Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT

Yol-nəqliyyat hadisələri ilə bağlı müzakirələrin yalnız “sürücü günahkardır” və ya “piyada diqqətsizdir” kimi sadə yanaşmalar üzərində qurulması problemin həllinə deyil, əksinə, daha da dərinləşməsinə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, bu məsələ fərdi deyil, sistem xarakterlidir və kompleks yanaşma tələb edir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, şəhər mühitində davamlı və baryersiz səkilər mövcud deyilsə, təhlükəsiz və qısa piyada keçidləri təmin olunmayıbsa, belə şəraitdə piyadaların cərimələnməsi real vəziyyəti əks etdirmir. İnsanlardan təhlükəsiz davranış tələb etməzdən əvvəl, təhlükəsiz mühitin yaradılması şəhərsalma siyasətinin birbaşa vəzifəsidir.
Ekspert vurğulayıb ki, istər Baş plan, istərsə də 2025–2030-cu illəri əhatə edən dövlət proqramları şəhərlərin avtomobil mərkəzli modeldən insan yönümlü modelə keçidini nəzərdə tutur. Bu yanaşmaya əsasən, piyada yol iyerarxiyasında ən yüksək prioritetə malik olmalı, şəhərlərdə fasiləsiz və baryersiz səkilər formalaşdırılmalı, qısa məsafəli və eyni səviyyəli təhlükəsiz keçidlər geniş tətbiq edilməlidir.
Yol qəzalarının azaldılması istiqamətində dünyada effektivliyi sübut olunmuş “Vision Zero” yanaşması əsas götürülməlidir. Bu konsepsiya insan səhvini qaçılmaz qəbul edir və sistemi elə qurmağı tələb edir ki, baş verən səhvlər ölüm və ağır xəsarətlə nəticələnməsin. Yəni əsas diqqət cərimə mexanizmlərindən çox, infrastrukturun düzgün qurulmasına, küçə dizaynına və təhlükəsizlik standartlarına yönəldilməlidir.
Ekspertin fikrincə, maraqlı məqam ondan ibarətdir ki, bir çox ölkələr, o cümlədən Azərbaycan qabaqcıl Avropa avtomobil istehsalçılarının məhsullarından istifadə etsə də, həmin ölkələrin şəhər mühitində tətbiq etdiyi təhlükəsizlik həllərini, zolaqların daraldılması, sürətin fiziki olaraq azaldılması, piyadaya üstünlük verən dizayn prinsiplərini — tətbiq etməkdə hələ də tərəddüd edir.
Praktik nümunə kimi paytaxtın 8 Noyabr prospektini göstərən ekspert bildirib ki, yenidənqurma işlərindən əvvəl bu ərazidə ölümlə nəticələnən qəzalar tez-tez baş verirdi. Sonradan zolaqların ensizləşdirilməsi, səkilərin yaxşılaşdırılması və eyni səviyyəli, svetoforla tənzimlənən keçidlərin artırılması nəticəsində (tam ideal olmasa da) ölüm hallarının sayında ciddi azalma müşahidə olunub.
Yol təhlükəsizliyi sahəsində ən effektiv yanaşma insanları dəyişməyə çalışmaq deyil, mühiti dəyişməkdir. Onun sözlərinə görə, düzgün planlaşdırılmış şəhər mühiti həm sürücülərin, həm də piyadaların davranışını avtomatik olaraq təhlükəsiz istiqamətə yönəldir və bu da qəza riskini minimuma endirir.
Eltac Zülfüqaroğlu
Sentyabr ayında qəzalarda ölənlərin sayı bu səbəblərə görə artıb – EKSPERT - VİDEO
Yaşıl işıqda dönən sürücüyə cərimə yazıla bilər? – İZAH – VİDEO
Sağ zolaqda bu hərəkətə görə cərimə yazılır? – Qanun nə deyir – VİDEO
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO










