Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI

Bakıda yol-nəqliyyat infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən tunel və digər iri layihələrin tikintisi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyət daşıyır. Lakin bəzi layihələrdə işlərin gecikməsi və ya tikintinin dayanması sürücülər üçün əlavə çətinliklər yaradır, nəqliyyatın hərəkətinə və tıxacların vəziyyətinə təsir göstərir.
Avtosfer.az xəbər verir ki, yarımçıq qalan yol infrastrukturu layihələrinin hansı səbəblərdən gecikdiyi, bunun şəhər nəqliyyatına təsiri və tikinti işlərinin vaxtında başa çatdırılması məsələləri müzakirə mövzusudur. Bəs Bakıda tunel və digər yol layihələrinin gecikməsinin əsas səbəbləri nələrdir və bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda tunel və digər iri yol infrastrukturu layihələrinin tikintisinin gecikməsinin bir sıra səbəbləri ola bilər:

''Belə layihələr böyük maliyyə vəsaiti, ciddi texniki hazırlıq və uzunmüddətli planlaşdırma tələb edir. İlk növbədə, layihələrin ilkin mərhələsində aparılan araşdırmaların keyfiyyəti mühüm əhəmiyyət daşıyır. Ərazinin geoloji quruluşu, yeraltı kommunikasiyaların yerləşməsi, mövcud infrastrukturla uyğunluq və tikinti zamanı ortaya çıxa biləcək texniki çətinliklər əvvəlcədən düzgün qiymətləndirilmədikdə, sonradan əlavə problemlər yaranır. Bu isə həm tikinti müddətinin uzanmasına, həm də xərclərin artmasına səbəb ola bilər. Digər tərəfdən, maliyyələşmə məsələləri də bu prosesdə mühüm rol oynayır. İri infrastruktur layihələrinin icrası zamanı vəsaitin vaxtında ayrılması, podratçı şirkətlərin öhdəliklərini yerinə yetirməsi və işlərin mərhələli şəkildə maliyyələşdirilməsi təmin olunmalıdır. Əgər layihə real imkanlar və mövcud maliyyə resursları nəzərə alınmadan planlaşdırılırsa, onun yarımçıq qalması riski artır. Ona görə də tikintiyə başlanmazdan əvvəl layihənin bütün texniki, iqtisadi və təşkilati tərəfləri ətraflı təhlil edilməli, mümkün risklər müəyyənləşdirilməlidir''.
Deputat qeyd edib ki, paytaxtda bu cür layihələrin yarımçıq qalması və ya tikinti prosesinin uzanması isə birbaşa vətəndaşların gündəlik həyatına təsir edir:
''Tikinti aparılan ərazilərdə yolların daraldılması, hərəkət zolaqlarının məhdudlaşdırılması və alternativ marşrutların kifayət qədər təşkil edilməməsi tıxacların daha da artmasına gətirib çıxarır. Nəticədə sürücülər mənzil başına çatmaq üçün daha çox vaxt itirir, ictimai nəqliyyatın hərəkətində də çətinliklər yaranır. Xüsusilə Bakının onsuz da nəqliyyat yükü yüksək olan ərazilərində belə problemlər daha ciddi hiss olunur. Bununla yanaşı, hər hansı ərazidə tikinti işlərinin müvəqqəti dayanmasını avtomatik olaraq layihənin tamamilə dayandırılması kimi qiymətləndirmək də düzgün olmaz. Bəzi hallarda texnoloji fasilələr və işlərin mərhələli icrası zəruri olur.
Bu problemlərin aradan qaldırılması üçün layihələrin icrasına ciddi nəzarət mexanizmi mövcuddur. Sadəcə müəyyən edilmiş qrafikdən kənara çıxma baş verdikdə bunun səbəbləri barədə vətəndaşlara aydın məlumat verilməli, məsul qurumlar öz fəaliyyətləri ilə bağlı hesabatlı olmalıdırlar. Eyni zamanda, tikinti müddətində alternativ yolların təşkili, müvəqqəti yol nişanlarının quraşdırılması və hərəkətin düzgün tənzimlənməsi diqqətdə saxlanılmalıdır. Bakı şəhərinin nəqliyyat infrastrukturunun inkişafı kompleks yanaşma tələb edir. Yolların və tunellərin tikintisi ilə yanaşı, ictimai nəqliyyatın imkanlarının genişləndirilməsi də vacibdir. Əsas məqsəd yalnız yeni yollar salmaq deyil, şəhərdə nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin etmək olmalıdır''.
Fatimə
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA











