Reklam

Daxili Qoşunlar da Avropa Oyunlarnın təhlükəsizlik tədbirlərinə cəlb olunur

Gündəm 16 Aprel 2015 23:19 Oxunub 2088
Daxili Qoşunlar da Avropa Oyunlarnın təhlükəsizlik tədbirlərinə cəlb olunur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarış və qeyri-yarış obyektlərinin mühafizəsi məqsədilə Dislokasiya Planı hazırlanaraq təsdiqlənib

Aprelin 16-da Daxili İşlər Nazirliyində «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi»nin və « I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və  qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Avtosfer.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. Nazir vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkilinin mühüm əhəmiyyətə malik olduğunu,  son aylar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi və vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və  ölkəmizin bir sıra rayonlarında səyyar xidmətlərin keçirildiyini, belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin göstərilən sahədə hələ xeyli görüləsi işlərin olduğunu diqqətə çatdırıb.

Mövcud kriminogen duruma toxunan nazir əvvəlki illərdə olduğu kimi cari ilin birinci rübündə də cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirib.

Gündəlikdəki birinci məsələ ilə bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev məruzə ilə çıxış edib. 

Qeyd olunub ki, Baş İdarənin nəzarəti altında keçirilmiş tədbirlərlə səyyar qruplar tərəfindən etibarlılıq müddəti bitmiş 200 minədək şəxsiyyət vəsiqəsi dəyişidirlib, xarici ölkələrdə yaşayan vətəndaşların siyahıları dəqiqləşdirilib. Respublikanın ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin sürətləndirilməsi üçün ötən il orta məktəblərdə məqsədli tədbirlər təşkil olunub, ölkə üzrə 197.723 şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib. 

I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər barədə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Baş İnformasiya-Kommunikasiya İdarəsinin rəisi, polis general-mayoru Dilqəm Aslanov məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, təhlükəsizlik məsələlərinin həlli ilə bağlı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən yaradılmış işçi qrupun tərkibində Nazirliyin əməkdaşları da iştirak edirlər.

Oyunlar zamanı ictimai qaydanın, ictimai təhlükəsizliyin etibarlı təmini, yarış və qeyri-yarış obyektlərinin mühafizəsi məqsədilə Dislokasiya Planı hazırlanaraq təsdiqlənib. Nazirliyin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi, vəziyyətin dəyişməsinə operativ reaksiya verilməsi, hüquq qaydasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq əmrlə Əməliyyat Qərargahı və əlavə köməkçi qərargahlar yaradılıb.

Bununla yanaşı, martın 10-da I Avropa Oyunları zamanı ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması, ərazinin mühafizəsi və nəzarət-buraxılış tədbirlərinə cəlb ediləcək qüvvə və vasitələrin ümumi sayını və funksiyalarını müəyyən edən plan-hesab hazırlanaraq köməkçi qərargahlara təqdim olunub. O da qeyd olunub ki, martın 27-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı Olimpiya Stadionunda, Milli Gimnastika Arenasında, Atletlər və Media kəndlərində, Bakı İdman Zalında, Avropa Oyunları Parkında, BMX Veloparkında, Bakı Atıcılıq Mərkəzində xidmətin təşkilinin vəziyyəti yoxlanılıb.

İctimai asayişin qorunmasında iştirak edəcək bayır xidməti əməkdaşlarının peşə hazırlığının və vətəndaşlarla ünsiyyət səviyyəsinin yüksəldilməsi məsələlərinə də böyük önəm verilərək lazımi tədbirlər davam etdirilib. Belə ki, daxili işlər orqanlarında xidmətə qəbul zamanı xarici dil bilən namizədlərə üstünlük verilib, habelə «Polis əməkdaşının davranış qaydaları» adlı metodik vəsait hazırlanaraq öyrənilməsi üçün bütün orqan və hissələrə göndərilib, Çevik Polis Alayının və paytaxtın orqan və hissələrinin bayır xidmətinin ümumilikdə 1000 əməkdaşı üçün ingilis dili kursları təşkil edilib. Diqqətə çatdırılıb ki, Əməliyyat Komitəsi tərəfindən mütəmadi olaraq işçi qrupun iclasları keçirilir, yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Məruzəətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə görülmüş işlər barədə ətraflı danışılıb və qarşıda duran vəzifələr qeyd olunub.

İclasa yekun vuran nazir ucqar kənd və qəsəbələrdə səyyar qrupların fəaliyyətinin daha da gücləndirilməsinin, əhalinin bütün təbəqələrinin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasının, eyni zamanda, bu sahədə süründürməçilik hallarının qarşısının tam alınmasının, bu işlərə ərazi polis orqanları rəislərinin, müvafiq xidmət rəhbərlərinin, habelə kurator rəis müavinlərinin nəzarəti artırmalarının vacibliyini bir daha qeyd edib. Həmçinin, şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış sənədlərin dərhal sahiblərinə təqdim edilməsinin zəruriliyi nəzərə çatdırılıb.

Ramil Usubov I Avropa Oyunlarına hazırlıqla bağlı daxili işlər orqanlarının da üzərinə məsul vəzifələrin düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin Aktlarından irəli gələn məsələlərin, Təşkilat Komitəsinin müəyyənləşdirdiyi aidiyyəti vəzifələrin, Nazirliyin Tədbirlər Planlarının, əmr və göstərişlərinin layiqincə icrasının hər bir əməkdaşın şərəf işi olduğunu, bu zaman bir tərəfdən ən yüksək səviyyədə xidmət aparılmasının, digər tərəfdən, həmin Oyunlarda Azərbaycan Polisinin işgüzar nüfuzunun və imicinin daha da qaldırılması üçün şəxsi heyət tərəfindən lazımi səylərin göstərilməsinin əhəmiyyətini qeyd edib.

Daxili işlər naziri adıçəkilən tədbirin ölkəmizin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinin, baş verə biləcək istənilən fövqəladə vəziyyətə hazırlıq məqsədilə vaxtaşırı təlim-məşqlərin təşkilinin, əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılmasının, Nazirliyin müvafiq strukturlarının aidiyyəti dövlət orqanları ilə davamlı informasiya mübadiləsi aparmasının, şəxsi heyətin mənəvi, psixoloji və peşəkar hazırlığının daha da yüksəldilməsinin vacibliyindən danışıb.

Çıxışının sonunda nazir, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti qarşıdan gələn I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün üzərinə düşən bütün məsul vəzifələri əzmlə yerinə yetirəcək.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh