Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər

Sosial 24 İyul 2026 19:03
Elektrik skuteri sürənlər əvvəlcə təlim keçməlidirlər, dəbilqə məcburi ola bilər
WhatsApp kanalımıza abunə olun

"Elektrik skuterlərinin sayının artması şəhər mobilliyi baxımından müsbət hal olsa da, onların iştirakı ilə baş verən qəzaların çoxalması ciddi narahatlıq doğurur. Problemin əsas səbəbi təkcə skuter sürücülərinin davranışı deyil, həm də infrastrukturun kifayət qədər inkişaf etməməsi, yol hərəkəti qaydalarına əməl olunmaması və nəzarət mexanizmlərinin yetərli səviyyədə olmamasıdır". Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev səsləndirdi.

Müsahibimizin fikrincə, ilk növbədə elektrik skuterlərini idarə edən şəxslər üçün yol hərəkəti qaydaları üzrə minimum bilikləri əhatə edən məcburi maarifləndirmə və qısa onlayn təlim sistemi tətbiq edilməlidir:

"Çünki bir çox istifadəçi yol nişanlarını, üstünlük qaydalarını və təhlükəsiz hərəkət prinsiplərini kifayət qədər bilmir. Eyni zamanda qoruyucu vasitələrdən, xüsusilə dəbilqədən istifadənin geniş şəkildə təşviq olunması vacibdir. Müəyyən sürət həddindən yuxarı hərəkət edən skuterlər üçün dəbilqədən istifadənin məcburi olması da nəzərdən keçirilə bilər. Baş nahiyəsindən alınan xəsarətlər skuter qəzalarında ən ağır nəticələrə səbəb olduğundan bu məsələ xüsusi əhəmiyyət daşıyır".

Ekspert qeyd etdi ki, sürətə nəzarət də gücləndirilməlidir.

"Piyada zonalarında, parklarda və insanların sıx hərəkət etdiyi ərazilərdə geofencing texnologiyası vasitəsilə skuterlərin maksimal sürətinin avtomatik məhdudlaşdırılması qəza riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bununla yanaşı, velosiped və mikromobillik zolaqlarının genişləndirilməsi, onların avtomobil və piyada hərəkətindən ayrılması həm skuter istifadəçilərinin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini artıracaq. Nəhayət, qırmızı işıqda keçmə, əks istiqamətdə hərəkət, bir skuterdə iki nəfərin daşınması, sərxoş vəziyyətdə idarəetmə və hərəkət zamanı mobil telefondan istifadə kimi təhlükəli davranışlara qarşı nəzarət gücləndirilməli, qanunvericilikdə nəzərdə tutulan tədbirlər isə ardıcıl şəkildə tətbiq olunmalıdır. Yalnız maarifləndirmə, təhlükəsiz infrastruktur, müasir texnologiyalar və effektiv nəzarət mexanizmlərinin birgə tətbiqi elektrik skuterlərinin iştirakı ilə baş verən qəzaların sayını əhəmiyyətli dərəcədə azalda və şəhər nəqliyyatında təhlükəsizliyi yüksəldə bilər", - deyə A.Nəbiyev yekunlaşdırdı.

Oxunub : 290
ŞƏRH YAZ
Ad

E-mail

Şərh