Çin özündə işləməyən "TikTok"un başqa ölkələrdə çalışmasında niyə maraqlıdır? - AÇIQLAMA

Gündəm 18 Mart 2024 23:25 Oxunub 336
Çin özündə işləməyən "TikTok"un başqa ölkələrdə çalışmasında niyə maraqlıdır? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vaşinqtonun Pekinlə münasibətlərində əlavə gərginlik yaranıb.

Avtosfer.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, buna səbəb ABŞ Nümayəndələr Palatasının ölkə ərazisində “TikTok” sosial şəbəkəsinin qadağan edilməsini nəzərdə tutan qanunun qəbuluna səs verməsidir.

E.Şahinoğlunun sözlərinə görə, ABŞ siyasi sistemində adətən partiyalar və Konqres arasında dərin fikir ayrılıqları olsa da, bu dəfə mövqelər eynidir:

“Vaşinqtondakı siyasi mərkəzlər düşünür ki, Çin şirkətinə məxsus sosial şəbəkə Amerikaya təhlükəsizlik problemi yaradır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də eyni mövqedədir. Bu təşkilat hesab edir ki, Çin “TikTok” vasitəsilə Amerika cəmiyyətini bölməyə çalışır. Kəşfiyyat İdarəsinin analitiklərinin fikrincə, Pekin platforma vasitəsilə Amerika vətəndaşları barədə məlumatlar toplayır və onlardan öz məqsədləri üçün istifadə edir.ABŞ Prezidenti Co Bayden də “TikTok”u qadağan etmək mövqeyini dəstəkləyir. Nümayəndələr Palatasının spikeri Mayk Conson kommunist Çini Amerikanın ən böyük geosiyasi düşməni adlandırıb. O, bu fikirdədir ki, Pekin “TikTok” texnologiyasından Amerikanın iqtisadiyyatını və təhlükəsizliyini sarsıtmaq üçün istifadə edir”.

Politoloq qeyd edib ki, “TikTok”un məxsus olduğu Çinin “ByteDance” şirkəti qanun layihəsinə qarşı mübarizəyə başlayıb:

“Şirkət anlayır ki, qanun layihəsi qəbul olunub imzalanarsa, bu, istifadəçi sayı 170 milyon olan böyük bazarın itirilməsi olacaq. Pekin öz şirkətinə dəstək verərək, ABŞ-nin rəqabət prinsiplərini pozduğunu iddia edib”.

E.Şahinoğlu bildirib ki, Vaşinqton vəziyyətdən çıxış yolunu “TikTok” platformasının Çinə məxsus olmayan şirkətə təhvil verilməsində görür:

“Ancaq bu alınmasa, platforma qadağan olunacaq. “The New York Times” qəzetində yayımlanan məqalədə platformanın sahibinin dəyişdirilməsinin problemi həll etməyəcəyi bildirilib. Çünki platformanın alqoritmi dəyişməyəcək. Alqoritmin kodları Pekində hazırlanıb. Bu şəkildə platformanın satılması mühərriki olmayan maşının satılmasına bənzəyir.

Maraqlıdır ki, “TikTok”u yaradan şirkət bu platformanı Çinin xaricində yayıb. Bu platforma Çində çalışmır. Belə çıxır ki, Pekin Çində icazə vermədiyi platformanı başqa ölkələrdə yaymağa çalışır. ABŞ-nin ardınca digər dövlətlər də “TikTok” platforması qadağan edə bilərlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh