Məsələyə münasibət bildirən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, bu təklif son 10 il ərzində müxtəlif insanlar tərəfindən dəfələrlə səsləndirilib: “İlk dəfədir ki, DİM-in sədri bu məsələyə münasibət bildirərək “Biz bunu edə bilərik” deyir. Amma açıqlama dünən sosial şəbəkələrdə də müzakirə olundu və praktiki cəhətdən mümkünsüz olduğu üzə çıxdı. İnsanların sözlərinə görə, tələbə qəbulu ilə bağlı kifayət qədər qüsurlar var. Yaxşı olar ki, Məleykə Abbaszadə onlarla məşğul olsun.
Sürücülük məsələsi isə yol hərəkəti təhlükəsizliyinin əsas predmentindən biridir və yol polisi də bunun öhdəsindən uğurla gəlir. Düzdür, razılaşmaq lazımdır ki, sürücülük imtahanı ilə bağlı müəyyən təkminləşdirmə işlərinə ehtiyac var.
Bu həm də Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da öz əksini tapıb. İmtahanı daha şəffaf şəkildə keçirmək üçün, nəticələr sürücüyə deyilsə, ona səhvləri bildirilsə, işlək olmayan suallar praktiki suallarla əvəzlənsə, daha yaxşı olar.
Ümumiyyətlə, nəzəri imtahanı bir qurum, praktiki imtahanı isə digər qurumun tədbiq etməsi gülüncdür. Hətta Məleykə xanımın özü də texniki avadanlıqlarının və meydançalarının olmadığını etiraf edib. Bu səbəblə DİM-in öz problemlərini yoluna qoyduqdan sonra təşəbbüs irəli sürməsi daha yaxşı olar. Çünki hərbi xidmətdə olan ali təhsillilərin yetəri qədər problemi var. Onların bəziləri hətta diplomu vaxtında təqdim edə bilmədikləri üçün əlavə 6 ay xidmət etmək məcburiyyətində qalır. Yaxşı olar ki, DİM imtahanı hazırladıqdan sonra da Elm və Təhsil Nazirliyi ilə birlikdə işlər görsün və insanların problemlərini həll etsin".














