Banner

Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA

Gündəm 20 Noyabr 2026 12:00
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Xırdalan dairəsi paytaxtla Abşeronun yaşayış məntəqələri arasında hərəkət edən sürücülərin ən çox qarşılaşdığı nəqliyyat problemlərindən biridir. Xüsusilə səhər və axşam saatlarında burada yaranan sıxlıq bəzən magistral yollara qədər uzanır. Bəs bu dairəni tıxac baxımından problemli edən nədir?

Avtosfer.az xəbər verir ki, ərazinin yol infrastrukturu və nəqliyyat axınının təşkili ilə bağlı məlumatlar Xırdalan dairəsindəki sıxlığın bir neçə amillə əlaqəli olduğunu göstərir.

Dairənin yerləşdiyi ərazi Bakı-Sumqayıt, Bakı-Quba-Rusiya və Bakı-Şamaxı istiqamətlərində hərəkət edən nəqliyyat axınlarının kəsişdiyi mühüm nəqliyyat qovşağıdır. Bununla yanaşı, Xırdalan şəhərinin daxili yollarından gələn avtomobillər də bu ərazidən istifadə edir.

Beləliklə, müxtəlif istiqamətlərdən gələn nəqliyyat vasitələri məhdud yol sahəsində birləşir. Bu isə xüsusilə intensiv hərəkət saatlarında dairənin buraxılış qabiliyyətinə ciddi yük yaradır.

Məsələnin digər mühüm tərəfi isə dairənin həndəsi quruluşu və buraxılış qabiliyyətidir. Təqdim olunan sxemdə dairəyə 10 istiqamətin birləşdiyi, dörd giriş və altı çıxışın olduğu, bəzi girişlərdə zolaqların sayının beşə çatdığı göstərilir. Halqanın radiusunun isə təxminən 34 metr olduğu iddia edilir. Bu göstəricilər təsdiqləndiyi halda, geniş magistral axınlarının nisbətən kiçik dairəyə daxil olması hərəkətin təşkilində əlavə çətinliklər yarada bilər.

Dairənin sıxlığını artıran amillərdən biri də ictimai nəqliyyatdır. Ərazidən keçən avtobus marşrutları, dayanacaqlara giriş-çıxışlar və avtobusların digər avtomobillərlə eyni yol sahəsindən istifadə etməsi hərəkətin intensivliyinə təsir göstərir. AYNA-nın 2025-ci ilin oktyabrında açıqladığı məlumata görə, Xırdalan və Masazırdan Bakıya gündəlik təxminən 170 min sərnişin daxil olur. Bu göstərici ərazinin nəqliyyat yükünün miqyasını aydın göstərir.

AYNA-nın 2026-cı ilin martında açıqladığı məlumata əsasən, Xırdalan şəhərində 300 mindən çox insan yaşayır. Şəhərin Bakı-Sumqayıt magistralına bir neçə giriş-çıxışı olsa da, mövcud imkanlar nəqliyyat tələbatını tam qarşılamağa kifayət etmir. Ərazidən keçən dəmir yolu xətti və Ceyranbatan su anbarı isə yeni yolların salınmasını məhdudlaşdıran amillər sırasındadır.

Məhz bu səbəbdən Xırdalanın nəqliyyat probleminin həlli üçün daha geniş infrastruktur dəyişiklikləri nəzərdə tutulub. 2025–2030-cu illər üzrə Dövlət Proqramında Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi, M1 magistralından M4 yoluna – Şamaxı istiqamətinə tunel vasitəsilə çıxışın təşkili və digər alternativ bağlantıların yaradılması planlaşdırılıb.

AYNA-nın məlumatına görə, layihələrin 2027–2030-cu illərdə yekunlaşdırılması gözlənilir.

Beləliklə, Xırdalan dairəsindəki sıxlığı yalnız avtomobillərin çoxluğu ilə izah etmək düzgün olmaz. Əhali artımı, alternativ yolların məhdudluğu, magistral axınlarının bir nöqtədə birləşməsi və yol qovşağının buraxılış imkanları birlikdə qiymətləndirilməlidir.

Eltac Zülfüqaroğlu

Oxunub : 232
ŞƏRH YAZ
Ad

E-mail

Şərh