Anası Vüsal Şilderin qətli ilə bağlı detalları açıqladı: “Oğluma deyirdim o bağa getmə”

2013-cü ildə qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilderin anası Mətanət Şilderin “Yeni Sabah”a müsahibəsi:
- Vüsal və Lalənin hekayəsi necə başladı? Onlar harada tanış oldular?
- Vüsal o vaxt “Çağ Öyrətim” özəl liseyində oxumuşdu. Mən Adolfla evlənəndən sonra Vüsalı övladlığa götürdü və onu özəl liseyə qoydu. Oğlumla oxuyan uşaqların hamısı ağıllı və savadlıydı. Vüsal liseyi yaxşı qiymətlərlə bitirdi. Sonra atası onu Almaniyaya gətirdi. Vüsal məktəbdə çox fəal idi. İstanbula, Ankaraya yarışlara gedirdi. Amma biz onu Almaniyaya gətirdik ki, təhsilini gimnaziyada davam etsin. Buradan da İngiltərəyə, Ekseter Universitetinə qəbul olundu. Təhsil aldığı zaman necə oldu, bilmirəm, Lalə ilə tanış oldu. Bakıya qayıdan günün səhərindən hiss etdim ki, onun həyatında kimsə var. Mən soruşdum ki, bəs sən bu qızla harada tanış olmusan? Dedi Elvin adlı bir dostum tanış edib. Amma bilmirəm ki, qızla Londonda, yoxsa Bakıda tanış olub. Bu barədə heç nə bilmirəm və yalan məlumat vermək istəmirəm. Qızın Rahim adlı sürücüsü var idi. Onunla gəlirdi və Vüsalla görüşürdü. Çox vaxt mən oğluma deyirdim ki, getmə, əvvəl ailəsini tanıyaq. Qız həmişə deyirdi ki, hələ ailəmə demək istəmirəm.
- Siz bilirdiniz ki, Lalə kimin qızıdır?
- Yox. O vaxt bilinmirdi Tariyel Ağayev kimdir. Münasibətləri hələ təzə idi deyə, araşdırmırdım. Sonradan Lalə Vüsalla sıx-sıx görüşməyə başlayanda, dedim ki, qoy elçi gedim. Vüsal deyirdi ki, Lalə deyir, atamı hələ yola gətirmək lazımdır, zamana ehtiyacımız var. Atasının sərt adam olduğunu deyirdi. Sən demə, Lalənin başqa deyiklisi var imiş. Tez-tez oğlumu dərsdən sonra götürürdü və gedirdilər. Oğlum getmək istəmirdi. Sürücüsü ilə gəlirdi və guya əlini kəsirdi ki, gəlməsən, damarımı kəsəcəm. Bunlar son vaxtlarda oldu. Lalənin bacısının Novxanıda bağı var idi. Mən Vüsaldan soruşurdum ki, qızın ailəsini gördünmü? Deyirdi yox, bağda təkcə bacıları və Kəmalə adlı xanım var idi. Mən də təbii ki, bunun əleyhinə idim. Oğluma deyirdim ki, bağa getmə, o, səni niyə bağa çağırır? Vüsal deyirdi ki, Lalə atasından qorxur, münasibətlərimizi deyəcək.
Günlərin bir günü Vüsal mənə dedi ki, Laləni başqasına verirlər. Lalə də israrla deyirdi ki, Vüsal, məni qaçırt. Mən dedim ki, oğlum, əgər qız istəmirsə getməsin. Oğlum dedi ki, Lalənin atası elə şeyə baxan deyil. Lalə Vüsala demişdi ki, ancaq mən qaçsam, bəlkə biabır olar, ondan sonra bu söz-söhbət kəsilər. Vüsal və Lalə Şirvan şəhərinə, qardaşımın evinə getdilər. Qardaşımın evində bir gecə qaldılar. Orada kəbin bağlandı.
Ertəsi gün Lalənin xalası oğlu Niyazi ilə bacısının yoldaşı Xəyal bizim evə gəldi. Mən həmin vaxt Çapayevdə (indiki Təbriz küçəsi) yaşayırdım. Onlar mənim evimi də tanıyırdı. İlk öncə gələndə Xəyal və Niyazi dedi ki, biz sizinlə danışmaq istəyirik. Ad çıxmasın ki, qaçıb. Qaytaraq və gəlin, dədə-baba üsulu ilə nişan edək. Sən demə, bizi aldadırmışlar. Hətta mən Niyazinin və Xəyalın yanından oğlumu, Laləni yığdım. Lalə dedi ki, mən onları tanıyıram. Onlar məni aldadır. Məni geri çağırsalar, Vüsala verməyəcəklər. Xəyal isə israrla dedi ki, elə şey olmayacaq. Hətta guya Xəyal mənim evimdə namaz qıldı. Onun namazı gözündən gəlsin. Bilmirəm, bəlkə də namaz deyilmiş, mikrofon yerləşdiribmiş. Bu cinayətdən sonra artıq mən də kriminalist, araşdırmaçı olmuşam. Ağlıma hər şey gəlir. Xəyal və Niyazi Lalənin dediyini eşidəndən sonra evin içində biraz var-gəl etdilər. Onlar Lalənin anası İradə xanımla qapısı bağlı otaqda danışdı. Sonra mənə dedilər ki, anası deyir, gətirsinlər. Bu biabırçılıqdan sonra Laləni 100 faiz Vüsala verəcəyik. Mənə dedilər ki, tez xonça yığın, bizə elçiliyə gedin. Mən tələm-tələsik Laləgilə getdim. Sonra Vüsal və Lalə gəldi. Oğlumu və Laləni Xəyalın evinə gətirdilər. Vüsal deyirdi ki, Laləni və məni bir otaqda bağladılar. Tariyel yuxarı qalxanda Xəyal Vüsala deyib ki, sən çıx get, indi Lalənin atası əsəbidir. Bu şəkildə Vüsalı evə göndərmişdilər. Mənə də ümid verdilər ki, bir həftəyə kişilərlə danışaq, böyük nişan olsun.
Gəldim evə, 2-3 gün keçdi. Vüsal üniversitetdən gələndə, yolda onu maşına mindiriblər və hədə-qorxu gəliblər. Deyiblər ki, sən Lalənin adını heç yerdə çəkmə. Vüsal təbii ki, onların cavabını verib. O, idmançı idi, boylu-buxunlu oğlanıydı. Oğlum etiraz edib ki, siz Laləni məndən necə ayıra bilərsiniz? Amma buna baxmayaraq, Vüsalı evə yola salmışdılar. Mənə isə zəng edib dedilər ki, bizim sizə verəcək qızımız yoxdur. Mən də təbii ki, oğlumu sakitləşdirdim. 2 kişi oturdu, söz verdi. Yenə də bununla belə, qızı başqasına verirlərsə, unut, bağla bu söhbəti.
Bu məsələnin üzərindən 5-6 ay keçdi. Lalə ilə məcburi ayrılandan sonra Vüsalın həyat sevinci itmişdi. Oğlum yavaş-yavaş həyata tutunmağa başlayırdı. Dekabrın 31-i idi. Biz qonşularla bayramlaşırdıq. Gördüm ki, Vüsalın üzü gülür. Soruşdum, Vüsal nə olub sənə? O məndən heç nə gizlətmirdi. Boynumu qucaqladı və dedi ki, deyəsən, bu yeni il mənə düşəcək. Dedim niyə? Nə olub? Dedi ki, Lalədən xəbər çıxdı, mənə zəng etdi. Dedim niyə? Vüsal dedi ki, Lalə ağlayır, özünü öldürür. Vüsal Lalə ilə nə danışırdısa, mənimlə də bölüşürdü. Yazışmalarımız da var. Hətta Vüsal ölən günü polis mənə onun telefonunu gətirdi. Lalə zəng edirdi. Mənə də mesaj yazmışdı ki, Vüsal hardadır, yığıram telefonu açmır. Əgər atam ona birşey edibsə, atamın silahı əlimdədir, özümü öldürəcəm. Heç öldürüb eləmədi, boş sözlər idi, deyirdi. Lalənin mesajı məndə olmalıdır. Digər yazışmalar, şəkillər isə Vüsalın telefonundadır. Silməyiblərsə qalır. Vüsalın telefonu Bakı Ağır Cinayətlər Məhkəməsində idi.
Lalə ilə danışanda dedi ki, mən Anara nifrət edirəm, neçə gündü acıq edib evimizə gəlmişəm. Anar ərinin adı idi. Mənimlə də, Vüsalla da danışırdı. Dedim ki, Lalə, qızım, başa düşürəm ki, səni zorla veriblər. Amma boşan, sonra mənim uşağımın adını tut. Görmədin Vüsalın ölümü ilə təhdid elədilər? Bunu ona görə dedim ki, Lalədən soruşanda ki Vüsalı sevirdinsə, niyə başqasına ərə gedirdin? Cavab vermişdi ki, məni Vüsalın ölümü ilə təhdid etdilər. Dedim, boşan qurtar, qarnında uşağın da olsa, boşansan, oğluma alaram, apararam xaricə. Almaniyaya gətirməyə imkanım da var. Amma nə olar, əvvəlcə bu söhbətləri qurtar sonra... Yəqin ki bunlar gizli-gizli görüşürdülər. Çünki Vüsal da ona qarşı zəif idi. Sadəlövh, çox təmiz idi.
- Lalə sizin “bu məsələləri bitir, ondan sonra oğlumla görüş” məsləhətinizə necə reaksiya vermişdi?
- Lalə Vüsala danışmışdı ki, ərinin evinə qayıtmadığı üçün evdə onu bir otağa salıb, qapını bağlayıb, saatla yemək verirlər. Boşanmaq üçün atasının evinə gəlmişdi. Atası ona zülm edirdi. Deyirdi ki, qayıtmayacam, boşanacam. Lalə deyirdi ki, sonunda atası görüb, bunu qaytara bilmir, telefon danışıqlarına gizli qulaq asıb, kimə görə Anarın evinə qayıtmadığını öyrənib. Lalə demişdi ki, atam aşağıda kiminləsə telefonla danışanda eşitdim ki, kiməsə göstəriş verirdi ki, Vüsalı narkotiklə şərləyin. Narkotiklə şərləmək söhbəti sonradan üzə çıxdı. Vüsal qətlə yetiriləndən sonra hamısı üzə çıxdı ki, Tariyel etdiribmiş.
- Bu hadisə necə baş vermişdi?
- Vüsal evdən çıxanda, hətta iki gün öncədən güdüblər. Kiçik oğlum Maks qabaqda oturubmuş deyə, o günü planları baş tutmayıb. Evdən tək çıxanda Çapayev (indiki Təbriz) küçəsində maşınını arxadan vurmuşdular. Maşını vuranda Vüsal deyib ki, sığortaya flana zəng etməyin, atamın servisi var, orda təmir etdirək. O vaxt yoldaşım artıq “Mersedes”in servisindən çıxmışdı, özümüzün açdığımız servisi işlədirdik. İnandırıcı çıxsın deyə, arxaya türk oturtmuşdular. Guya o, iş adamı idi, maşın da iş adamının maşınıdı. Ordan servisə yox, birbaşa Binəqədi polis idarəsinə aparmışdılar. Qurban Novruzov adlı polis Vüsalın cibinə narkotik atmaq istəyəndə, oğlum əlindən tutub qarşısını almışdı. İstintaq araşdırması zamanı Vüsalı şərləmək istədikləri üzə çıxdı, narkotik maddəni həmin polisin adına yazdılar.
- Almaniya hökuməti də bu işə müdaxilə etməsəydi, irəliləyişə nail olunardımı?
- İnanmıram ki, mənim oğlumdan Almaniya vətəndaşı olduğuna görə bu qədər danışıldı. O vaxt Almaniya səfirliyindən tərcüməçilər gəldi. Çünki alman ailəsinə bir şey olanda, mütləq səfirlik prosesə müdaxilə edir. Onlar bütün vətəndaşlarını qoruyur. Hətta hadisədən sonra bir neçə həftə yaşadığımız binaya polis mühafizəsi ayrılmışdı. Mən öz vətənimi kiçiltmək istəmirəm. Bu məsələnin yaınız Vüsalın Almaniya vətəndaşlığına görə ciddi araşdırıldığına inanmaq istəməzdim. Mən vətənimi o qədər sevirəm ki... İnanıram ki, Azərbaycan vətəndaşı olsa da, bu qədər diqqət göstərilərdi. Üstündən 13 il keçib, hələ də hər kəs haqqı tələb edir. İnanmıram ki mənim oğluma tək alman olduğuna görə bu cinayətdən bu qədər danışıldı. Təbii ki, pula görə vicdanını satanlar oldu. Onlara səfirlik də bata biilmədi. Bata bilmədi deyəndə ki...Xəyal qaçdı, Tariyel gizləndi. Halbuki cinayəti kimin sifariş etdiyi, kimin törətdiyi ortada bəlli idi. Amma onlar gizləndi, yerdə qalanları həbsə basdılar. Hətta o vaxtlar mən Almaniyada idim, səhhətim çox pis idi. Mən qətli icra edənlə üz-üzə gəlmək istəmədim. Bacım mənim yerimə məhkəməyə getdi. Biz təhlükəsizlik kamerasından Vüsalı izləyib öldürən kapüşonlu sviter geyinən adamı görmüşdük. Nərimanov rayon polis idarəsinin əməkdaşları bizə göstərmişdi.
- Vüsalın ölüm xəbərini aldığınız anı necə xatırlayırsınız?
- Evdə oturmuşdum. Vüsalın ən çox sevdiyi yemək balıq qızartması idi. Yeməyi hazırlayıb Vüsalı gözləyirdim. Bizə zəng gəldi ki, Vüsal kimləsə dalaşıb Nərimanov polisinə gəlin. Məni gülmək tutdu. Dedim mənim oğlum dalaşıb?! Çünki bilirdim ki, Vüsal dünyasında heç kimlə əlbəyaxa olmazdı. Yemək ortada qaldı, əlim-ayağım əsə-əsə Nərimanov polisinə getdik. Demə, oğlum çoxdan keçinibmiş, çoxdan 5 nömrəli xəstəxananın morunqda imiş. Polis İdarəsinə gedəndə gördüm ki, önündə o qədər adam var ki... hər kəs mənə, yoldaşıma baxıb, başlarını tuturdu. Mənə də hələ çatmırdı ki, niyə bu insanlar bizə belə təəccüb və dəhşət içində baxırdılar. Sonra bizi yuxarıya qaldırdılar. Böyük zal idi. İçəridə bəlkə 30 nəfər rütbəli polis oturmuşdu, hamısı da başı əlləri arasında, masanın üstünə yaslanmış şəkildə. Bunlardan soruşdum ki, deyin də...axı, nə olub mənim oğluma? Onlar mənə oğlumun ölüm xəbərini verə bilmirdilər. O anda da Lalə uşağımın telefonlarını ard-arda yığırdı. Hətta polis Lalənin şəklini göstərib məndən soruşdu ki, bu qızdı zəng edən? Dedim, hə. Dedi, kimdir bu qız? Dedim sevgilisi.
Lalənin zənginə cavab verəndə dedim ki, Lalə, deyirlər ki, oğlum 5 nömrəli xəstəxanadadır. Oğlumun başına bir iş gəlsə, səni də, atanı da, bütün ailəni də bilirsənmi nə edəcəm? O da mənə mesaj yazdı ki, əlimdə silah var, əgər bunu atam edibsə, özümü öldürəcəm.
Mən xəstəxananın qəbul şöbəsinə getdim. Soruşdum ki, Vüsalı bura gətiriblər? Dedilər, əməliyyatdadır. Heç kim oğlumun ölümünü mənə deyə bilmirmiş. Mənə oğlumun ölüm xəbərini deyəndə, inanın ki, bu gün o anı xatırlamıram. Məni necə sürüyüblər orda...gözümü açırdım, hər dəfə huşumu itirirdim. Stresdəm, qorxudan bədənimə nəzarəti itirmişdim. Belə bir stresdən bir insan nə yaşaya bilər?! Uşağımı yudurtmağa aparanda necə getmişəm. Uşağımın ölümünü qəbullana bilmirdim deyə, üzünə baxmamışdım. Yaxınlarım qoymadılar. İstəmirdilər ki, xatirəmdə dəhşətli vəziyyəti qalsın. Deyirdilər ki, onu yuyub yaxalayıblar, dəymə batil edərsən. Nə deyirdilərsə inanırdım. Başımı meyitinin üstünə qoyub, səhərə qədər lal kimi oxşadım onu. Meyitini görməmişəm deyə, onun ölümünü hələ də qəbullana bilmirəm. Amma bir qadın deyirdi ki, yarasına sarğı basanda üzünə baxdım, elə bil üzündə günəş açmışdı. Gözündən yaş süzülüb, “Ana…ana” deyib. Anan ölsün! İnanın ki, hələ mən bütün detalları ilə danışmıram. Mənim gündəliyimdə elə bir şeylər var ki…Mən çox nikbin qadın olmuşam. Oğlumun ölüsünü də şivənlə ağlamadım. Camaatın yanında dik, məğrur durdum. Amma hamı gedəndən sonra evdə dırnaqlarımı divara keçirib yuxarıdan aşağıya çəkirdim. Barmaqlarımdan qan axırdı. Canımı acıdaraq özümü sakitləşdirməyə çalışırdım.
Bir var insan xəstə ola, ölümünü gözləyəsən…Səhər üzündən öpüb universitetə göndərmişəm. Övladımdan sapasağlam ayrıldım. Ona bişirdiyim balıq stolun üstündə qaldı. O vaxtdan mən balıq yeyə bilmirəm.
- Hadisə harda baş verib?
- O həmişə maşınla gedirdi. Amma həmin gün yazıq uşaq evə maşınla yox, metro ilə gəlirmiş. Deməli, 5-6 nəfər onu izləyirmiş, hansı metroya mindiyini öyrəniblər. Metroda onu izləyiblər, kameralar da bunu göstərir. Bir tərəfdə dayanıb, telefonla danışırmış. O isə arxasınca gedib, ta metrodan çıxana qədər izləyib. Bizim evin yanına qədər də gəlib, amma o hissəni kameralar çəkməyib.
Orada çox adam olub, görənlər də olub, amma heç kim yaxın durmayıb. Bu məni çox yandırır. Hətta Maksın sinif yoldaşının anası hüzrə gələndə gedib oradakı meyvə satana deyib ki, “Sənin gözünün qabağında uşağı öldürüblər, niyə heç olmasa başına yeşik vurmadın?” Həmin vaxt heç kim kömək etməyib.
- Hadisə dəqiq harada baş verib? Küçədən keçərkən?
- Nərimanov metrosundan çıxıb “Life Center” tərəfə gedən yolda, binaların arasında olub. “Akord”un binası ilə “Life Center”in arasındakı yolda.
- Təxminən saat neçə olardı? Gündüz vaxtı idi?
- Bəli, günorta idi, təxminən 13:00-14:00 arası. Yemək hazırlayırdım, o da dərsdən gəlirdi.
- Bəs bu qətlə görə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan şəxs kamera görüntülərindəki adamla eyni idi?
Mən özüm o vaxt çox pis vəziyyətdə idim. Yoldaşım məni Almaniyaya apardı. O da Bakından küsmüşdü, incimişdi, həm də Maks üçün qorxurdu.
Mən özüm getsəydim, hər gün fikirləşirdim ki, haradansa silah tapım, məhkəmədə onu vurum, öldürüm, nə isə edim. Çünki mən övladımın qatili ilə üz-üzə necə dayanacaqdım? Ona görə vəkalətnamə ilə bacımı göndərdik məhkəməyə. Bacım dedi ki, orada göstərilən adam kamerada görünən oğlana oxşamırmış. Deyirdi ki, kamerada görünən hündür, arıq oğlandır, bu isə başqa adamdır, yekə, nər bir adamdır.
- Siz dediniz ki, 20 Yanvardan silah götürüb gəlmişdi...
- Oğlan ifadəsində deyib ki, “Mən 20 Yanvara getdim, silahı aldım, gəldim”. Yəni bıçağı, bir də kapşonlu köynək almışdı. Mən onu polis idarəsində, qətldən öncəki hərəkət yerlərini bizə göstərdikləri görüntülərdə görmüşəm. Təkcə Nərimanov metrosundan gələn yolu göstərirdilər. Metrodan çıxanda hətta bir anlıq Vüsalı gözdən itirir, sonra adamların arasından tələsik gedir.
- Vüsalın İngiltərədə oxuduğunu dediniz. Oradakı təhsilini dayandırıb Bakıya gəlməsinin, təhsilinə burda davam etməsinin səbəbi nə idi?
- Dedi ki, dərs proqramı mənimçün ağırdır. Gəldi Bakıya, həmin il Qərb universitetinə daxil oldu. Alman, ingilis dillərini super bilirdi. Hıtta Lalə söhbəti yeni çıxanda ona dedim ki, qətiyyən Lalə ilə görüşmürsən. De ki boşan gəl, evlənək. Vüsal da universitetdə bütün müəllimlərə demişdi ki, mən tez buraxılış imtahanlarımı verim, Almaniyada “Grob” firmasında yay tətilində işləmək üçün iş danışmışam, gedəcəm.
Vüsal gözləyirdi ki, may ayında imtahanlarını verən kimi Almaniyaya getsin. Düşünmüşdü ki, Lalə boşanana qədər başını Almaniyada girələyər. Deyirdi ki, o vaxta qədər boşanar-boşanar, boşanmasa da bu iş birdəfəlik bitər. Müəllimləri təəccüblənirdillər ki, adətən, tələbələr semestr iumtahanlarından qorxurlar, Vüsalsa bir ay qabaqdan bizi tələsdirir ki, məndən tez imtahan götürün.
- Vəkil Aslan İsmayılov sosial mediada canlı yayında dedi ki, o vaxtkı baş prokuror Zakir Qaralov və birinci müavini Rüstəm Usubov bu məsələnin ört-basdır edilməsində maraqlı olublar. Belə bir münasibət hiss etmişdinizmi? Bununla bağlı prokurorluq təmsilçiləri ilə görüşmüşdünüzmü?
- Təbii ki, hiss eləmişdim. Mənim üsyanlarımın səbəbi də elə bu idi. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsindən Pərviz İbayevlə də görüşmüşdüm.
Aslan İsmayılovla bərabər, bu işi danışanda, sevinə-sevinə dedi ki, görün mən onların başına nə oyun açacağam. İndi isə deyir ki, məni təhdid edirdilər. Bəs bu işi götürəndə deyirdin onları belə vuracam, belə anasını ağladacam. Nə oldu bəs? İşi ictimailəşdirdin, sonra da pik nöqtəyə çatdırıb, kim bilir, hansı maraqla işdən çəkildin. Hələ utanmadan deyir ki, mən onların işlərini təmənnasız görürdüm. Niyə mənə təmənnasız iş görməlisən ki? Mənim səninlə müqaviləm var. Düzdür, o vaxtlar onun vəkillik fəaliyyəti qadağan olunduğu üçün hüquqi nümayəndə kimi məhkəmələrə çıxırdı. Onunla Malakan bağında yerləşən ofisində müqavilə bağlamışıq. Müqavilənin notarial təsdiqi üçün ofisin əməkdaşı ilə getdik, amma məhkəməyə Aslan İsmayılov çıxırdı.
- Aslan İsmayılovu seçmək səbəbiniz nə idi?
- Onun mətbuatda çıxışlarına, aktivliyinə aldandım. Bir neçə yerdən də onu məsləhət görmüşdülər.
- Müqavilənizin dəyəri nə qədər idi?
- Yanlış xatırlamıramsa o vaxt 2 min manat ödəmişdik. O havayı bu işə çıxmazdı axı. O kiməsə havayı işə gedər?! Deyir, mənim qohumlarım dəfələrlə onun yanına gedib, bu işdən əl çəkməsini istəyib. Mənim hansı qohumum sənin yanında olub? Mənə ad çək. Sən bizi bir-birimizə vurmaq, başımızın qarışmasını istəyirsən?! Deyir, guya mənim həyat yoldaşım dəfələrlə onun otağında olub. Mənim həyat yoldaşım Azərbaycan dilini bilmir. Səninlə necə və nə danışa bilər? Aslan İsmayılov insanların hissiyyatı ilə çox manipulyasiya edə bilir. Düzdür, mən ona inandığım üçün hər şeyi onunla bölüşürdüm. O vaxt sosial şəbəkədə mənim almanla ailə qurmağımla bağlı hörmətsiz, şənimə dəyən şərhlər yazırdılar. İndi vəzifəli adamların subay qızları xaricilərlə ailə qururlar. Mən isə bir uşaqla, məcburən, oğlumun həyatını gözəlləşdirmək üçün almanla ailə qurdum. Hansı Azərbaycan kişisi məni bir uşaqla alıb övladıma atalıq verəcəkdi?! İndi zaman dəyişib, 3 uşağı olan, pis yolların qadınını da alıb arvad edirlər. Mən həyat yoldsaşıma minnətdaram ki, bir uşaqla mənimlə evlənib, övladıma atalıq etdi. Aslan İsmayılov guya məınim ürəyimə yol tapmaqçün bunu deyir. Amma onların bu günkü gündə heç bir faydasl yoxdur. İki daşın arasında Rəna Nəsibovanın qətlini yada saldı. (R.Nəsibova Hacı Məmmədovun işi üzrə şahidlərdən biri olub və respublika prokurorluğuna məlumat verdikdən sonra qətlə yetirilib. Bununla mənimi qorxutmaq istəyirdi?
- Aslan İsmayılovla əməkdaşlığı dayandırmanızın səbəbi nə olub?
- Mən gördüm ki, iki ildən çoxdur işdə bir irəliləyiş yoxdur. Amma yenə də onunla işə davam edirdim. Bir gün o, facebookda mənə yazdı ki, Mətanət xanım, ailəmlə, uşağımla, ailəmlə, qətlimlə təhdid edirlər. Mən bu işdən çəkilmək istəyirəm, müqaviləmizi pozaq. Mən də getdim ofisinə. Aramızda mübahisə də oldu, dalaşdıq, müqavilə pozuldu. Mən də ona dedim ki, əgər bu qədər qorxurdunsa, niyə bu işi götürürdün?
- Müqavilənin pozulması ilə bağlı səbəb kimi nə göstərilmişdi?
- Düzü, onu xatırlamıram. Çünki o vəziyyətdə hər şey mənasız idi. Dəqiq xatırlamıram.
Vüsalın qətlə yetirildiyi ilk günlərdə onun sizin və həyat yoldaşınız tərəfindən övladlığa götürüldüyü ilə bağlı məlumat var idi...
Yalan məlumatdır. Vüsal mənim ilk həyat yoldaşımdan olub. Biz Vüsalın hələ yaşyarımında ayrılmışıq. Adolfla tanış olanda isə Vüsalın 8-9 yaşı var idi. Adolf mənə evlilik təklif edındə dedim ki, mənim fikrim evlilik deyil. Mən onda tək qadın idim və övladımın gələcəyi üçün 3 yerdə işləyirdim. Övladımı saxlamaq üçün hətta əsas işim olan tibb bacılığından fərqli işlərdə də çalışırdım.
Mən Vüsalı yaxşı böyüdüb oxudum, həyatm gözəl olsun, onun-bunun əlinə düşməyim deyə, yaş fərqimizə baxmayaraq, Adolfla evləndim. O vaxtlar S.O.S. klinikasında tibb bacısı işləyirdim. Adolf müalicə üçün oraya bir həkimin yanına gəlirdi. Mən də ona tibb bacısı kimi xidmət göstərirdim. Sonradan mənim dalımca gedib-gələndə ona dedim ki, mən özümçün kişi yox, uşağıma ata istəyirəm. Övladımı öz adına keçirən, ona qol-qanad olub, öz övladı kimi atalıq edəcək həyat yoldaşı lazımdır. Adolf dedi ki, mən o uşağı öz adıma keçirəcəyəm, familiyamı verəcəyəm. Bununçün hər şey etdi – qəyyumluq şöbəsində, məhkəmədə lazım olan hər şeyi etdi. Mənim keçmiş həyart yoldaşımdan oğulluğa aldıq Vüsalı. Çünki keçmiş həyat yoldaşım Vüsala bir qəpik də kömək eləməmişdi. Hətta məhkləmə zamanı da onu tapa bilmədilər. Buna görə də məhkəmə ananın evləndiyi şəxsin uşağı övladlığa götürməsinə razılıq verilməsi ilə bağlı qətnamə çıxardı.
- Vüsalın bioloji atası onun qətlindən sonra yasa gəldimi?
- Mən bu barədə danışmaq istəmirəm. O biz ayrıldıqdan bir il sonra evlənib, bir-birimizi görməmişik. Xoşbəxt ailəsi var, artıq babadır.
- Siz Tariyel Ağayevi tanıyırdınız? Yəni heç üz-üzə gəlmişdiniz, ya telefonla danışmışdınız?
- Yox, üz-üzə gəlməmişdim. Niyazini görmüşdüm, Tariyelin bacısı oğlu idi, “Dekabank”da işləyirdi, xalası oğlu idi. Bir də Xəyalı görmüşdüm.
Aslan İsmayılovun dediyi bir şey var idi, bax, o, doğru idi. Demişdi ki, əgər onlardan kimsə Mətanət xanımın əlinə keçsə, onları öldürər. Bu düzdür, çünki onlar mənim övladımı əzabla öldürüblər. Onun bədənində çoxlu xəsarətlər olmuşdu, əlbəyaxa dava da olmuşdu, müqavimət göstərmişdi. Döş qəfəsindən vurmuşdular, güclü qanaxma olmuşdu, qanaxmanı saxlamaq mümkün olmayıb.
Aslan İsmayılov da bunu bilir, bunu mənim öz dilimdən eşidib. O anların ağrısını necə yaşadığımı görüb. Həqiqətən də, onlar əlimə keçsəydi, mən özümü saxlaya bilməzdim. Dünən Xəyalın ilk dəfə yayılan şəklinə bəlkə də 30 dəfə tüpürmüşəm. Onları didib-parçalayaram.
- Bəs Tariyellə görüşmək cəhdiniz olmayıb?
- Hadisənin üstündən 1 il keçmişdi, bacımın yoldaşından, o da vəkildir, xəbər göndərmişdi ki, guya Şilderin anası ilə danışaq. Deyiblər ki, bağışlasın bizi, nə istəyirsə, edək. Belə söhbətlər olub. Mən də birinci yeznəmə əsəbiləşdim ki, sən niyə onların sözünü mənə gətirirsən? O da dedi ki, “Mənim vəzifəmdir, vəkil kimi bunu sənə çatdırmalıyam”.
Qardaşımın yanına da gediblər. Qardaşım Mahir Ələkbərov qazidir. Qardaşıma demişdilər ki, nə istəyirsiniz eləyək, söhbəti bağlayaq. Qardaşım da müharibədə “kantuziya” alıb, onlara əsəbiləşərək söyüb qovmuşdu. Onlar da silah çıxarıb qardaşımın başına tutublar. Bu görüşü təşkil edən hörmətli bir adam olub, deyib ki, ayıbdır, bu nə hərəkətdir? Mən bu görüşü təşkil etmişəm, siz nə edirsiniz? Sonra onları aralayıblar. Qardaşım da deyib ki, utanmırsınız, bacımın övladını öldürmüsünüz, indi bizə pul təklif edirsiniz?!
- Sizi heç üzləşdirməyə aparıblar?
- Ən qəribəsi də budur, bu vaxta qədər mən neçə məhkəmədə olmuşam. Ondan sonra Seymur tutuldu, sonra Elman tutuldu, o biriləri tutuldu, narkotik atanlar və sair. Amma bu qədər işin içində bircə dəfə də olsun nə Lalə, nə Tariyel məhkəməyə gətirilmədi. Mən istintaq materialları ilə tanış olanda Lalə və Tariyelin ifadələrini oxumuşdum. Lalə demişdi ki, mən ərə gedəndən sonra Vüsalla danışmamışam, Tariyel də ifadəsində də Vüsalı tanımadığı yazılmışdı.
Xəyalın arvadı o vaxtlar bir-iki dəfə mənə zəng eləmişdi. “Ərimin günahı yoxdu” deyirdi. Xəyal özü bir dəfə facebook messengerlə Dubaydan mənə zəng eləmişdi ki, mənim günahım yoxdu, Tariyel elətdirib. Dedim, günahın yoxdursa, niyə gizlənirsən, çıx, de ki, bu cinayətdən xəbərim yoxdur, Tariyel məni məcbur edib.
- Vüsalın qətlindən sonra Lalənin sizinlə əlaqəsi oldumu?
Oğlumun qəbri üstünə də getmədi, Əgər o həqiqətən Vüsalı sevirdisə, onun uğrunda ölmüşdü mənim oğlum. Gərək Vüsal qəbrə qoyulmamışdan özünü çatdıraydı. Mən hüzrdə Laləni yığdım, ağlaya-ağlaya dedim ki, gəl, sevgini göstər. Mənim sənin sevgini göstərmənə ehtiyacım var. Gəl, səndən Vüsalın ətrini alaram. O vaxtlar elə bilirdim ki, Vüsala sevgisinə görə, ailəsi onun başına oyun açır. Amma o nə yasa, nə qəbir üstünə gəldi, nə də mənə mesaj yazdı. Sənin uğrunda öldürülən oğlandan sonra necə yaşayırsan?! Ondan sonra ərindən də boşandı, Ramil adlı bir rəqqasla münasibətindən qızı oldu.
Əminəm ki, haqq öz yerini tapacaq, onlar bu dəfə layiqli cəzalarını alacaqlar. Düzdür, oğlum geri qayıtmayacaq. Amma ən azından içimdəki yanğıya bir az su səpilər.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










