Bayram fişəngləri - əyləncə, yoxsa təhlükə? – Atəşfəşanlıq yanğına çevrilə bilər!

Yeni il və digər bayramlar həm əyləncə, həm də sevinc mənbəyi olsa da, bu günlərdə insanların təhlükəsizliyini və ətraf mühiti qorumaq baxımından müəyyən risklər ortaya çıxır. Xüsusilə, bayramlar zamanı fişənglər və digər atəşfəşanlıq vasitələri geniş istifadə olunur. Fişənglərin parlaq işıqları, səsi və rəngarəng vizual effekti bayram abu-havasını artırsa da, onlardan təhlükəsiz və məsuliyyətli istifadə olunmaması ciddi problemlər yarada bilər.
Birincisi, fişənglərin istifadəsi yanğın təhlükəsi yaradır. Quru otlar, binalar, avtomobillər, park və bağ sahələri kimi yanıcı materialların yaxınlığında atılan fişənglər gözlənilməz və sürətlə yayılan yanğınlara səbəb ola bilər. Bu, yalnız maddi ziyanla nəticələnmir, həm də insanların həyatı üçün ciddi risk təşkil edir. Yanğın nəticəsində evlər, avtomobillər və ictimai ərazilər zərər görə bilər, bəzən isə insan və heyvan itkisi ilə nəticələnə bilər.
Bayram əyləncəsi bir anlıq olsa da, yanğın və ya digər fəsadların təsiri uzun müddət davam edə bilər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə Avtosfer.az-a bildirb ki, pirotexniki vasitələrdən, yəni fişənglərdən istifadə yanğın təhlükəsini artırır: “Bununla yanaşı, pirotexniki vasitələrin mülki dövriyyəsi qanunla qadağa olunur. Vaxtilə pirotexniki vasitələrdən istifadə nəticəsində baş vermiş yanğın hallarını xarici ölkələrdən nümunə göstərdiyimiz halda artıq təəssüflər olsun ki, son illər ölkəmizdə də bu cür analoji hadisələrin baş verdiyini müşahidə edirik. Bəzi sahibkarlar tərəfindən qapalı məkanlarda, bayram və toy şənliklərində müştərilərə açıq alovla nümayiş etdirilən şou proqramlar təklif olunur. Sözügedən hallar yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Belə faktlar aşkar olunduqda məsul şəxslər barəsində qanunvericiliyin tələbləri çərçivəsində inzibati qaydada tədbirlər görülür. İnsanların həyat və sağlamlığına zərər dəydiyi halda isə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Vətəndaşlardan pirotexniki vasitələrdən istifadə etməmələri və qapalı məkanlarda açıq alovla müşahidə olunan tədbirlər təşkil etməmələri tələb olunur”.
Bəs görəsən fişənglərin istifadəsi ekoloji baxımdan necə qiymətləndirlir? Ekoloq Fikrət Cəfərov hesab edir ki, fişənglər ekologiyaya o qədər də böyük zərər vermir: “Fişənglərin atılması bayram şənliyinin ayrılmaz bir hissəsidir. İnsanlar demək olar ki, ömür boyu fişənglərdən istifadə ediblər və ümumiyyətlə, belə baxanda, fişənglər insanın ruhunu təmizləyir və sevindirir. Həmçinin, həmin maddələr yananda o qədər də böyük miqdarda toksiki maddələr buraxmırlar. Onlar yanır və hər il dövlət tərəfindən böyük atəşfəşanlıq təşkil olunur. Bakının bir çox hissəsi bulvarda toplanır, insanlar bir-birilərini təbrik edir, arzularını paylaşırlar.
Aydındır ki, təyyarələr ilə uçuş zamanı atmosferə çox miqdarda maddələr, istixana qazları və toksiki maddələr atılır. Lakin bu gün təyyarələrin istifadəsinin tamamilə qarşısını almaq mümkün deyil. Bu səbəbdən mən hesab edirəm ki, fişənglərin istifadəsi məsələsini müzakirə etmək o qədər də vacib deyil”.
Nurcan Babək













