TikTok, Instagram, Facebook-la bağlı SENSASİON QƏRAR - Gecələr...

Texnologiya 16 İyun 2026 23:35
TikTok, Instagram, Facebook-la bağlı SENSASİON QƏRAR - Gecələr...
WhatsApp kanalımıza abunə olun

Hazırda dünyanın bir çox ölkəsində rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə sosial şəbəkələrin uşaqlar və yeniyetmələr üzərində təsiri ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə psixoloji sağlamlıq, kiberzorakılıq, internet asılılığı və təhlükəli məzmunların yayılması ilə bağlı artan narahatlıqlar hökumətləri daha sərt addımlar atmağa sövq edir.

Avtosfer.az bildirir ki, bu istiqamətdə ən radikal qərarlardan biri Böyük Britaniyada qəbul olunub. Belə ki, Baş nazir Keir Starmer hökuməti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını açıqlayıb. Yeni qaydalara əsasən, TikTok, Instagram, Facebook, X, Snapchat və YouTube kimi əsas platformalar azyaşlı istifadəçilər üçün əlçatmaz olacaq.

Bununla yanaşı, 16-17 yaşlı yeniyetmələr üçün də müəyyən məhdudiyyətlər, o cümlədən gecə saatlarında istifadənin məhdudlaşdırılması və bəzi platformalarda "rəqəmsal komendant saatı" tətbiqi nəzərdə tutulur. Bu qərarın əsas məqsədinin uşaqları zərərli məzmunlardan, internet asılılığından və onlayn təhlükələrdən qorumaq olduğu bildirilir.

Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir: Azərbaycan bu qərara hazırdır? — ARAŞDIRMA

Britaniya hökuməti bu addımı "uşaqlara uşaqlıqlarını geri qaytarmaq" siyasətinin bir hissəsi kimi təqdim edir. Lakin qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir tərəf bunu uşaqların psixi sağlamlığının qorunması baxımından zəruri hesab etdiyi halda, digər tərəf şəxsi azadlıqların məhdudlaşdırılması, yaş təsdiqləmə sistemlərinin yaratdığı məxfilik problemləri və qadağaların effektivliyi ilə bağlı ciddi suallar qaldırır.

Tənqidçilər hesab edirlər ki, qadağalar problemi tam həll etmir və uşaqlar müxtəlif texniki vasitələrlə bu məhdudiyyətləri keçə bilərlər. Digər tərəfdən, yaşın təsdiqlənməsi üçün əlavə məlumatların toplanması şəxsi məlumatların qorunması ilə bağlı suallar yaradır. Bəzi ekspertlər isə hesab edir ki, qadağalar tətbiq etmək əvəzinə, uşaqların rəqəmsal savadlılığını artırmaq, valideyn nəzarətini gücləndirmək və təhlükəsiz internet mühiti yaratmaq daha effektiv yol ola bilər.

Hər halda, Böyük Britaniyanın bu addımı bütün dünyada diqqətlə izlənilir. Əgər tətbiq edilən məhdudiyyətlər müsbət nəticə verərsə, digər ölkələrdə də oxşar qaydaların qəbulu istisna edilmir./Musavat.com

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh