdan, nəqliyyat sisteminin uğuru yalnız infrastrukturun həcmi ilə deyil, onun şəhər sakinlərinin həyat keyfiyyətinə verdiyi töhfə ilə ölçülməlidir.

Eltac Züflüqaroğlu

Oxunub : 274
ŞƏRH YAZ
Ad

E-mail

Şərh