Banner

Estetik trend olan süni dırnaq xərçəng xəstəliyinə səbəb olur?- Adil Qeybulla AÇIQLADI

Sosial 18 Dekabr 2025 18:00 Oxunub 194
Estetik trend olan süni dırnaq xərçəng xəstəliyinə səbəb olur?- Adil Qeybulla AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə estetik və kosmetik məqsədlərlə taxma dırnaqlardan istifadə sürətlə artmış və bu tendensiya xüsusilə gənclər arasında adi bir vərdişə çevrilib. Sosial media platformalarında yayılan gözəllik standartları, estetik trendlər və fərdi baxım anlayışının dəyişməsi bu cür kosmetik müdaxilələrin daha geniş yayılmasına səbəb olmuşdur. Lakin zahiri görünüşü yaxşılaşdırmaq məqsədilə edilən bu seçimlərin sağlamlıq baxımından hansı nəticələrə gətirib çıxara biləcəyi əksər hallarda kifayət qədər dəyərləndirilmir.

Uzun müddət taxma dırnaq istifadəsinin dırnağın strukturuna, ətraf dəriyə və dırnaq yatağına göstərə biləcəyi mənfi təsirlər diqqətdən kənarda qalır. Xüsusilə, bu tətbiqlərin dırnağın təbii nəfəs almasını məhdudlaşdırması, mexaniki zədələnmələrə, dırnağın zəifləməsinə və infeksiya riskinin artmasına səbəb ola biləcəyi ehtimal edilir. Bununla yanaşı, uzunmüddətli istifadə nəticəsində xərçəng riski yaradıb-yaratmaması məsələsi də cəmiyyətdə tez-tez müzakirə olunan və elmi araşdırmalar tələb edən mövzulardan biridir. Bütün bu situasiyalar əsasında cəmiyyətdə bir neçə suallar yaranır. 

Digər mühüm məqam isə taxma dırnaqların tətbiqi zamanı istifadə olunan yapışdırıcılar, laklar və digər kimyəvi maddələrin insan sağlamlığına potensial təsiridir. Bu maddələrin tərkibində olan bəzi kimyəvi birləşmələr allergik reaksiyalara, dəridə qıcıqlanmalara, tənəffüs yollarına mənfi təsirlərə, eləcə də uzunmüddətli təsir nəticəsində sistemik sağlamlıq problemlərinə yol aça bilər. Məhz bu səbəbdən, taxma dırnaqların estetik üstünlükləri ilə yanaşı, onların mümkün risklərinin də tibbi və elmi baxımdan hərtərəfli araşdırılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Görəsən estetik trend olan süni dırnaqlar həqiqətən də xərçəng riski daşıyırmı?

Tibb eksperti Adil Qeybulla Avtosfer.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, süni dırnaqların sağlamlığa zərəri ilə bağlı hələlik qəti və elmi cəhətdən sübut olunmuş məlumat mövcud deyil:
“Əslində, süni dırnaqlar akril, gel, eləcə də xüsusi polimerlər və ipək əsaslı materiallardan hazırlanır. Lakin qeyd edilməli bir məqam var ki, süni dırnaqlar ilk dəfə onikolizis, yəni dırnağın qopması və ya yatağından aralanması hallarında, yeni çıxan dırnağın düzgün formalaşması, həmçinin göbələk infeksiyalarından qorunma məqsədilə tətbiq olunmuşdur. Sonralar isə dırnağın uzadılması və estetik görünüşünün yaxşılaşdırılması üçün manikür-pedikür sahəsində kosmetik məqsədlərlə geniş istifadə edilməyə başlanmışdır”.

Adil Qeybullanın sözlərinə görə, əgər nüfuzlu xəstəliklərə nəzarət və profilaktika mərkəzləri tərəfindən bu mövzu ilə bağlı rəsmi və əsaslandırılmış rəy təqdim olunarsa, əlbəttə ki, həmin rəylərə uyğun olaraq dünya miqyasında müvafiq qərarlar qəbul edilər:
“Bununla yanaşı, süni dırnaqlardan tibbdə də istifadə olunur. Xüsusilə göbələk infeksiyasına məruz qalmış, formasını itirmiş və ya infeksiyalaşmış dırnaqların yenidən öz yatağına düzgün şəkildə bərpa olunması üçün nəzərdə tutulan xüsusi süni dırnaq formaları mövcuddur. Bu baxımdan, mövcud elmi məlumatlara əsaslanaraq, bu materialların istifadəsi ilə bağlı ciddi sağlamlıq narahatlığının olmadığını düşünmək olar”.
Nurcan Babək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh