Banner

Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər

Yazarlar 29 Dekabr 2025 23:06 Oxunub 124
Bakıda tıxacı azalda bilən təklif  - Bu effektiv ola bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının mərkəzi küçələrində yol zolaqlarının üzərində təşkil olunan parkinq məntəqələri bir çox hallarda sürücülər üçün çaşdırıcı olur və yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Xüsusilə hərəkətin intensiv olduğu ərazilərdə parklanma sahələrinin düzgün planlaşdırılmaması nəqliyyat axınının pozulmasına, qəfil manevrlərə və görünüş bucağının məhdudlaşmasına gətirib çıxarır.

Bu kimi problemlərin qarşısını almaq üçün hansı addımlar atmaq lazımdır?

Avtosfer.az-ın məlumatına görə, "Redaktor.az"a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu problem son zamanlar getdikcə daha da kəskinləşir:

"Səbəblərdən biri də parklanma yerlərində avtomobillərin daha sıx yerləşdirilməsi, yəni daha çox gəlir əldə etmək məqsədilə bəzən düşünülməmiş qərarların verilməsidir. Məsələn, bulvar ətrafında və bəzi yolların kənarında avtomobillər yolun istiqamətində paralel şəkildə saxlanılır. Halbuki bu üsul yalnız bir neçə zolağı olan geniş yollarda tətbiq oluna bilər. Dar küçələrdə isə əksər hallarda avtomobillər perpendikulyar formada saxlanılır. Bu zaman sürücü parklanma yerindən arxa-arxaya çıxarkən yoldan gələn nəqliyyat vasitələrini görmür. Avtomobil yolun yarısından çoxunu tutana qədər görünüş bucağı bağlanır ki, bu da tez-tez qəzalara səbəb olur. Eyni zamanda, yol kənarında düzgün təşkil olunmayan parklanma yerləri şəhərdəki tıxacların əsas səbəblərindən birinə çevrilib. Parklanma sahələri bəzən plansız şəkildə, “necə gəldi” yaradılır və avtomobillər də həmin yerlərdə saxlanılır".

Ekspertin fikrincə, şəhərin sıx və dar ərazilərində bu cür halların qarşısını almaq üçün yerüstü, dəmir konstruksiyalı çoxmərtəbəli parkinqlər effektiv həll yolu ola bilər.

"Belə parkinqləri tez-tez görürük. Şəhərin bir neçə nöqtəsində, o cümlədən "Nizami" metrosunun yaxınlığındakı ara küçələrdən birində mövcuddur. Bu tip dayanacaqlar qısa müddətdə və nisbətən ucuz başa gəlir. Metal konstruksiyadan ibarət olur, bolt-qayka sistemi ilə quraşdırılır və bir neçə mərtəbədən ibarət olur. Bu parkinqlərin bəzilərində avtomobillər lift vasitəsilə qaldırılıb-endirilir, digərlərində isə sürücülər döngəli aşırımlarla mərtəbələrə qalxaraq avtomobillərini saxlayırlar. Tikili parkinqlərlə müqayisədə belə hazır konstruksiyalı parkinqlər həm daha az vaxt, həm də daha az maliyyə tələb edir. Əgər şəhərdə, demək olar ki, hər bir neçə küçədən bir bu cür parkinqlər inşa olunsa, həm yol sıxlığının qarşısı qismən alınar, həm də perpendikulyar parklanma zamanı baş verən qəza riskləri azalardı. Hazırda bu vəziyyət həm vaxt itkisinə, həm də sürücülərin əlavə xərcə düşməsinə səbəb olur. Qəza nəticəsində insanlar heç bir səbəb olmadan maddi zərərə məruz qalırlar. Halbuki problemin qarşısını almaq mümkündür. Təəssüf ki, aidiyyəti qurumlar bu məsələyə göz yumur və görünən odur ki, mövcud vəziyyət onlara daha sərfəlidir. Sosial şəbəkələrdə, saytlarda, televiziya kanallarında bu mövzu demək olar ki, hər gün gündəmə gətirilsə də, real addımlar atılmır. Təəssüf ki, vəziyyət yaxşılığa doğru dəyişmir", - deyə müsahibimiz bildirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh