Banner

Avropa Qran Prisinə 50 gün qalır

Yarışma 28 Aprel 2016 16:12 Oxunub 1980
Avropa Qran Prisinə 50 gün qalır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gücü 1000 at qüvvəsinə çatan bolidlərin ecazkar səslərini eşidəcəyik

 

 
Dünya idman tarixinə adımızı yazmağa cəmi 50 gün qalır – iyunun 17-də gözəl Bakımızın küçələrində Formula1 üzrə 67-ci dünya çempionatının Avropa Qran Prisinin ilk sərbəst yürüşlərində gücü 1000 at qüvvəsinə çatan bolidlərin ecazkar səslərini eşidəcəyik… Cəmi 50 gün. Bəs bu 50 rəqəmi Formula1 tarixində bizə nəyi xatırladır? F-1.az olaraq aşağıdakı statistik araşdırmada F1 tarixinin bu yubiley rəqəmlə bağlı məlumatlarını toplamışıq.

Nino Farina

Nino Farina

Yəqin ki, müasir F1 azarkeşlərinin – Mixael Şumaxerin fanatlarının və rəqiblərinin mübahisələri heç zaman bitməyəcək. Birincilər onun sürücülük istedadı qarşısında baş əyməyə hazırdırlar, ikincilər isə Şumini trasdakı mübarizə stilinə görə sərt tənqid edirlər. Şumi trasda “yoldan çəkilin – mən gəlirəm” prinsipinə üstünlük verirdi.

Əlbəttə, Mixael trasda bu cür prinsiplə yarışan ilk sürücü deyildi və sonuncu da olmayacaq. Şumi özü dəfələrlə qeyd edirdi ki, bu sürmə stilini Ayrton Sennadan götürüb, amma Formula1 tarixində daha dramatik nümunələr var. F1-də bütün zamanların ən sərt sürücüsü tarixin ilk çempionu Cüzeppe Nino Farina hesab olunur.

Nino Alfa Romeo komandasının heyətində məşhur “Fa” üçlüyünün üzvü idi – Farina, Fanxio və Facioli. Karyerasının ilk illərindən hamı onun çox istedadlı sürücü olacağını söyləyirdi. Çox sürətli olan sürücü o dövrün yarış maşınlarında oturuş stili ilə rəqiblərindən fərqlənirdi: Farina belini kokpitin arxa divarına dirəyərək dirsəkdə tam açılmış əlləri ilə sükanı tutmağı xoşlayırdı. Kənardan bu stil o qədər gözəl görünürdü ki, gənc sürücülər bu stili nüsxələməyə, özlərini məhz bu cür oturmaqla çempiona bənzətməyə çalışırdılar. Stirlinq Moss isə sonralar demişdi ki, “biz gənclər hesab edirdik ki, onun sürətli olmasına səbəb məhz belə oturmasıdır…”

Yeri gəlmişkən, Farinanın istedadına ən sərt qiyməti də Moss verib: “Trasda Nino əsl əclafa dönürdü. Bir Allah bilirdi ki, Nino sükan arxasında nə düşünürdü. Əgər bugünkü yarışlara qatılsaydı, hər şeyin bu qədər təhlükəsiz olduğunu görsəydi, yəqin ki, daha qəddar sürücü olardı…”

Rəqiblərinə qarşı amansız rəftarı ilə Farina hələ müharibədən əvvəlki yarışlarda ad çıxarmışdı. 1936-cı ildə Dovil Qran Prisində (Fransa) Nino döngələrin birində yerli sürücü Marsel Leunu kəskin manevr ilə trasdan çıxarmışdı – Marsel yerindəcə həlak olmuşdu, axı o zamanlar nə qoruyucu paltar var idi, nə etibarlı dəbilqə, nə də geniş təhlükəsizlik zolaqları…

Təəssüf ki, bu “şöhrəti” Nino müharibədən sonra da dəyişmədi. “Sükan arxasında çox ağılsız hərəkətlər edirdi, – Xuan Manuel Fanxio xatırlayır, – Tam ağılsız! Özü də təkcə yarış trasında deyil, elə adi yollarda da eyni qaydada sürürdü. Biz harasa gedəndə, mən biləndə ki, sükan arxasında Nino olacaq, həmin maşına oturmurdum”.

Bəlkə də elə bu cür sürmə stili sonda Farinanın həyatına da son qoydu. Əllinci illərin ortalarında karyerasını başa vurduqdan sonra Nino jurnalist kimi çalışırdı və Şamoni yaxınlığında Fransa Qran Prisinə yollanarkən keçirdiyi qəzada dünyasını dəyişdi. Yarışdan sonra yaxınlıqdakı Reyms şəhərində məşhur Grand Prix filminin çəkilişlərinə qatılmalı idi…

Bu gün istənilən adam Formula1-dən danışanda, çempionatın ilk çempionunu, 50-ci ilin çempionunu Nino Farinanı yad edir.

 

Tarix:

18.01.1950 – Əfsanəvi Jil Vilnöv dünyaya gəlib

29.01.1950 – Codi Şekter (1979-cu ilin dünya çempionu) dünyaya gəlib

13.05.1950 – Silverstounda Formula1 üzrə dünya çempionatı start alıb

03.09.1950 – Nino Farina ilk dünya çempionu titulunu rəsmiləşdirib

 

Sürücülər:

50 Qran Pri – Roy Salvadori və Mayk Heylvud

50 start – İnnes Ayrlend və Luka Badoyer

50 podium – Censon Batton

50 dövrə – Les Leston, Fransua Maze, Deyv Morqan

50 liderlik dövrəsi – Karluş Pase

 

Komandalar:

50 qələbə – Red Bull

50 podium – Ligier

50 liderlik dövrəsi – Lesovsky və Shadow

50 km yarış məsafəsi – Tec-Mec

50 xal – Porsche

 

Motorlar:

50 xal – Porsche

 

Ölkələr:

50 ardıcıl podium – Böyük Britaniya

 

Çempionatlar:

50 sürücü – 1971-ci il çempionatında

50 xalla dünya çempionu –  1981-ci il çempionatında Nelson Pike

ŞƏRH YAZ
Ad

E-mail

Şərh