Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ - Bu qayda dəyişəcək

Sosial 24 Sentyabr 2026 12:30
Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ  - Bu qayda dəyişəcək
WhatsApp kanalımıza abunə olun

Son günlərdən etibarən ölkədə keçirilən toy mərasimləri ilə bağlı 120 nəfərlik limitin tətbiq olunacağı barədə müxtəlif məlumatlar sürətlə yayılmağa başlayıb. Bu xəbərlər xüsusilə yaxın günlərdə evlənməyə hazırlaşan, toy planlaşdıran gənclər və onların valideynləri arasında ciddi suallar doğurub, sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Cəmiyyəti narahat edən əsas məqamlardan biri sözügedən məhdudiyyətin hansı hüquqi və ya inzibati əsasla tətbiq ediləcəyi, ölkədəki bütün şadlıq saraylarına şamil olunub-olunmayacağı və əvvəlcədən təşkil edilən mərasimlərə necə təsir göstərəcəyidir. Məsələyə aydınlıq gətirmək məqsədilə paytaxtda fəaliyyət göstərən bir neçə məşhur şadlıq sarayı ilə əlaqə saxlanılıb. “Altun Saray”dan bildirilib ki, hər nə qədər cəmiyyətdə 120 nəfərlik limitlə bağlı müəyyən şayiələr dolaşsa da, hazırda onlarda belə bir məhdudiyyət tətbiq edilmir. Eyni mövqeyi səsləndirən “Xan Saray” da mərasimlərin əvvəlki qaydada, heç bir say məhdudiyyəti olmadan, istənilən qonaq sayı ilə həyata keçirildiyini təsdiqləyib. “Absheron Palace”dan da bildirilib ki, hazırkı dönəmdə toy məclislərində hər hansı 120 nəfərlik limit qüvvədə deyil. Bütün bunlarla yanaşı, cəmiyyətdə başqa bir sual da aktual olaraq qalır: ümumiyyətlə, şadlıq saraylarında keçirilən toy mərasimləri üçün belə bir məhdudiyyətə ehtiyac varmı və bu, 300-400 nəfərlik böyük məclislərə külli miqdarda pul xərcləyən vətəndaşlar üçün müəyyən mənada qənaət imkanı yarada bilərmi?

Məsələ ilə bağlı danışan sosioloq Elçin Cəfərov qeyd edib ki, toy mərasimlərində qonaq sayının məhdudlaşdırılması məsələsi həm sosial, həm də iqtisadi müstəvidə kompleks yanaşma tələb edən həssas mövzudur: "Azərbaycan cəmiyyətində toy adət-ənənələri çox güclü sosial institutdur və uzun illərdir ki, böyük kollektivlərlə, yüzlərlə qonağın iştirakı ilə qeyd olunması bir növ yazılmamış qanuna çevrilib. Lakin son illərdə artan iqtisadi xərclər, inflyasiya və şadlıq saraylarındakı qiymət artımları fonunda minlərlə manat borca girərək 300-400 nəfərlik toy edən gənclərin ailə həyatının ilk illərində ciddi maliyyə böhranı ilə üzləşməsi danılmaz faktdır. Əgər 120 nəfərlik kimi daha kompakt formatlar tətbiq olunarsa, bu, ilk növbədə gənc ailələrin büdcəsinə ciddi qənaət edər, onları ağır kredit yüklərindən xilas edər".

Onun sözlərinə görə, bu cür limitlərin inzibati qaydada deyil, daha çox sosial şüurun və iqtisadi reallıqların təsiri ilə formalaşması daha məqsədəuyğundur: "Cəmiyyətimizdə tədricən dəbdəbəli və israfçılıqla müşayiət olunan ənənəvi toylardan daha modest, yaxın əhatənin qatıldığı yığcam məclislərə doğru psixoloji keçid hiss olunmaqdadır. İnsanlar başa düşürlər ki, toyun böyüklüyü ailənin xoşbəxtliyinin təminatçısı deyil. Əgər belə məhdudiyyətlər və ya tövsiyələr tətbiq olunarsa, bu, toy sahibləri üçün həm maliyyə baxımından böyük rahatlıq olar, həm də mərasimlərin mahiyyətini daha səmimi və mənalı müstəviyə daşıyar"./nocomment.az

Oxunub : 204
ŞƏRH YAZ
Ad

E-mail

Şərh