Bir milyard insanda eşitmə problemi yaranacaq – Səbəb qulaqlıqlardır – ŞOK AÇIQLAMA

Qulaqlıqlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Musiqi dinləmək, dərs və ya iş zamanı konsentrasiya olmaq üçün bir çoxları qulaqlıqdan geniş səviyyəsində istifadə edir. Rahatlıq və əyləncənin arxasında isə gizli və çox vaxt görmədiyimiz sağlamlıq riskləri dayanır.
Uzun müddət və yüksək səs səviyyəsində qulaqlıq istifadə etmək eşitmə qabiliyyətinə ciddi zərər verə bilər. Bu, yalnız keçici bir narahatlıq deyil. Zamanla eşitmə qabiliyyətində qismən və ya hətta tam itkiyə səbəb ola bilər. Gənclər arasında bu vərdiş xüsusilə yayılıb, çünki onlar yüksək səsi daha uzun müddət qəbul edir və tez-tez fasiləsiz musiqi dinləyirlər.
Qulaq sağlamlığının pozulması yalnız fərdi problem deyil. Uzun müddət eşitmə itkiləri gündəlik həyatı çətinləşdirir, məktəb və iş fəaliyyətinı, sosial ünsiyyətə və həyat keyfiyyətinə təsir edə bilər. Eyni zamanda, bu, ictimai səhiyyə üçün də ciddi çağırışdır, çünki problem gənclərdən başlayaraq böyüklər arasında da yayıla bilər. Gündəlik rahatlıq üçün istifadə etdiyimiz bu cihazlar bəlkə də, uzunmüddətli sağlamlıq problemlərinin səssiz səbəbi ola bilər.

Məsələ ilə bağlı həkim otorinolarinqoloq Akif Əfəndiyev Avtosfer.az-a bildirib ki, qulaqcıqla yolu keçərkən siqnal səslərini eşitməyən insanları maşın vurur və ya qatarın altına düşür. Bu kimi xəbərlər gündəlik xəbərlər sırasında tez-tez yayılır. Belə hallar ekstrem vəziyyətlər olsa da, gündəlik istifadə zamanı da qulaqlıqlar yavaş-yavaş qulaqlara zərər verir: “Son illər qulaqlıqlar çox populyarlaşıb. Əvvəllər onlardan yalnız televiziya işçiləri və səsyazma studiyalarında çalışanlar istifadə edirdisə, indi demək olar ki, insanların böyük əksəriyyəti yararlanır. Onlar musiqiyə qulaq asmaq, kompüterdə işləmək, smartfonlardan istifadə etmək, ünsiyyət qurmaq, digər məqsədlər üçün istifadə olunur və istifadəçi sayı kəskin artıb. Məsələn, ətrafınıza baxsanız, hər beş gəncdən dördünün qulaqlıqdan istifadə etdiyini görmək olar. Lakin bu insanlar qulaqlıqlardan istifadə edərkən müxtəlif problemlərlə qarşılaşa bilərlər. Bu səbəbdən qulaqlıqların zərəri və xeyri haqqında uzun illərdir müzakirələr gedir və müxtəlif fikirlər mövcuddur. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, təxminən 1 milyarda yaxın insan gələcəkdə eşitmə itkisi riski altında ola bilər. Bu risk əsasən qulaqlıqlardan mütamadi və diqqətsiz istifadə nəticəsində yaranır”.
Həkim qulaqlıqdan uzun müddət istifadə etməyin insan sağlamlığına gətirdiyi ziyanları da vurğulayıb: “Ən çox eşitmə itkisi səs dalğalarının qulaq pərdəsini və daxildəki hissələri zədələməsi ilə bağlıdır. Qulaqda küy yaradır və akustik travmaya səbəb olur. Yüksək səs dalğaları uzun müddət qulağa çatdıqda akustik travma yaranır, bu da mərkəzi sinir sisteminə təsir edə bilər. Qulaqlıqların bəzi növləri, xüsusilə bluetooth vasitəsilə işləyənlər elektromaqnit dalğaları ötürür ki, bu da beyinə təsir edə və baş ağrısı, baş gicəllənməsi kimi problemlər yarada bilər”.
Nurcan Babək













