Yolda bunu etmək sürücüyə baha başa gələ bilər – XƏBƏRDARLIQ - VİDEO

Öyrənək 3 İyul 2026 11:30
Yolda bunu etmək sürücüyə baha başa gələ bilər – XƏBƏRDARLIQ - VİDEO
WhatsApp kanalımıza abunə olun

Yollarda baş verən mübahisələr bəzən ağır nəticələrə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, sürücülər emosiyalarına hakim olmalı, qarşı tərəfin təxribatına uymamalıdırlar.

Avtosfer.az xəbər verir ki, bu fikirləri "AvtoFM"in efirində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov səsləndirib.

Onun sözlərinə görə, yolda yaranan mübahisələrin əksəriyyəti əslində qarşısı alına biləcək hadisələrdir və belə hallarda ən doğru davranış sakitliyi qorumaqdır.

"Yolda kimsə sizi sıxdı, təhlükəli manevr etdi, az qala avtomobilinizə dəydi, amma qəza baş vermədi. Belə vəziyyətdə mübahisə etməyə dəyərmi? Məncə, yox. Bəzən sürücülər qarşı tərəfin qabağını kəsərək soruşurlar ki, “Nə edirsən?” Qarşı tərəf isə “Əcəb edirəm” və ya buna bənzər cavab verir. Bundan sonra isə vəziyyət daha da gərginləşir.

Əgər bir insan bu qədər məsuliyyətsiz davranaraq təhlükəli vəziyyət yaradırsa, deməli onun düşüncə tərzi də elə budur. Siz ona heç nəyi sübut edə bilməyəcəksiniz. Əksinə, mübahisəyə qoşulmaq sizə əlavə problemlər yarada bilər", - deyə o bildirib.

Aqil Rəhimov qeyd edib ki, gənclik illərində özü də bu cür mübahisələrə qoşulub və bunun heç bir müsbət nəticə vermədiyini sonradan anlayıb.

"Mən əvvəllər daha emosional idim. Qarşı tərəfə sakit şəkildə irad bildirirdin, o isə 'Sənin yaşın qədər mənim sürücülük stajım var' və ya 'Əcəb edirəm' kimi cavab verirdi. Belə sözlərdən sonra emosiyaları saxlamaq çətin olur və mübahisə davaya çevrilə bilir.

Bir anlıq düşünün. Dava düşdü, siz qarşı tərəfi vurdunuz - polisə düşəcəksiniz. Qarşı tərəf sizi vurdu - xəstəxanaya düşəcəksiniz. Hər iki variant zərərlidir və heç kimə fayda vermir", - deyə məşqçi vurğulayıb.

O bildirib ki, yollarda aqressiv sürücülər kifayət qədərdir və hər qarşılaşmada mübahisəyə qoşulmaq insanın həyatını stressə çevirə bilər.

"Yollarda çox aqressiv sürücülər var. Əgər hər dəfə kimləsə mübahisə edib dalaşsanız, həyatınız müharibəyə çevriləcək. Bir qədər təmkinli olmaq lazımdır. Qoy həmin insan nə vaxtsa özündən daha aqressiv biri ilə qarşılaşsın. Ən yaxşısı onu həyatınızdan çıxarmaq, yolunuza davam etməkdir. Öz qanınızı qaraltmağa dəyməz.

Biz emosional insanlar belə hadisələri uzun müddət unuda bilmirik. Ola bilər ki, dava belə düşməsin, sadəcə mübahisə edəsən. Amma həmin hadisə gün ərzində səni narahat edəcək, əsəblərini korlayacaq. O biri sürücü isə bəlkə də bunu beş dəqiqə sonra unudacaq. Nəticədə sağlamlığına zərər dəyən, stress keçirən və xəstələnən sən olacaqsan", - deyə Aqil Rəhimov əlavə edib.

Mütəxəssis sürücülərə tövsiyə edib ki, yol hərəkəti zamanı emosiyalarını idarə etsinlər, qarşı tərəfin təxribatına uymasınlar və mübahisə yaratmaq əvəzinə təhlükəsiz şəkildə yollarına davam etsinlər. Bir neçə dəqiqəlik əsəb sonradan hüquqi problemlərə, sağlamlıq risklərinə və daha ağır nəticələrə səbəb ola bilər.

Eltac Zülfüqaroğlu

Oxunub : 344
ŞƏRH YAZ
Ad

E-mail

Şərh