Banner

Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS

Sosial 20 Noyabr 2026 11:48
Müəssisə adları Azərbaycan dilinə necə təsir edir? – MÜTƏXƏSSİS
WhatsApp kanalımıza abunə olun

Bakıda bəzi obyektlərin adlarında xarici dillərdən istifadə olunması və tarixi binaların fasadlarında reklam lövhələrinin yerləşdirilməsi məsələsi gündəmə gəlib.

Avtosfer.az xəbər verir ki, Nizami küçəsində yerləşən “Urfa Sofrası” restoranının lövhəsi ilə bağlı memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib. O, reklam lövhəsindəki yazının ana dilində olmadığını, Bakının bu cür adlarla Türkiyənin əyalət şəhərinə çevrildiyini və bu cür halları özbaşınalıq adlandıraraq narazılığını ifadə edib. Hətta vəziyyətin artıq bezdirici həddə çatdığını vurğulayıb. Bəs sahibkarlar firmaları ilə bağlı ad təyin etməkdə hansı normaları gözləməlidirlər? 
Mövzu ilə bağlı marketoloq Elxan Mərdanlı Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan dili bizim dövlət dilimizdir və onun qorunması, ictimai yerlərdə düzgün istifadəsi hər birimizin məsuliyyətidir:


"Lakin bu məsələyə yanaşarkən sahibkarların markalaşma hüququ ilə reklam və lövhələrdə dövlət dilindən istifadə tələblərini bir-birindən fərqləndirmək lazımdır. Müasir ticarətdə markalaşma, brend adlarının və loqoların istifadəsi beynəlxalq biznesin ayrılmaz hissəsidir və bu hüquqlar müvafiq qanunvericiliklə qorunur. Dünyada ingilis, italyan, türk və digər dillərdə formalaşmış minlərlə brend mövcuddur. Azərbaycan əlifbasının da latın qrafikasına əsaslandığını nəzərə alsaq, loqonun latın hərfləri ilə yazılması və ya adın başqa dildə səslənməsi həmin brendin hansısa xarici dili, ölkəni və ya mədəniyyəti təbliğ etməsi anlamına gəlmir. “Urfa Sofrası” adında Urfa Türkiyənin müəyyən bir bölgəsini, “Sofrası” isə restoranın mətbəx konsepsiyasını ifadə edir. Necə ki, “Bakı süfrəsi” adlı restoranın mövcud olması təbii qarşılanardı, “Urfa Sofrası” da müəyyən bölgənin mətbəxini təqdim edən kommersiya adı kimi qiymətləndirilə bilər. Azərbaycanda reklam və ictimai iaşə obyektlərinin lövhələri dövlət dilinə dair qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Xarici dildə olan reklam mətnləri ilə rəsmi qeydiyyatdan keçmiş əmtəə nişanlarının istifadəsi isə hüquqi baxımdan fərqli məsələlərdir". 
Marketoloq qeyd edib ki, bu səbəbdən konkret lövhənin qanunvericiliyə uyğunluğunu müəyyən etmək üçün həmin adın və loqonun hüquqi statusuna baxılmalıdır:

"Azərbaycan və türk dillərinin yaxınlığı səbəbindən “sofra” sözünün mənası yerli istehlakçı üçün də anlaşılandır. Ancaq sözün başa düşülməsi qanunvericiliyin dil tələblərinin yerinə yetirilməsi demək deyil. Yalnız restoranın adının başqa dildə səslənməsinə görə bunu özbaşınalıq və ya Azərbaycan dilinə hörmətsizlik kimi qiymətləndirmək düzgün yanaşma deyil. Bakı beynəlxalq turizm və biznes şəhəridir. Burada fərqli ölkələrin mətbəxlərinin, mədəniyyətlərinin və brendlərinin təmsil olunması şəhərimizin beynəlxalq cəlbediciliyinin bir hissəsidir. Azərbaycan dilinin qorunması ilə sahibkarların öz brendlərini yaratmaq və inkişaf etdirmək hüquqları bir-birinə qarşı qoyulmamalıdır. Əsas prinsip qanunvericiliyə riayət edilməsi, dövlət dilinə hörmət və sahibkarlıq azadlığı arasında sağlam balansın qorunmasıdır". 
Memar Cahid Həsənovun fikrincə isə, şəhər mərkəzində, mərkəzdən kənarda və ya regionlarda tarixi binanın, hətta birinci mərtəbəsində bu cür dəyişikliklərin edilməsi tarixi abidəyə böyük zərbədir:


"Azərbaycan Dövlət Reklam Agentliyi firmaya pasport verib, sənəd təsdiq edib, aylıq, illik reklam icarə haqqı alır. İldə 2000-3000 manat reklam pulu almaqdan ötrü biz ildə 2-3 milyonluq ziyana gedirik. Çünki tarixi binanın yarıdan çoxunun modern üslubda reklam yazıları ilə örtülməsi turistlərin həmin binalara marağını azaldır, onların bu binalara baxmasına və ziyarət etməsinə mane olur. İaşə obyektləri, kafe, restoranlar, çayxanalar, dönərxanalar hamısı tarixi binaların birinci mərtəbəsində yerləşir. Lakin kiminsə hansı ixtiyarla belə bir artırma etməsi qanunsuzdur. Binanın görünüşünün və fasadının örtülməsi, üzərində reklamların yerləşdirilməsi qanunsuzdur. Bizim reklam haqqında qanunla və digər mövcud qanunvericiliklə də binaların fasadlarında hər hansı bir reklam qadağandır. Şəhərin mərkəzində belə bir vəziyyətin yaranması və buna pasport verilməsi qəbuledilməzdir. Bu məsələlərə Dövlət Reklam Agentliyi nəzarət edir və məsuliyyət də həmin qurumun üzərinə düşür. Belə bir icazənin verilməsi düzgün deyil".
Sosioloq Mayıl Yaqubun əlavə edib ki, bu hallar Azərbaycanda müstəqillik dönəmində, bütün illərdə müşahidə olunub:


"Sovet dövründə də insanlarımız Azərbaycan dilində yox, rus dilində danışmağı özlərinə prestij hesab edirdilər. Bunun əsas səbəbi nədir? Təbii ki, prestij qazanmaq. İndi xarici dillərdə, xüsusilə ingilis dilində bu cür plakatların yapışdırılması sadəcə üstünlük qazanmaqdır. Sanki Azərbaycan dilində yazanda o mağaza, o obyekt hörmət qazanmır. Halbuki bu səhv yanaşmadır. İndi bunun kökündə nə dayanır? Əgər Azərbaycan inkişaf etmiş bir ölkə olsaydı, obyektlər azərbaycan dilindən utanardılar belə? Yaponiyada və ya Fransada insanlar yapon və ya fransız dilinə yox, ingilis dilinə sizcə meyillidirlər? Xeyr. Biz deməli öz dilimizi aşağı səviyyəli hesab edirik. Əgər iqtisadi, texnoloji baxımdan inkişaf etsək, bu hallar olmayacaq.  Hüquqi tədbirlər də görməli, dövlət buna nəzarət eləməlidir. Azərbaycan dili bizim dövlət dilimizdir. Obyektlərin üzərində o formada yazılar yazılmamalıdır. Ticarət azaddır, amma dilimizi də qorumalıyıq. Belə getsə dilimiz əriyib gedəcək, assimilyasiya olacaq".

Züleyxa Allahverdiyeva

Oxunub : 238
ŞƏRH YAZ
Ad

E-mail

Şərh