Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF

Şəhərlərdə nəqliyyatın yaratdığı səs-küy insanların rahatlığına və şəhər mühitinin keyfiyyətinə ciddi təsir göstərən amillərdən biridir. Ekspertlər hesab edir ki, problemin həlli üçün yalnız yol kənarlarında səs baryerlərinin quraşdırılması ilə kifayətlənmək olmaz. Səs-küyün yarandığı mənbədə azaldılması daha effektiv və innovativ yanaşmalardan biri ola bilər.
Avtosfer.az xəbər verir ki,nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yol infrastrukturunun layihələndirilməsi zamanı səs-küy amili əvvəlcədən nəzərə alınmalıdır. Onun sözlərinə görə, xüsusilə magistral yolların yaşayış ərazilərinə yaxın hissələrində müxtəlif həllərin birlikdə tətbiqi daha yaxşı nəticə verə bilər.

Ənənəvi üsullardan biri magistral və dəmir yolları boyunca səs baryerlərinin quraşdırılmasıdır. Lakin səs-küyün mənbəyində, yəni təkər və yol örtüyünün təmas nöqtəsində azaldılması da mümkün variantdır.
Rauf Ağamirzəyev bununla bağlı Avropada sınaqdan keçirilmiş poroelastik yol örtüyünü nümunə göstərib. Belə örtüklər təkər–yol təmasından yaranan səsi azaltmaq məqsədi daşıyır. 2015-ci ildə PERSUADE layihəsi çərçivəsində sınaqdan keçirilən örtükdə təkrar emal edilmiş şinlərdən alınan rezin, çınqıl və poliuretan bağlayıcıdan istifadə olunub. Akustik ölçmələr zamanı bu örtüyün səs-küyü təxminən 8 desibel azaltdığı müəyyən edilib.
Oxşar səs azalmasını ənənəvi səs baryeri ilə təmin etmək üçün bəzi hallarda təxminən 3 metr hündürlüyündə maneəyə ehtiyac yarana bilər. Bu baxımdan səs-küyün birbaşa yol örtüyündə azaldılması gələcək yol layihələri üçün alternativ həll kimi qiymətləndirilə bilər.
Ekspert bildirib ki, məsaməli asfalt-beton örtüklərindən də istifadə mümkündür. Belə örtüklər təkər–yol səsini azaltmaqla yanaşı, yağış sularının drenajına da müəyyən töhfə verə bilər. Bununla belə, innovativ örtüklərin tətbiqində onların qiyməti, davamlılığı, yol tutuşu, iqlim və xüsusilə qış şəraitində davranışı nəzərə alınmalıdır.
Səs-küyün azaldılmasında yaşıllıq zolaqlarının və torpaq relyefinin də rolunu vurğulayıb. Onun sözlərinə görə, yol boyunca yalnız bir neçə ağacın əkilməsi deyil, kifayət qədər geniş və çoxqatlı yaşıllıq zolağının yaradılması daha məqsədəuyğundur. Çəmənlik, kollar və ağaclardan ibarət zolaqlar həm vizual baryer yaradır, həm də səsin yayılmasını müəyyən qədər zəiflədə bilər.
Rauf Ağamirzəyev torpaq kurqanları və bəndlər kimi relyef həllərinin də səsin yayılma xəttini kəsmək baxımından istifadə oluna biləcəyini qeyd edib. Belə həllərin akustik panellərlə birlikdə tətbiqi daha effektiv nəticə verə bilər.
Onun sözlərinə görə, magistral yollara yaxın ərazilərdə tikilən binaların layihələndirilməsi zamanı da akustik amillər nəzərə alınmalıdır. Səsuducu fasad materialları, uyğun balkon və örtük həlləri, eləcə də səs izolyasiyası yüksək olan pəncərələrdən istifadə etməklə nəqliyyat səsinin yaşayış məkanlarına daxil olması azaldıla bilər.
Ekspert hesab edir ki, nəqliyyat səs-küyünün azaldılmasının ən sadə üsullarından biri də sürət rejiminin düzgün təşkilidir. Sürət artdıqca xüsusilə təkər–yol təmasından yaranan səsin əhəmiyyəti artır. Buna görə yaşayış və məktəb ərazilərində sürət həddinin uyğunlaşdırılması, ağırtonnajlı nəqliyyat vasitələrinin yaşayış küçələrində hərəkətinin məhdudlaşdırılması və yük axınlarının düzgün idarə edilməsi də səs-küyün azalmasına kömək edə bilər.
Fəvvarələr və digər su elementləri nəqliyyat səs-küyünü aradan qaldırmasa da, təbii səslər vasitəsilə onun insanlar tərəfindən qəbul edilən narahatlığını müəyyən qədər azalda bilər.
Şəhərlərdə səs-küy probleminə kompleks yanaşılmalıdır. Sürətin idarə edilməsi, daha səssiz yol örtükləri, akustik baryerlər, torpaq relyefi, yaşıllıq zolaqları və binaların səs izolyasiyası bir-birini tamamlayan həllər kimi tətbiq edilə bilər.
Rauf Ağamirzəyev hesab edir ki, Azərbaycanda da yeni yol və şəhərsalma layihələri hazırlanarkən səs-küy məsələsi yalnız problem yarandıqdan sonra həll edilməməli, layihələndirmənin ilkin mərhələsindən etibarən nəzərə alınmalıdır. Bəzi ərazilərdə ənənəvi 3 metrlik səs baryerinin qurulması əvəzinə, səs-küyün yarandığı mənbədə – yol örtüyündə – azaldılması daha innovativ və uzunmüddətli həll ola bilər.
Eltac Zülfüqaroğlu
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO













