Banner

Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY

Gündəm 9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
WhatsApp kanalımıza abunə olun

Artıq 2 həftədən çox müddətdir ki, ölkə ictimaiyyətinin əsas müzakirə obyekti məhz vahid məktəbli forması ilə bağlı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı cəmiyyətdə bir sıra sualların yaranmasına, eyni zamanda qütbləşməyə gətirib çıxarıb. Bu baxımdan, düşünürəm ki, yaranmış vəziyyət əsasında insanların “vahid məktəbli forması” anlayışına baxış bucaqlarına müəyyən mövzuda istiqamət verim.

Bir məktəbin qapısından içəri daxil olan hər bir uşaq fərqli ailə mühitindən, fərqli dünyagörüşündən və fərqli həyat təcrübəsindən gəlir. Kiminin ailəsində din gündəlik həyatın ayrılmaz hissəsidir, kiminin ailəsində isə dünyəvi dəyərlər ön plandadır. Lakin məktəbin qapısından içəri daxil olduqda onların hamısını birləşdirən ortaq bir həqiqət var: hər biri öyrənmək, inkişaf etmək və gələcəyini qurmaq hüququna malik uşaqdır.

Məktəbli forması ilə bağlı müzakirələr də məhz bu nöqtədə başlayır: fərqliliklərimizi qoruyaraq ortaq təhsil mühiti yaratmaq mümkündürmü? Vahid forma yalnız geyim məsələsidirmi, yoxsa o, sosial bərabərlik, intizam və məktəbin kimliyi ilə bağlı daha geniş bir yanaşmanın tərkib hissəsidir? Bəs dini inanclarını geyimində ifadə etmək istəyən şagirdin hüquqları ilə dünyəvi təhsil sisteminin müəyyən etdiyi qaydalar arasında tarazlıq necə qurulmalıdır?

Azərbaycanda Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı bu sualları yenidən ictimai müzakirələrin mərkəzinə gətirib. Qərarda müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin istifadəsinə yol verilmədiyi bildirilir. Bununla belə, sənəddə hicabın adı ayrıca çəkilmir. Məhz bu məqam qərarın necə başa düşülməsi, hansı hallara şamil edilməsi və məktəblərdə necə tətbiq olunması ətrafında suallar doğurur.

Bir tərəfdə dövlət məktəblərində vahid qaydaların qorunmasını, dünyəvi təhsil prinsiplərinin təmin edilməsini və bütün şagirdlər üçün ortaq mühit yaradılmasını vacib sayanlar dayanır. Digər tərəfdə isə dini etiqad azadlığının, valideynlərin tərbiyə seçimlərinin və uşaqların inancına hörmətin qorunmasını istəyənlər var. Bu mövqelərin toqquşması bəzən hüquqi mübahisədən çıxaraq insanların bir-birini ittiham etdiyi, qarşı tərəfin niyyətini sorğuladığı söz savaşına çevrilir.

Halbuki dünyəvilik “dinə qarşı olmaq” mənasına gəlmir. Əsas məsələ bir tərəfin digərinə qalib gəlməsi deyil, hüquqların, öhdəliklərin və dövlətin müəyyən etdiyi qaydaların aydın sərhədlərinin müəyyənləşdirilməsidir. Dünyəvi dövlətin mahiyyəti vətəndaşların inancına görə fərqləndirilməməsi ilə yanaşı, təhsil sisteminin qanunla müəyyən edilmiş prinsiplər əsasında fəaliyyət göstərməsidir.

Bu gün bir sıra dini etiqad azadlıqlarının, eyni zamanda valideynlərin tərbiyə seçimlərinin qorunmasını istəyən şəxslər Azərbaycan Konstitusiyasının 48-ci maddəsini, yəni vicdan azadlığı mövzusunu qabardaraq məktəblərdə vahid forma qaydalarının qorunmasını, dünyəvi təhsil prinsiplərinin təmin edilməsini istəyənlərə qarşı ittihamlar irəli sürürlər. Lakin Konstitusiyanın 48-ci maddəsi ilə yanaşı 18-ci maddəsinin lll bəndində “dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır” cümləsi bütün sualların təməlli cavabıdır. Həmin maddə bütün dini etiqadların qanun qarşısında bərabərliyini də təsbit edir. Deməli, məktəb həm dünyəvi təhsil prinsipini, həm də müxtəlif inanclara hörməti qorumalıdır. Amma müzakirələrin təməl məhsulu bu da deyil.

Bu müzakirədə ən çox diqqətdən kənarda qalan uşağın özüdür. Böyüklərin ideoloji mübahisələri arasında şagirdin dərsdən yayınmaması, alçaldılmaması, ayrı-seçkiliyə məruz qalmaması və keyfiyyətli təhsil almaq imkanını itirməməsi əsas prioritet olaraq qalmalıdır. Çünki həm məktəbli forması, həm dini simvol, həm də dünyagörüşü fərqi uşağın təhsil hüququndan daha üstün tutulmalı, uşaqlar cəmiyyətin fikir ayrılıqlarının tərəfinə çevrilməməlidir.

“Ümumi təhsil haqqında” Qanuna 7 iyul 2026-cı il tarixli dəyişikliklə əlavə edilmiş 3.1.2-1-ci maddə millilik və dünyəviliyi ümumi təhsilin prinsiplərindən biri kimi müəyyənləşdirir. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunması əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılmasını və inkişafını nəzərdə tutur.  Dünyəvilik dini etiqadı olan şəxslərə mənfi münasibət göstərilməsi demək deyil. Dövlət məktəbində hər hansı dini inanc şagirdlərə məcburi qəbul etdirilməməlidir. Dindar və dinə etiqad etməyən uşaqlar məktəb fəaliyyətində bərabər hörmət və münasibət görməlidirlər. Müəllim şəxsi inancından asılı olmayaraq bütün şagirdlərlə qərəzsiz davranmalıdır. Dünyəvilik Konvensiyanın 9-cu maddəsində ayrıca məhdudiyyət məqsədi kimi sadalanmadığından, konkret müdaxilənin icazə verilən məqsədlərlə əlaqəsi də izah olunmalıdır. Şagirdin geyiminə görə onun ailəsi və ya təhlükə yaratması barədə nəticə çıxarmaq düzgün deyil. Sinif rəhbəri dini mənsubiyyətə görə lağ etmə, təzyiq və kənarlaşdırma hallarının qarşısını almalıdır. Məktəb rəhbərliyi geyim müzakirəsinin uşaqlar arasında tərəfləşmə yaratmasına imkan verməməlidir. Neytral məktəb mühiti həm qanuni qaydaların icrasını, həm də hər bir uşağın özünü təhlükəsiz hiss etməsini tələb edir.

Bu səbəbdən müzakirənin mərkəzində yalnız “nəyə icazə verilir, nəyə qadağa qoyulur?” sualı dayanmamalıdır. Qaydaların hüquqi əsası nədir? Onların tətbiqində hansı meyarlar əsas götürüləcək?

Qaydaların isə bir sıra hüquqi əsasları var və bunların hər birindən öndə məhz Azərbaycanın ən ali qanunu olan Konstitusiya dayanır. Məhz Konstitusiyanın 18-ci maddəsi əsas götürülərək, digər hüquqi aktlar əsasında vahid məktəbli forması ilə bağlı yeni tələblər öz qanuni yerini tapmış olur.

Bəlkə də ən vacib məqam budur: eyni məktəbdə oxuyan uşaqların eyni cür düşünməsi vacib deyil; onların fərqli düşüncələrlə yanaşı yaşamağı öyrənməsi vacibdir. Bir-birimizin inancını bölüşmədən də ona hörmət edə, fərqli mövqedə dayanaraq da ortaq qaydalar ətrafında razılığa gələ bilərik. Məktəb yalnız bilik verilən məkan deyil, həm də fərqliliklərin düşmənçiliyə çevrilmədən bir arada yaşamağı öyrəndiyimiz yerdir.

Elə isə məktəbli forması ətrafında yaranan mübahisəni cəmiyyətin yeni bir qarşıdurma xəttinə çevirməkdənsə, onu daha aydın qanunların, şəffaf izahların və qarşılıqlı anlaşmanın qurulması üçün fürsətə çevirmək mümkündür.

Azərbaycan dövlətinə verilən qərar, dəyişikliklər və yeni tələblərlə bağlı dini etiqad azadlıqlarının, eyni zamanda valideynlərin tərbiyə seçimlərinin qorunmasını istəyən şəxslər bir sıra mənfi ifadələr işlədir. Lakin həmin vətəndaşların gözündən yayınan bir sıra məsələlər var:

Azərbaycan dövlətinin İslami dəyərlərə münasibətini qiymətləndirərkən təkcə ayrı-ayrı qərarlara deyil, illər ərzində həyata keçirilən tədbirlərin bütöv mənzərəsinə nəzər salmaq lazımdır. 1992-ci ildə dini etiqad azadlığı haqqında qanunun qəbul edilməsi, 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması, məscidlərin bərpası və dini qurumlara mütəmadi maliyyə vəsaitlərinin ayrılması bu sahədə sənədlərlə təsdiqlənən nümunələrdir. 2026-cı ildə Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat ayrılması və Gəncə Cümə məscidinin bərpası üçün 1,6 milyon manat vəsait nəzərdə tutulması da həmin tədbirlərin davam etdiyini göstərir. Digər bir tərəfdən sosial şəbəkələrdə uzun müddət müzakirə predmetinə çevrilən “Çevik” ləqəbli Məqsəd Bağırovun həbsini unutmaq olmaz. Söhbətə çağırılaraq döyüldüyünü bildirən, daha sonra onu döyən şəxsin saxlanılması məsələsi aktuallaşdığı bir dövrdə rəsmi açıqlama yayıldı və bildirildi ki, Məqsəd Bağırov və onu döydüyü bildirilən Kamran Bilalov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs ediliblər. Hər ikisi Cinayət Məcəlləsinin 283-cü, yəni cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində təqsirli biliniblər. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti üçün başlıca diqqətdə və daimi nəzarətdə saxlanılan məsələ dövlətin və dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının təhlükəsizliyi prioritetdir.

Səfər ƏLİZADƏ

Oxunub : 190
ŞƏRH YAZ
Ad

E-mail

Şərh