Rahat şəhər mühitinin sirri nədir? – Brüssel nümunəsi - FOTO

Brüsselə səfəri zamanı şəhər mühitini müşahidə edən nəqliyyat eksperti Rauf Ağamirzəyev paytaxtın rahat və funksional şəhər infrastrukturunun diqqətini çəkdiyini bildirib.
Avtosfer.az xəbər verir ki, ekspertin sözlərinə görə, rahat şəhər anlayışı yalnız müasir binalar və iri layihələrlə ölçülmür. Əsas amil insanların gündəlik həyatını asanlaşdıran, düşünülmüş və funksional detalların vahid sistem şəklində tətbiq edilməsidir.

Rauf Ağamirzəyev qeyd edib ki, Brüsselin ictimai nəqliyyat infrastrukturu bu baxımdan nümunəvi hesab oluna bilər. Belə ki, metro stansiyalarının girişində qatarların gəliş vaxtını göstərən elektron tablolar, intensiv istifadə olunan avtobus dayanacaqlarının sadə, lakin funksional dizaynı, hər dayanacaqda marşrut nömrələri və istiqamətləri barədə məlumatların yerləşdirilməsi şəhərdə hərəkəti xeyli rahatlaşdırır.
Dayanacaqlarda şəhər xəritəsinin, sərnişinin olduğu məntəqənin və gedəcəyi istiqamət üzrə marşrutun göstərilməsi, həmçinin avtobusların real vaxt rejimində hərəkətini əks etdirən elektron məlumat lövhələri ictimai nəqliyyatdan istifadənin daha əlçatan və rahat olmasına şərait yaradır.

Onun sözlərinə görə, şəhərdə mikromobilliyə də xüsusi önəm verilir. Velosiped və digər mikromobillik zolaqları avtomobil hərəkət zolaqlarından kəsintisiz səki daşları ilə ayrılıb, piyada keçidlərinin əksəriyyəti işıqforlarla tənzimlənir, velosipedçilər üçün ayrıca işıqfor seksiyaları quraşdırılıb. Eyni zamanda, baryersiz və inklüziv mühitin yaradılması, geniş yaşıllıq sahələri və parklar şəhərin komfort səviyyəsini artıran əsas amillərdən biridir.
Xüsusilə şəhərin vahid dizayn kodunu diqqətə çatdırıb. O bildirib ki, küçə lövhələri, binaların ünvan nişanları, poçt qutuları, tikinti işləri zamanı yaradılan müvəqqəti piyada keçidləri, təhlükəsizlik elementləri və aydın nişanlanma sistemi vahid estetik yanaşma əsasında formalaşdırılıb. Hətta tikinti meydançalarının belə yaşıllıq elementləri ilə şəhər mühitinə uyğunlaşdırılması şəhərsalmada funksionallıqla estetik görünüşün uğurla uzlaşdırıldığını göstərir.
Brüsseldə müsbət məqamlarla yanaşı, müəyyən problemlər də müşahidə olunub. Belə ki, bəzi ərazilərdə dolub-daşan zibil qutuları və vizual çirklilik yaradan qrafitilər ümumi müsbət təəssürata müəyyən qədər mənfi təsir göstərir.

Rauf Ağamirzəyev hesab edir ki, Brüssel nümunəsi bir daha sübut edir ki, rahat şəhər mühiti yalnız iri infrastruktur layihələri hesabına deyil, insanların gündəlik həyatını asanlaşdıran, əlçatanlığı artıran və insan mərkəzli planlaşdırılan xırda detalların düzgün təşkili ilə formalaşır. Yanaşma müasir şəhərsalmanın əsas prinsiplərindən biri olmalı və digər şəhərlər üçün də nümunə kimi qiymətləndirilməlidir.
Eltac Zülfüqaroğlu
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










