Banner

Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ

Öyrənək 21 Oktyabr 2026 20:30
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə olun

Su altında qalmış avtomobili xilas etmək istəyən sürücülərin tələsik verdiyi qərarlar ciddi maddi zərərlə nəticələnə bilər. Belə hallarda avtomobili dərhal işə salmağa cəhd etmək mühərrikin sıradan çıxmasına və elektron sistemlərin zədələnməsinə səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, avtomobilin ətrafındakı su çəkilsə belə, mühərrikin daxilinə su daxil olmuş ola bilər. Bu vəziyyətdə açarı çevirmək və ya “Start-Stop” düyməsini basmaq təhlükəlidir. Su mühərrikin silindrlərinə daxil olduqda hidrozərbə yarana bilər. Nəticədə porşen qolları əyilə, mühərrik bloku zədələnə və mühərrik tamamilə yararsız hala düşə bilər. Buna görə də avtomobili işə salmadan evakuatorla servisə aparmaq və mütəxəssis yoxlamasından keçirmək lazımdır.

Su avtomobilin salonuna daxil olduqda döşəmə örtüyünün altındakı naqillər, elektron idarəetmə blokları və digər həssas komponentlər də zədələnə bilər. Bu isə elektrik sistemində nasazlıqlara, qısaqapanmaya və müəyyən hallarda yanğın riskinə səbəb ola bilər. Akkumulyatorun başlıqlarını ayırmaq da hər zaman təhlükəsiz deyil. Buna görə elektrik sisteminə müdaxiləni mütəxəssisə həvalə etmək daha məqsədəuyğundur.

Su basmış avtomobilin vəziyyətini foto və videolarla qeydə almaq da vacibdir. Avtomobilin hansı səviyyəyədək su altında qaldığını və hadisənin baş verdiyi ərazini görüntüləmək sığorta məsələlərinin həllində kömək edə bilər. Sürücülər zərər barədə sığorta şirkətinə məlumat verməli, təmirə başlamazdan əvvəl şirkətin göstərişlərini dəqiqləşdirməlidirlər.

Avtomobil servisə çatdırıldıqdan sonra mühərrik yağı və digər mayelər yoxlanılmalı, mühərrikə su daxil olub-olmadığı müəyyənləşdirilməlidir.

Bununla yanaşı, salonun döşəmə örtüyü, naqillər və elektron komponentlər də yoxlanılmalı, zərurət yarandıqda qurudulmalıdır. Vaxtında müdaxilə edilmədikdə elektron hissələrdə korroziya yarana və sonradan əlavə nasazlıqlar meydana çıxa bilər.

Beləliklə, su altında qalmış avtomobili yoxlanılmadan işə salmaq zərəri daha da artıra bilər. Ən düzgün addım avtomobili hərəkətə gətirməmək, təhlükəsizliyi qorumaq və peşəkar texniki yardım almaqdır.

Eltac Züflüqaroğlu

Oxunub : 314
ŞƏRH YAZ
Ad

E-mail

Şərh