Banner

Maşına quraşdırılan “kolonka”lar yanğına səbəb ola bilər – MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ - FOTO

Öyrənək 30 May 2025 15:30 Oxunub 1818
Maşına quraşdırılan “kolonka”lar yanğına səbəb ola bilər – MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Həm dünya gündəmini, həm də Azərbaycandakı media gündəmini uzun illərdir zəbt edən əsas məsələlərdən biri məhz avtomobillərin yanması ilə əlaqədardır. Bu məsələ 2019-cu ildə ABŞ gündəmini o qədər çox zəbt etmişdi ki, dövlət tərəfindən problemin həlli istiqamətində xüsusi komissiya yaradılmışdı. Bu komissiyaya tapşırılan birinci vəzifə avtomobillərlə bağlı yayılan yanğın xəbərlərini kateqoriyalar üzrə qruplaşdırmaq və problemin ilkin ehtimal olunan səbəblərini öyrənmək idi. ABŞ-nin həmin vaxt kresloda olan prezidenti Donald Tramp problemin həlli üçün milyardlarla dollar vəsait də ayırmışdı.

Bu komissiyanın ortaya çıxardığı məsələlər isə daha çox avtomobildə edilən konstruksiya dəyişiklikləri ilə əlaqədar idi. Digər tərəfdən ABŞ-nin bəzi yollarındakı sürət limitinin yüksək olması da, sən demə, maşında yanğınlara səbəb olurmuş. Bunun mənbəyi kimi isə yay aylarında yollarda asfaltın kəskin qızması və istər nəqliyyat vasitələri hərəkətdə olarkən, istərsə də hərəkətsiz halda olanda maşının şinlərinin yüksək temperaturda qızması göstərilirdi. Digər tərəfdən, nəqliyyat vasitələrinə quraşdırılan iri həcmli və yüksək səs effektlərinə sahib “kalonka”lar da yanğınlara səbəb kimi göstərilmişdi. Avtomobillərə quraşdırılan səs gücləndirici vasitələr – istər orijinal olsun, istər keyfiyyəti bir az və ya çox aşağı olan cihazlar onlarda alışma yaranmasına gətirib çıxarır. Xüsusi komissiya öz rəyində bu cür vasitələrin düzgün həm ölkə qanunvericiliyinə zidd olmasını, həm də avtomobilə düzgün quraşdırılmamasını əsas gətirərmişdilər. Komissiyanın öz rəyində qeyd etdiyi başqa problem isə həmin illərdə, eləcə də daha əvvəl ABŞ-də “perekitka” olunan nəqliyyat vasitələrinin istismarda olması idi. Bu cür nəqliyyat vasitələri tüninq olunan avtomobillərdən fərqli olaraq sükan sistemi ilə birlikdə yerini dəyişdiyi üçün peşəkar ustalıq tələb edir. Lakin amerikalılar bu maşınları peşəkarların yanına yox, adi ustaların yanına aparmışdılar. Təkcə 2018-ci ildə ABŞ-də 3255 “perekitka” olunan nəqliyyat vasitəsinin yanması ilə bağlı fakt ortaya çıxıb.

Komissiyanın tərtib etdiyi rəydən sonra Tramp həm ölkə qanunvericiliyində dəyişiklik etdi, həm də öz çıxışında buc ür zərərli vasitələrdən və üsullardan uzaq durmaq üçün sürücülərə xəbərdarlıq etdi. Bundan sonra ABŞ-də sükan sistemi sağdan sola keçirilmiş, yaxud ölkəyə gətirildikdən sonra dəyişiklik edilmiş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi qadağan edildi. Bu qadağanın ardınca ölkədə belə nəqliyyat vasitələrinin istismarı ilə bağlı qaydalar da dəyişdirildi. Nəqliytyat vasitlərinin istismarı üçün sürücülərə 1 il vaxt verildi və həmin nəqliyyat vasitələrinin utilizasiya prosesi sürətləndi. Bunun nəticəsində ölkənin avtomobil bazarı da yenilənmiş oldu. Həmin dövrdə ölkənin nəqliyyat naziri olan Antoni Foksun açıqlamasına görə, 2020-ci ildə ölkə yollarında idarə olunan nəqliyyat vasitələrinin orta yaşı 14-ə qədər düşüb və bu son 20 ilin ən yaxşı nəticəsinə çevrilib. Bu isə öz növbəsində ABŞ küçələrində baş verə biləcək avtomobil yanğınlarının da dolayı yolla faizlərinin aşağı düşməsinə gətirib çıxarıb.

Son illər ölkəmizdə də avtomobillərə əlavə səsgücləndirici sistemlərin quraşdırılması tendensiyası artıb. Xüsusilə gənc sürücülər arasında populyarlaşan bu sistemlər, avtomobilin səsi ilə daha çox diqqət çəkmək məqsədi daşıyır. Lakin səsgücləndiricilər təkcə estetik və səs effektləri ilə kifayətlənmir, eyni zamanda həm avtomobilə, həm də ətraf mühitə ciddi zərərlər verə bilər.

Texniki baxımdan bu cür avadanlıqlar avtomobilin elektrik sistemini yükləyə, batareyanın ömrünü azalda və hətta avtomobilin daxili hissələrində titrəyişlərə, boşluqlara səbəb ola bilər. Bəzi hallarda səsgücləndirici sistemlərin düzgün quraşdırılmaması nəticəsində qısaqapanma və yanğın təhlükəsi də yaranır. Bundan əlavə, yüksək səslə fəaliyyət göstərən sistemlər ətraf mühitdə yaşayan insanlar üçün səs-küyə səbəb olur və ictimai narahatlıq yaradır. Bu səbəbdən də bir çox ölkədə bu cür səsgücləndiricilərin qadağan olunması və ya məhdudlaşdırılması üçün qanunvericilik tədbirləri görülür.

Bəs estetik və diqqət çəkmək məqsədilə quraşdırılan səsgücləndiricilər, əslində, nə dərəcədə təhlükəlidir və bu tendensiyanın qarşısını almaq üçün nə kimi addımlar atılmalıdır?

Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlmasında bildirib ki, avtomobilə quraşdırılan istənilən avadanlıq avtomobilə problemlər yarada bilər:

“Bunun əsas məsələlərindən biri düzgün quraşdırmamaqdır. Əgər professional avadanlıqlar quraşdırılırsa və bu iş mütəxəssislər tərəfindən həyata keçirilirsə, bu halda avtomobildə problem olmamalıdır. Məsələ nədən ibarətdir? Birincisi, avtomobilin güc tələbatlarına uyğun olaraq ona qurğu quraşdırılmalıdır və həmin qurğulara əlavə güc verilməsi üçün avtomobildə əlavə tədbirlər görülməlidir.

Məsələn, bu səsgücləndiricilər və əlavə “kolonka” deyilən aşağı tezlikli dinamiklərin quraşdırılması zamanı görüləcək işlərdən biri avtomobilə əlavə akkumulyatorun qoyulmasıdır. Bundan əlavə, əgər generator az güc verirsə, bu halda daha güclüsündən istifadə olunmalıdır. Naqillər və qoruyucular buna uyğun olaraq seçilməlidir. Həmin qurğuların yerləşdiyi sahədə soyutma sistemi normal şəkildə təşkil edilməlidir. Əgər bu sistemlər havayla soyudulursa, bu mütləq təmin olunmalıdır ki, qurğular həddən artıq qızıb yanğına səbəb olmasınlar”.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, həmin qurğular elə quraşdırılmalıdır ki, vibrasiya nəticəsində avtomobildə onların metal hissələrində deformasiya yaranmasın və uzun müddət işləmək nəticəsində avtomobilin kuzovuna ziyan vurmasınlar:

“Bu qurğular sağlamlıq üçün də zərərlidir. Çünki aşağı tezliklər ürək-damar sisteminə və sinir sisteminə mənfi təsir göstərir. Digər tərəfdən, bunun bir də sosial tərəfi var. Əgər avtomobildə yüksək səslə işləyən sistemlər quraşdırılırsa, bu yol hərəkəti qaydalarının pozulması kimi də qeyd oluna bilər. Çünki müəyyən desibeldən yuxarı olduqda bu məsuliyyət yaradır və ətrafdakı insanlara narahatlıq törədir”.

Yerli mütəxəssislər hesab edir ki, ölkəmizdə nəqliyyat vasitələrində edilən konstruksiya dəyişiklikərinin əsas səbəbi kimi isə Qərb və Rusiyaya meyillilik göstərilir. Bu addımları atan, nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi edən şəxslərin daha çox gənclər olması, onu deməyə əsas verir ki, bu şəxslər istər nəqliyyat vasitələrinə “kalonka”ların quraşdırılması, istərsə də təkərlərin ölçüsündə etdikləri dəyişiklikləri qeyd olunan ölkələrdə müşahidə olunan nümunələrlə bağlı etməyə çalışırlar.

​​​​​​​Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Eltac Zülfüqaroğlu

 

Огромная колонка JBL в машине! Как подключить? - YouTube

ŞƏRH YAZ
Ad

E-mail

Şərh