Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF

Azərbaycanın nəqliyyat və bağlantı siyasəti yeni mərhələyə keçib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, Azərbaycanın regional nəqliyyat xəritəsində artan rolu ölkənin qanunvericilik və institusional sistemində də öz əksini tapmalıdır.

Ekspert bildirib ki, Qarabağ Zəfərindən sonra Azərbaycanın regional nəqliyyat sistemində rolu daha da güclənib. Onun sözlərinə görə, Zəngəzur istiqamətində infrastruktur işləri davam edir və yaxın illərdə yeni bağlantı imkanlarının istifadəyə verilməsi gözlənilir. Bu isə Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub istiqamətləri ilə yanaşı, Cənub–Qərb və Şimal–Qərb bağlantılarında da imkanlarını genişləndirir.
Azərbaycan özünü regional və qlobal səviyyədə “middle power” – orta güc kimi təqdim edirsə, bu status yalnız xarici siyasət və diplomatiyada deyil, qanunvericilik və institusional sistemdə də özünü göstərməlidir.
Bu baxımdan Milli Məclisdə Nəqliyyat və İnfrastruktur Komitəsinin yaradılması məsələsinə yalnız komitələrin adlarının dəyişdirilməsi kimi yanaşmaq düzgün deyil. Ekspert dünyada bunun müxtəlif nümunələrinin olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Konqresində, Kanada Parlamentində, Ukrayna Ali Radasında və Keniya Parlamentində nəqliyyat və infrastruktur məsələləri parlament komitələrinin fəaliyyət istiqamətlərindən biridir.
Rauf Ağamirzəyev vurğulayıb ki, Azərbaycanın nəqliyyat siyasəti artıq yalnız avtomobil yollarının tikintisi və təmiri ilə məhdudlaşmır. Ölkənin Şərq–Qərb, Şimal–Cənub, Cənub–Qərb və Şimal–Qərb istiqamətlərində formalaşan bağlantı imkanları, Bakı Limanı, dəmir yolları, hava limanları, sərhəd-keçid məntəqələri, logistika mərkəzləri və ölkədaxili magistral şəbəkə vahid nəqliyyat sisteminin əsas elementləridir.
Azərbaycanın daxilində də Bakı aqlomerasiyasının mobilliyi, şəhərlərarası nəqliyyat, dəmir yolu, ictimai nəqliyyat, yükdaşıma, şəhər logistikası, yol təhlükəsizliyi, mikromobillik və əlçatanlıq kimi istiqamətlər geniş gündəm formalaşdırıb.
“Deməli, söhbət artıq sadəcə nəqliyyat sektorundan yox, Azərbaycanın iqtisadi və geostrateji bağlantı sistemindən gedir. Mən hesab edirəm ki, bu reallıq parlament səviyyəsində də öz əksini tapmalıdır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, Nəqliyyat və İnfrastruktur Komitəsinin yaradılması halında komitənin mandatına beynəlxalq nəqliyyat dəhlizləri, dəmir yolu və avtomobil nəqliyyatı, aviasiya və dəniz nəqliyyatı, logistika və multimodal daşımalar, şəhər və regional mobillik, nəqliyyat qovşaqları, yol təhlükəsizliyi, rəqəmsal nəqliyyat, əlçatanlıq və iri nəqliyyat-infrastruktur layihələri daxil edilə bilər.
“Özünü orta güc kimi görən dövlət özünün bağlantı gücünü də qanunvericilikdə göstərməlidir. Azərbaycanın geosiyasi çəkisi artırsa, onun nəqliyyat və logistika arxitekturası da buna uyğun institusional çərçivəyə keçməlidir. Bağlantı yaratmaq, tranzit axınlarını idarə etmək və regional nəqliyyat sisteminin mərkəzində olmaq da dövlət gücünün göstəricisidir”, – Rauf Ağamirzəyev vurğulayıb.
Eltac Zülfüqaroğlu
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?
Elektrikli avtomobillərə minənlər niyə özlərini pis hiss edir? – ARAŞDIRMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Sürücülərin illərdir inandığı fikir dəyişir: Avtomat maşınlar daha çox yanacaq sərf etmir
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO












