Mübariz Mənsimovun “sualtı qırıcı təyyarə”si – VİDEO
ABŞ-ın “DeepFlight” şirkəti bu gün elan edib ki, azərbaycanlı oliqarx və gəmiçilik maqnatı Mübariz Mənsimovun “Palmarina Bodrum” şirkətinin sifarişi əsasında “DeepFlight Super Falcon” yüksək sürətli özəl sualtı qayığını sifarişçiyə çatdırıb.
Avtosfer.az şirkətdən yayılan rəsmi açıqlamaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan “DeepFlight” şirkəti həmin sualtı qayığı xüsusi sifariş əsasında istehsal edib.
Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə “sualtı qırıcı təyyarə” adı alıb.
Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.
“DeepFlight” şirkətinin qurucusu Qrem Houks bəyan edib: “Biz çox şadıq ki, “Palmarina Bodrum” “DeepFlight Super Falcon” sualtı qayığına malik olan ilk gəmiçilik şirkətidir. Yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malik olan “DeepFlight Super Falcon” sualtı qayığı Türkiyənin Bodrum sahillərinin gözəl suları altında müşahidə aparmaq üçün unikal imkanlar açır”.
“Palmarina Bodrum” şirkətinin baş direktoru Cenk Bircan isə “DeepFlight Super Falcon” sualtı qayığını qəbul etməkdən çox məmnun olduqlarını, şirkətin “Xazar Yıldızı” sualtı qayığı ilə birlikdə müştərilərə yüksək keyfiyyətli xidmət göstərəcəklərini bildirib.
“Palmarina Bodrum” artıq regionu dünyanın məşhur yelkənli qayıq mərkəzinə çevirib və gözləyirik ki, tezliklə sualtı qayıqlar üçün də misilsiz baza olacaq” - deyə Bircan bildirib
Bodrum sahillərindəki dəniz limanı 2011-ci ildə Mübariz Mənsimovun “Palmali Group” şirkəti tərəfindən alınıb və orada meqa-qiqa yaxtalar üçün liman yaradılıb. “Palmarina Bodrum” eyni vaxtda 620 gəmi qəbul edə bilir və uzunluğu 40 metrdən çox olan 70-dən çox meqa-yaxtaların orada lövbər salması üçün imkan var.
Ərəb şeyxlərinin, dünyanın məşhur milyarderlərinin, o cümlədən azərbaycanlı zənginlərin meqa-yaxtaları tez-tez Mənsimovun limanında yer alır. Limanda yeddiulduzlu istirahət və əyləncə kompleksi də yaradılıb.
“DeepFlight Super Falcon” sualtı qayıqlarını indiyədək milyarderlər alırdı. Onların arasında britaniyalı milyarder Riçard Brenson, “Red Bull”un təsisçisi Ditrix Mateşits, vençur kapitalisti Tom Perkins və digərləri var.
Qayığın qiyməti 1,7 milyon dollardan bir neçə milyon dollara qədər dəyişə bilər.