Bu ərazilərdəki tikililər sökülə bilər - Açıqlama

Sosial 31 İyul 2026 14:23
Bu ərazilərdəki tikililər sökülə bilər - Açıqlama
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda fərdi yaşayış evi tikmək istəyən vətəndaşların sayı artsa da, bir çoxu tikintiyə başlamazdan əvvəl qanunvericiliyin tələb etdiyi prosedurlar barədə kifayət qədər məlumatlı olmur. Nəticədə bəzi evlər lazımi icazə və sənədlər olmadan inşa edilir ki, bu da sonradan ciddi hüquqi və maliyyə problemlərinə səbəb olur.

Fərdi yaşayış evi tikərkən hansı sənədlər tələb olunur və qanunsuz tikintinin hüquqi riskləri nələrdir?

Avtosfer.az bildirir ki, mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, fərdi yaşayış evinin tikintisi üçün ilk növbədə torpaq sahəsinin çıxarışı olmalıdır.

Onun sözlərinə görə, çıxarışda torpağın təyinatı "yaşayış məntəqələrinin torpaqları" kimi göstərilməlidir:

“Yalnız bu kateqoriyaya aid torpaq sahələrində fərdi yaşayış evinin tikintisinə icazə verilir.

Bundan sonra ev tikmək istəyən şəxs tikilinin layihəsini lisenziyalı layihəçi və ya layihə təşkilatına hazırlatmalı, həmin layihə əsasında isə müvafiq dövlət qurumlarına müraciət etməlidir. Bu müraciəti elektron qaydada da həyata keçirmək mümkündür.

Əgər müraciətdən sonra 10 iş günü ərzində aidiyyəti qurumlar layihə ilə bağlı irad bildirərsə və dəyişikliklərin edilməsini zəruri hesab edərsə, layihəyə müvafiq düzəlişlər edilməli və yenidən təqdim olunmalıdır. Əgər bu müddət ərzində layihəyə dair hər hansı mənfi rəy və ya irad bildirilməzsə, vətəndaş tikinti işlərinə başlaya bilər.

Layihə yalnız bu sahədə fəaliyyət göstərmək üçün xüsusi lisenziyaya malik şirkətlər və ya mütəxəssislər tərəfindən hazırlanmalıdır. O, qüvvədə olan tikinti norma və qaydalarına uyğun tərtib edilməli, tikililər arasındakı məsafələr, hündürlük, təhlükəsizlik və digər texniki tələblər nəzərə alınmalıdır.

Hazırlanmış layihənin müvafiq qaydada təqdim edilməsi tələb olunur. Bu proses elektron qaydada da həyata keçirilə bilər. Vətəndaş layihəni rayon icra hakimiyyətinə və ya digər aidiyyəti quruma təqdim etdikdən sonra 10 iş günü ərzində cavab alır.

Əgər layihə ilə bağlı mənfi rəy verilərsə, bunun səbəbi, məsələn, tikinti sahəsinin altından kanalizasiya, su və ya yüksək gərginlikli elektrik xətlərinin keçməsi, yaxud digər texniki maneələrin mövcudluğu ola bilər. Belə hallarda tikintinin mümkün olub-olmaması aidiyyəti qurumların qərarından və mövcud maneələrin xarakterindən asılıdır.

Tikinti layihəyə uyğun şəkildə tamamlandıqdan sonra vətəndaş müvafiq sənədləri təqdim etməklə tikilmiş ev üçün çıxarış ala bilər.

Fərdi yaşayış evinin tikintisi üçün əsas şərt torpaq sahəsinin çıxarışının olması və həmin çıxarışda torpağın təyinatının "yaşayış məntəqələrinin torpaqları" kimi göstərilməsidir.

Sənədsiz tikililərə gəlincə, hazırda bu sahədə dövlət nəzarəti daha da gücləndirilib. Qanunvericiliyin tələblərinə əməl olunmadan tikinti aparıldığı halda müvafiq dövlət qurumları həmin tikintinin qarşısını ala bilər. Layihə təqdim edilmədən və tələb olunan icazələr alınmadan inşa edilən tikililər sökülə bilər ki, bu da vətəndaşa ciddi maddi ziyan vurur”.

Ekspert əlavə edib ki, bəzən vətəndaşlar qısa müddətdə, hətta bir gecə ərzində ev tikərək sonradan sənədləşdirə biləcəklərini düşünürlər:

“Lakin bu yanaşma düzgün deyil. Çünki 2023-cü il oktyabrın 1-dən sonra qanunsuz tikilmiş evlərin qaz, su və elektrik şəbəkələrinə qoşulmasına icazə verilmir.

Bundan əlavə, sonradan qanunsuz tikinti aşkar edilərsə, dövlət qurumları həmin tikilinin sökülməsi barədə qərar qəbul edə bilərlər.

Bu səbəbdən vətəndaşlara tövsiyə edirəm ki, ev tikməzdən əvvəl torpaq sahəsinin çıxarışını əldə etsinlər və çıxarışda göstərilən torpaq kateqoriyasına diqqət yetirsinlər. Çox vaxt insanlar yalnız çıxarışın olmasına baxırlar, lakin torpağın hansı təyinat üzrə ayrıldığını nəzərə almırlar.

Məsələn, torpaq sahəsi kənd təsərrüfatı, əkin və ya başqa məqsədlər üçün ayrılıbsa, həmin torpaqda fərdi yaşayış evi tikmək qanunvericiliyə uyğun deyil. Belə hallarda sonradan tikilinin qanunsuz olduğu müəyyən edilir ki, bu da həm tikilinin sökülməsinə, həm də vətəndaşın maddi zərərə məruz qalmasına səbəb olur.

Hazırda qanunvericilik müəyyən hallarda torpaq sahələrinin təyinatının dəyişdirilməsinə imkan verir. Əgər torpağın kateqoriyası qanunvericiliyin tələblərinə uyğun olaraq "yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına dəyişdirilərsə, bundan sonra fərdi yaşayış evinin tikintisinə icazə verilə bilər.

Bir çox vətəndaş hesab edir ki, çıxarışın olması avtomatik olaraq həmin torpaq sahəsində ev tikməyə hüquq verir. Əslində isə əsas şərt çıxarışda torpağın təyinatının "yaşayış məntəqələrinin torpaqları" kimi göstərilməsidir.

Sonda vətəndaşlara tövsiyə edirəm ki, torpaq sahəsinin çıxarışı və təsdiq edilmiş layihə olmadan tikintiyə başlamasınlar. Əks halda onlar həm inzibati məsuliyyətə cəlb oluna, cərimələnə, həm də tikdikləri evin sökülməsi ilə üzləşə bilərlər. Bu isə qoyulan sərmayənin tamamilə itirilməsi ilə nəticələnə bilər. Buna görə də tikintiyə yalnız qanunvericiliyin bütün tələbləri yerinə yetirildikdən sonra başlamaq məqsədəuyğundur”, – deyə ekspert fikrini tamamlayıb.

 

 

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh