Banner

İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA

Öyrənək 21 Yanvar 2026 15:41
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cərimə meydançalarında illərdir saxlanılan nəqliyyat vasitələri var və onların taleyi uzun müddətdir qeyri-müəyyən qalır. Belə avtomobillərin aqibəti necə olur, onlar hansı müddətədək cərimə meydançasında qala bilə və avtomobil sahibləri cərimə borclarını niyə ödəmirlər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı qaydalarda konkret müddət müəyyənləşdirilir:

“Yəni həmin müddətdə vətəndaş öz avtomobilinə sahib çıxmırsa və yaxud avtomobillə bağlı hər hansı bir problemi həll etmirsə, dövlət həmin avtomobili müsadirə edir. Daha sonra ya satışa çıxarılır, yaxud da yararsızdırsa, metaləritmə sexlərinə göndərilərək məhv edilir. Ancaq Azərbaycanda qaydalar bir az fərqlidir. Ona görə də bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər. Amma bu, belə olmamalıdır, çünki düzgün yanaşma deyil. Ümumilikdə, düşünürəm ki, vətəndaşın bu məsələyə yanaşması qanunvericilik səviyyəsində olmalıdır.

Qanunvericilikdə göstərilir ki, hər bir nəqliyyat vasitəsi duracaqda saxlanılırsa onun hər gününə görə ödəniş hesablanır. Bir çox vətəndaşlar bundan xəbərsizdir, hələ də xəbərsiz qalır və yaxud, bəzi adamlar bunu mənəvi məsələlərə bağlayırlar.

Deyək ki, kiminsə yaxını, doğması həmin avtomobildə qəzaya düşüb, ölüb və ya xəsarət alıb. İnsanlar bunu duyğusal hisslərlə əlaqələndirirlər ki, bu avtomobil artıq bizə lazım deyil, onda itkimiz olub və s. Belə halda, əgər lazım deyilsə, gəlib ərizə yazmaq lazımdır. Ərizə yazıb imtina edirsən ki, mən bu maşını istəmirəm. Yaxud da gəlib sənədləri qaydaya salıb avtomobili oradan götürürsən. Yəni bunun iki yolu var. Əsas yol isə avtomobili oradan götürməkdir. Götürmürsənsə, mütləq imtina etməlisən”.

Ekpsert qeyd edib ki, əgər avtomobil əzilibsə, bərbad haldadırsa, imtina ərizəsi yazılır və bununla da məsələ öz həllini tapır: “Polis həmin avtomobili aidiyyəti qurumlara təhvil verir və problem aradan qalxır. Avtomobil orada metal qırıntısı kimi, zibil parçası kimi qalmasın, yer tutmasın. Onun hər gün orada qalması, eyni zamanda avtomobildən axan sürtkü yağları və digər elementlər ümumilikdə ətraf mühitə zərər verir. İnsanlar bəzən bunun fərqinə varmırlar və elə bilirlər ki, avtomobilin orada qalmağında hər hansı bir problem yoxdur. Maşın orada qaldıqca təkərlər çürüyür, təkərlər çürüdükcə eroziya başlayır və artıq zəhərli maddələr ifraz olunur. Beləliklə də ətraf mühit çirkləndirilmiş olur.

Bu baxımdan, düşünürəm ki, insanları maarifləndirmək lazımdır ki, bu məsələdə məsuliyyəti dərk etsinlər. Məsuliyyət nə qədər tez qavranılsa, başa düşülsə, bu problemlər də bir o qədər tez öz həllini tapa bilər.

Yəni, bir insan başa düşsə ki, bu işə görə nə qədər insana zərər dəyir, nə qədər problem yaşanır, o zaman heç kim razı olmaz ki, avtomobil orada bir tullantıya çevrilsin və ətraf mühitə ziyan vursun”.

Baş Dövlət Yol Polis İdarəsindən Avtosfer.az-a bildirilib ki, dəfələrlə media subyektləri və digər vasitələrlə qəza sonrası uzun müddət mühafizə olunan duracaqlarda saxlanılan nəqliyyat vasitələrinin sahibləri və ya istifadəçiləri ilə əlaqə saxlanılaraq avtomobili götürmələri barədə müvafiq məlumatlar verilsə də, təəssüf ki, hələ də bu məsələyə laqeyd yanaşan şəxslər mövcuddur:

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, həmin avtomobillərin duracaqdan götürülməsi və ya utilizasiyaya təqdim edilməsi üçün bütün lazımi şərait yaradılıb və müraciət edənlərə dərhal köməklik göstərilir.

Əsas məqsəd ölkəmizin avtomobil parkının yenilənməsi, ekoloji normalara cavab verməyən və yaxud tamamilə yararsız hala düşmüş nəqliyyat vasitələrinin utilizasiyaya yönləndirilməsi ilə həm təhlükəsizliyin artırılması, həm də ekoloji mühitin qorunmasıdır”.

Eltac Zülfüqaroğlu

Oxunub 442
ŞƏRH YAZ
Ad

E-mail

Şərh